Məhkəmə qərarları › İş №e-2(009)-271/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-271/2023

01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-271/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin hərbi qulluqçusu X11) “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı (X8 üçüncü şəxs qismində cəlb edildiyi) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən N saylı hərbi hissənin hərbi qulluqçusu X8 ona vurduğu 26.145 ( iyirmi altı min yüz qırx beş) manat və ödənilmiş dövlət rüsumu 170 manat olmaqla, ümumilikdə 26.315 (iyirmi altı min üç yüz on beş) manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçının mülkiyyətində olan “Toyota Prado” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında oğlu X5 17 avqust 2022-ci il tarixdə Gədəbəy rayonu ərazisində idarə edərkən, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “UAZ” markalı, G 966 QQ hərbi nömrə nişanlı avtomaşını MN-nin N saylı hərbi hissənin hərbi qulluqçusu X2 vəziyyətdə idarə etməklə və yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla vurmuş və nəticədə avtomaşına xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, Şəmkir hərbi prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli qərarına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X8 təqsiri üzündən baş vermişdir. X10 xx.xx.2022-ci il tarixli Qüsur Aktına əsasən mülkiyyətində olan avtomaşına 26.145 manat məbləğində maddi ziyan dəymişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq 17 noyabr 2022-ci il tarixdə cavabdeh tərəfə rəsmi qaydada pretenziya göndərilmiş və yeddi gün ərzində vurulmuş maddi ziyanın ödənilməsi tələb olunmuşdur. Cavabdeh 21 noyabr 2022-ci il tarixdə pretenziyanı alsa da, ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Hesab edirlər ki, Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən cavabdehə qarşı iddia vermək hüquqları vardır və həmin Məcəllənin 82-ci maddəsinin tələbləri nəzərə alınmaqla bu iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil ekspert rəyinin nəzərə alınmamasını, maşına baxış keçirilmədən rəyin verilməsini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək, hadisədə Müdafiə Nazirliyinin təqsiri olmadığını, qəza törədən hərbi qulluqçunun hazırda MN müvafiq Hərbi Hissəsində işlədiyini və əmək haqqı aldığını, buna görə də iddianın ona qarşı yönəlməli olmasını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X10 xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Toyota Prado” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş ehtiyat hissələrinin qiyməti 22325 manat, xidmət haqqı 3820 manat, ümumilikdə 26145 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X11 17 avqust 2022-ci il tarixdə. Gədəbəy rayonu ərazisində idarə etdiyi ’‘UAZ” markalı avtomobillə İddiaçı məxsus və etibarnamə əsasında X1 idarə etdiyi "Toyota Prado" markalı avtomaşınla toqquşmuş və nəticədə vətəndaş İddiaçı mülkiyyətində olan avtomaşına 26.145 manat (X10 xx.xx.2022-ci il tarixli Qüsur Aktına əsasən) dəyərində maddi ziyan vurulmuşdur. Şəmkir hərbi prokurorluğunun "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 26 oktyabr 2022-ci il tarixli qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsi Azərbaycan Respublikası Müdafiə Nazirli)inin N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X8 təqsiri üzündən baş vermişdir. Odur ki, MN-nin N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X8 vətəndaş İddiaçı vurduğu 26.145 manat maddi zi)anı 07(yeddi) gün müddətində ödənilməsini təmin edilməsi xahiş edilmişdir. Əks təqdirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı həmin maddi zivanın və digər xərclərin tələb edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X8 barəsində Azərbaycan Respublikası CM-nin 351.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, X8 yol nəqliyyat hadisəsi törətməsi zamanı özünün xəsarət alması faktı üzrə cinayət hadisəsi olmadığından, cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, X8 “UAZ" markalı G 996 QQ nömrəli avtomobil ilə hərbi hissəni özbaşına tərk etməsi faktı üzrə, əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, mayor Rəşad Əliyevin hadisə zamanı vətəndaşların mobil telefon vasitələrini alması əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1 2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinənin aktından görünür ki, X11 orta dərəcəli sərxoşluq rəyi verilmişdir. İş materiallarında olan 7-ci Hərbi Polis Bölməsinin 788 saylı, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, X11 inzibati məsuliyyətə cəlb edilmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin qərargah bölüyünün təsərrüfat bölməsinin sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X11 (Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli N nömrəli hərbi hissənin avtomobil texnikalarının istismara buraxılması və sürücülərə müvəqqəti təhkim olunması haqqında əmri ilə ona təhkim olunmuş) UAZ markalı, G 996 QQ nömrəli hərbi avtomobil ilə 17 avqust 2022-ci il tarixdə Gədəbəy rayonu ərazisində sərxoş halda hərəkətdə olan zaman idarəetməni itirmiş və X1 idarə etdiyi, atası İddiaçı məxsus "Toyota Prado" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil İlə toqquşmuşdur. 26 oktyabr 2022-ci il tarixli qərar ilə X8 barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin qərarda X11 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etməni itirərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, həmin Qanunun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması müəyyən edilmişdir. Hadisə nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Hazırda iddiaçı “Toyota Prado” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə 26.145 (iyirmi altı min yüz qırx beş) manat zərər vurulduğunu iddia edərək cavabdehdən həmin məbləğin onun xeyrinə tutulmasını iddia edir. Cavabdeh tərəf isə dəymiş ziyanın əvəzinin X7 tutulmalı olmasını bildirərək iddiaya etiraz edir. Məhkəmə, iddiaya münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə görə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, X8 N nömrəli hərbi hissənin qərargah bölüyünün təsərrüfat bölməsinin sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olması və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli N nömrəli hərbi hissənin avtomobil texnikalarının istismara buraxılması və sürücülərə müvəqqəti təhkim olunması haqqında əmri ilə ona təhkim olunmuş UAZ markalı, G 996 QQ nömrəli hərbi avtomobil ilə 17 avqust 2022-ci il tarixdə Gədəbəy rayonu ərazisində sərxoş halda hərəkətdə olan zaman qanunvericiliyin tələblərini pozması nəticəsində idarəetməni itirməklə X1 idarə etdiyi, atası – İddiaçı məxsus "Toyota Prado" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq iddiaçıya zərər vurması işin mübahisəsiz hallarıdır. Məhkəmə yuxarıda qeyd edilən Mülki Məcəllənin 1099-cu maddəsinin tələbini və işin mübahisəsiz hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı haqlı olaraq hazırki iddianı məhz Müdafiə Nazirliyinə qarşı irəli sürmüşdür. Odur ki, cavabdehin bununla bağlı dəlilləri əsassızdır. Məhkəmə dəymiş zərərin həcmi ilə bağlı qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(009)-2672/2022 saylı qərardadı əsasında təyin edilmiş və məhkəməyə təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/286 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2008-ci il buraxılışlı “Toyota Prado” markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 16380,0 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 13460,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 2920,00 manat. 2.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 11863,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 8943,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 2920,00 manat müəyyən edilmişdir. İddiaçı tərəf məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/286 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə razılaşmamışdır. Məhkəmə dəymiş zərərin həcminin müəyyən olunması barədə ekspert rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, 11863 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərci iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat və iddiaçı tərəfindən ödənilmiş 170 manat məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, 100 (bir yüz) manat hissəsi iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-iqtisad ekspertizasının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manat hissəsi cavabdehdən, 30 (otuz) manat hissəsi isə iddiaçıdan tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən İddiaçı xeyrinə 11863 (on bir min səkkiz yüz altmış üç) manat pul vəsaiti ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, 100 (bir yüz) manat hissəsi iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manat hissəsi cavabdehdən, 30 (otuz) manat hissəsi isə iddiaçıdan tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 11863 (on bir min səkkiz yüz altmış üç) manat pul və iddiaçı tərəfindən ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən, 30 (otuz) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar