Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2631/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki işə 25 dekabr 2024-cü il tarixdə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 658,60 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mənə məxsus olan buraxılış ili 2008-ci il tarixli, “Toyota” markalı, “Prius” model, ** GK *** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi U305473, ban nömrəsi JTDKB20U587768674 olan, boz qızılı metallik rəngli daşınar əmlak (minik avtomobili)tərəfimdən xx.xx.2024-cü il tarixli “İcarə” müqaviləsi əsasında (gündəlik 25 AZN olmaqla) cavabdehin istifadəsinə verilmişdir. Təəssüflər olsun ki, o, ilk əvvəl müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra eləsə də, sonradan müvafiq öhdəliklərini yerinə yetirmədi və hətta müqavilənin 3.3-cü bəndinin (3.3-cü maddənin məzmunu: “İcarəçi” hazırkı müqavilə qüvvədə olduğu müddətdə bu vəzifə və öhdəlikləri icra etməlidir:) 3.3.19-cu yarımbəndinin şərtlərinə riayət etmədən (3.3.19-cu maddənin məzmunu: Hazırkı müqaviləni xitam etmək qərarına gələrsə 2 həftə öncədən “İcarəyə verənə” yazılı məlumat verməlidir, əks təqdirdə 14 gün müddəti üçün gündəlik icarə haqqı məbləğini dərhal cərimə qismində “İcarəyə verənə” ödəməlidir)mənə 2 həftə öncədən məlumat vermədən yalnız “whatsapp” mobil tətbiqi vasitəsilə mənə zəng edərək “şəxsi problemləri ilə bağlı sabahdan maşını artıq istifadə edə bilməyəcəyini” mənə bildirdi. 14 gün müddəti üçün gündəlik icarə haqqı məbləği isə 350 AZN (14 gün x 25 AZN = 350 AZN)eləyir. Cavabdeh tərəfindən isə mənə 2 həftə öncədən hər hansı yazılı məlumat verilməmişdir. Bu isə o deməkdir ki, o, müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuşdur. Hər dəfə verdiyi vədlərə və şəxsən yazıb imzaladığı xx.xx.2024-cü il tarixli “Borcun etirafı barədə “Ərizəyə” əsasən aşağıdakı məbləğlərin mənə ödənilməsini təmin etməli idi, amma eləmədi: 1) Avtomobilin gündəlik icarə haqqı ödənişlərindən ödənilməmiş qalan borc məbləği-139 manatı; 2) Avtomobilin qabaq sağ buferinin zədələnməsinə görə təmir xərci - 50 manatı; 3) Açarın korpusunu sındırdığına görə - 20 manatı; 4) Avtomobildə oturacaqların çıxolunu (üzlüyünü) yararsız hala saldığına görə - 50 manatı; 5 ) Yol nişanının tələblərinə riayət etmədiyin üçün EQ20960288 saylı protokol üzrə inzibati tənbeh haqqında cərimənin məbləği (40 AZN) və onun vaxtında ödənilməməsi ilə bağlı yaranmış dəbbə pulunu (9.60 AZN) ödəmədiyinə görə cəmi – 49,60 manatı (qeyd olunan cərimə xx.xx.2024-cü il tarixdə mənim tərəfimdən ödənilmişdir, əks təqdirdə maşının cərimə meydançasına yerləşdirilməsi ilə bağlı (saxlanması barədə) qərar qəbul olunacaqdır. Ödənişin edilməsini isə “SMS RADAR” vasitəsilə göndərilən mesaj təsdiq edir.); 6) “İcarə” müqaviləsinin 3.3.19-cu yarımbəndinin şərtlərinə riayət etmədən avtomobili mənə geri qaytardığı üçün cərimə olaraq 14 gün müddəti üçün gündəlik icarə haqqıməbləği olan - 350 manatı. Başqa sözlə desək, cavabdeh tərəfindən yuxarıda qeyd olunan borclar hazırkı vaxtadək mənə ödənilməmişdir. Bu insan üçün ağ yalan danışmaq, atababalarımızdan qalan “kişi sözü” vədini 2 qəpiklik bir vəd eləmək və günü-günə sata-sata vaxt udmaq adi bir haldır. Nəticədə ümumilikdə 658,60 (altı yüzəlli səkkiz manat altmış qəpiyi) manat hazırkı vaxtadək mənə cavabdeh tərəfindən ödənilməmişdir. Qeyd olunan şəxs istifadə etdiyi avtomobillə evinə çörək aparmasına baxmayaraq, maşına olduqca pis baxmış, ayda bir dəfə olsun belə avtoyumada onu yuduzdurmamış və maşını sözün əsl mənasında pis hala salmışdır. Halbuki, maşını təhvil götürməmişdən öncə cavabdehlə aramızda olan şifahi danışıqda o, maşına şəxsən öz əmlakı kimi baxacağına dair “kişi sözü” vermiş və bununla bağlı and da içmişdir. Nəticədə cavabdeh müqavilə ilə yuxarıda qeyd olunan hallarla bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və məsuliyyətsizlik etmişdir. Dəfələrlə ona borclarını ödəməli olduğunu bildirsəm də o, qəsdən bundan yayınmış və hətta sonradan zənglərimi belə cavablandırmamışdır. Cavabdeh elə zənn etmişdir ki, bu məsələ elə belə də qalacaq və o, başqasının haqqına girməklə məsuliyyətdən yaxa qurtara biləcəkdir. Lakin o, yanılmışdır. Bu cür şəxslərlə qayda-qanunla davranılması lazım ki, belə şəxslər gələcəkdə digər şəxslərə qarşı analoji qanunsuz əməllərə yol verməsinlər və özlərində heç olmazsa azca da olsa məsuliyyət və vicdan hissi hiss etsinlər. Cavabdeh mənə borclarını ödəməməsinin səbəbini ilk əvvəllər maddi imkanın olmaması ilə əlaqələndirsə də, hazırda yenidən taksidə və tikinti şirkətində işləyərək pul qazandığı halda yenə də belə özbaşınalıq edir. Qeyd olunanları xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə aramızda olan “Whatsapp” səs mesajları bir daha təsdiq edir. Həmin səs mesajlarında cavabdehin bu qeydləri: “İşə başlayım verəcəm, mən niyə gizlənim ki, Allah haqqı ödəyəcəm və s” əks olunur. Başqa sözlə desək cavabdehin həmin səs mesajları qeyd olunan borc məbləğlərinin etirafıdır. Lakin sonda cavabdeh mənimlə əlaqəni kəsmiş və zənglərimi ümumiyyətlə cavabsız qoymuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 17 mart 2024-cü il tarixli X1 (İcarəyə verən) və Cavabdeh (İcarəçi) oğlu tərəfindən imzalanmış İcarə Müqaviləsində qeyd olunmuşdur ki, İcarəyə verən Toyota Prius markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobili İcarəçiyə gündəlik icarə haqqı müqabilində icarəyə verməyi, İcarəçi isə razılaşdırılan gündəlik icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürürlər. Müqavilənin 2.1-ci bəndinə əsasən daşınar əmlak 17 mart 2025-ci il tarixinədək icarəyə verilir. Müqavilənin 3.3.19-cu bəndinə əsasən hazırkı müqaviləni xitam etmək qərarına gələrsə 2 həftə öncədən “İcarəyə verənə” yazılı məlumat verməlidir, əks təqdirdə 14 gün müddəti üçün gündəlik icarə haqqı məbləğini dərhal cərimə qismində “İcarəyə verənə” ödəməlidir. SMSRadar.az mobil proqramından çıxarışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində EQ20960288 saylı protokol əsasında 40 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. xx.xx.2024-cü il tarixdə qeyd olunan protokol ödənilmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən imzalanmış borcun etirafı barədə ərizədə qeyd olunmuşdur ki, Cavabdeh gündəlik ödənişlərə görə ödənilməyən 139 manat, inzibati cəriməyə görə 40 manat, qabaq sağ buferin cızığına görə 50 manat, açarın korpusuna görə 20 manat, çexolun zədələnməsinə görə 50 manat məbləğində pulu ən geci 15 iyul 2024-cü il tarixədək ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. AR Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır Qanunvericiliyin göstərilən tələblərinə və iş materiallarında olan sübutlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə daşınar əmlakın icarəsi barədə yazılı razılığa gəlmişdir. Cavabdeh bundan sonra sözügedən əmlakdan istifadə etməsinə baxmayaraq, lakin iddiaçı ilə razılaşdırılmış müddətdə və qaydada icarə haqqını (139 manat məbləğində pulu) iddiaçıya qaytarmamaqla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa cavabdeh İcarə müqaviləsinin 3.3.19-cu bəndinə əməl etməyərək icarəyə verəni 2 həftə öncədən yazılı xəbərdar etmədən müqaviləyə xitam vermək qərarına gəlmişdir. Belə olan halda müqavilə öhdəliyindən irəli gələrək onun iddiaçı qarşısında 14 gün üçün gündəlik icarə haqqı məbləğini (350 manat) ödəmək öhdəliyi yaranmışdır. İddiaçıya məxsus avtomobilə dəymiş zərərlə bağlı isə məhkəmə qeyd edir ki, cavabdeh imzaladığı borcun etirafı barədə ərizəsində həmin məbləğləri qəbul edərək, həmin zərərlərin onun təqsirindən yarandığını qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı rüsumdan azad olunduğundan və iddia tələbi təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinin xeyrinə xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 658,60 manat pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2631/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2631/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver