Məhkəmə qərarları › İş №e-2(009)-277/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-277/2022

09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-277/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, qonşusu X6 3 il öncə yaşadığı mənzilin damında təmir işləri aparmışdır. Lakin təmin işlərini aparan ustaların səriştəsizliyi və təmir zamanı istifadə olunan tikinti materiallarının (tol, qır və s.) yararsız və keyfiyyətsiz olması nəticəsində onun evinin müəyyən hissələrinə xeyli miqdarda ziyan dəymişdir. Görülmüş yararsız işin nəticəsində onun evinin üstünə vurulmuş keyfiyyətsiz qır onun evinin qarşı tərəfinə tökülərək bərbad hala salmaqla ciddi ziyan dəymişdir. Bundan əlavə mövcud problemin həlli ilə əlaqədar Bakı şəhəri Səbail rayonu 5 saylı Mənzil-Kommunal sahəsinin rəisi X8 xx.xx.2021-ci il tarixdən etibarən ərizə ilə müraciət etsə də, lakin onlar tərəfindən heç bir tədbir görülməmişdir. Belə ki, cavabdeh X4 dəfələrlə bir qonşu olaraq mövcud problemin həlli ilə əlaqədar müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Bu problem artıq 3 ildir ki, davam edir. Həmçinin dəfələrlə cavabdeh üzbəüz və telefon vasitəsi ilə sözügedən problemi aradan qaldırmağı xahiş etsə də, məhəl qoymadan mövcud problemin həlli istiqamətində heç bir hərəkət etməmişdir. Ona “burda nə var ki, özün həll elə, məni narahat etmə” demişdir. Cavabdehin təqsiri üzündən uzun müddətdir ki, o, bu problemlərlə yaşayır. Bu müddət ərzində cavabdeh onunla heç bir şəkildə ünsiyyətdə girməmiş, yaranmış mövcud problemin aradan qaldırılmasına səy göstərməmiş,hadisədən peşmanlıq hissi keçirdiyini söyləməmiş, onunla razılığa gəlməyə çalışmamışdır, yəni qonşu kimi ona və ən əsası mövcud problemə laqeyid yanamışdır. Hesab edir ki, cavabdeh X2 təqsiri üzündən ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də cavabdeh X6 təqsiri üzündən ona vurduğu 2000 manat məbləğində maddi ziyanı ödəməlidir. Bundan başqa, cavabdehin son bir ay ərzində ona vurduğu maddi ziyanı aradan qaldırmaq üçün ustalarla məsləhətləşmələr aparmışdır. Məlum olmuşdur ki, onun mənzilinə dəymiş diyanı aradan qaldırmaq üçün 2000 manat məbləğində pul vəsaiti lazım gəlir. Bu xərci isə çəkməyə onun maddi imkanı çatmır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh X2 təqsiri üzündən ünvan 1 ünvanında yerləşən mənzilinə dəymiş 2000 manat maddi ziyan cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, o, qonşuluq münasibətini həmişə qorumağa çalışmış, lakin üç il bundan əvvəl cavabdeh tərəfindən damın təmiri zamanı usta gətirilərkən, usta keyfiyyətsiz materiallardan istifadə edərək təmin işini yerinə yetirmiş, nəticədə bu günədək istidən qırın əriyərək axması halı baş verir ki, bu onun mülkiyyətində olan evə ziyan verilməsi ilə nəticələnir. Bu hal damın yenidən keyfiyyətli materiallarla təmir olunması zamanı aradan qaldırıla bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X6 iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək göstərmişdir ki, iddiaçı bildirmişdir ki, guya o, 3 il öncə yaşadığı mənzilin damında təmir işləri aparmışdır. Bu fakt tamamilə əsassızdır. O, evinin damında nəinki üç il əvvəl, heç 10 il əvvəllədək təmir işləri aparılmamışdır. Yaşadığı evin damında onun ustanın hər hansı təmir işləri aparmağı, eləcə də iddiaçının qeyd etdiyi kimi təmir nəticəsində ona ziyan dəyməsi ilə bağlı iddiası tamamilə əsassız və uydurmadır. Onun hazırda 86 yaşı var. Həyat yoldaşı Əli Hüseynov isə cari ilin avqust ayında 86 yaşında dünyasını dəyişmişdir. Onlar mənzillərində ikisi yaşamışlar və mənzillərinə damdan hər hansı su ağıntısı olmadığından iddiaçının qeyd etdiyi formada təmir və s. işlər də aparmamışlar. O, və qonşusu olan iddiaçı ikisi də ikinci mərtəbədə yaşayırlar və evlərinin damı ümumidir. Belə olan halda qonşusu necə əmin olub ki, həmin iddia etdiyi qır (tol) örtüyü onun damından axıb və ona ziyan vurulub. Bundan başqa həmin damda təmir işləri aparmamışdırsa, həmin dama məqsədli şəkildə qır və ya tol döşəmişdirsə, buna görə niyə məsul şəxs məhz o, olmalıdır. Hazırki iddianı qərəzli hesab edir. Çünki iddiaçı əlində heç bir mötəbər fakt olmadan iddia edir ki, həmin ziyan məhz onun əməli fəaliyyəti nəticəsində meydana gəlmişdir. Yay ayları isti keçir və həmin qır və ya told axıntıları isti hava şəraitindən ümumi istifadədə olan damdan illər əvvəl döşənmiş qız və tol örtüyündən əmələ gələ bilərdi. Belə olan bu kimi hallarda o, yox, icra hakimiyyətinin tabeliyində olan ərazi üzrə müvafiq Mənzil İstismar Sahələri məşğul olmalıdırlar. Əlavə olaraq onu da qeyd edir ki, iddiaçı olan qonşusu qır (tol) qırıntılarının təmizlənmsəsi adı altında ondan 100 manat pul vəsaiti istəmiş, o, da istədiyi pul vəsaitini ona vermişdir. Daha sonra ondan yenə 150 manat pul istədikdə əsasını soruşmuş və pul vəsaitinin istənilmə səbəbi ilə bağlı obyektiv əsaslandırma apara bilmədiyindən imtina etmişdir. İddiaçının ona qarşı qərəzli omasını göstərən amillərdən biri də 86 yaşlı ahıl xanım olmasına baxmayaraq yığdığı qır və tol palçalarını onun mənzilinin qapısının ağzına yığaraq onu hədələməsi və əsəbləşdirməsidir. O, artıq bir müddətdir ki, qonşusunun əsassız ittiham və təzyiqləri ilə üz-üzə qalmışdır. Göstərilənlərə əsasən iddiaçı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2014cü il tarixli texniki pasportun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsində yerləşən 3 saylı binanın 10 nömrəli mənzili 2-ci mərtəbəsində yerləşir, mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 62,0 kv.m., yaşayış sahəsi 36,0 kv.m. təşkil edir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsində yerləşən 3 saylı evin 10 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə evlənmək haqqında şəhadətnamənin kserosurətinə əsasən X7 ilə X6 arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 539 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Hüseynov, arvada Məmmədova soyadı verilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsində yerləşən 3 saylı evin 8 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətindədir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 544 No ilə qeyd edilmişdir. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 5 saylı MKİS tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, 8 saylı mənzildə yaşayan X6 mənzilin dam örtüyünü təmir edərkən, keyfiyyətsiz materialdan istifadə etmiş, isti havalarda həmin dama vurulan material istilik nəticəsində ərimə halları baş vermiş, nəticədə İddiaçı yaşadığı mənzilin fasad hissəsi korlanmışdır. 8 saylı mənzilin sakininə dəfələrlə bildirilmişdir ki, mənzilin dam örtüyünü keyfiyyətli materialla təmin etsin. Buna baxmayaraq heç bir tədbir görülməmişdir. Nəzərinə çatdırırlar ki, cari il üçün titul siyahısı tutularkən, onlar həmin 8 saylı mənzilin dam örtüyünün təmirini siyahıya daxil edəcəklər (əgər vətəndaş tərəfindən tədbir görülməsə). O ki qaldı İddiaçı dəymiş ziyanı məlum edilməsi ilə əlaqədar, onlar tərəfdən bunu müəyyən etmək mümkün deyil. Belə ki, dəymiş ziyanın müəyyən edilməsi və ödənilməsi məhkəmə orqanları tərəfindən müəyyən edilə bilər. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1421 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən: -1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 3 saylı evin dam örtüyündəki qırın istidən əriyərək həmin evin İddiaçı məxsus 10 saylı mənzilinin ön fasad divarının, həmçinin pəncərə və qapı blokunun üzərinə töküldüyü və ziyan dəydiyi müəyyən olunmuşdur. Yaşayış evinin dam hissəsi ruberoidlə örtüldüyündən və qır kütləsi ruberoidin altından axdığından, həmin qır kütləsinin axma səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin faktiki vəziyyətdə qır kütləsinin havanın isti olması nəticəsində əriyərək axdığını nəzərə alaraq, həmin qır kütləsinin əriyərək axmasına səbəb damda təmir işlərinin düzgün aparılmaması, həmçinin təmir zamanı istifadə olunan tikinti materiallarının keyfiyyətsiz olması ilə əlaqədar ola bilər. -2-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 3 saylı evin 10 mənzilinin qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 210 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunur ki, tərtib edilmiş smetada yalnız 10 saylı mənzilin fasad divarında, həmçinin pəncərə və qapı blokunda yaranmış qüsurların aradan qaldırılması ilə bağlı yerinə yetirilməli təmir işlərinin həcmi hesablanmışdır. Lakin qır kütləsinin axıntısının qarşısının alınması məqsədilə damın ruberoid örtükləri söküldükdən və axıntının konkret olaraq hardan və hansı səbəbdən baş verməsi dəqiq müəyyən edildikdən sonra, yerinə yetirilməli təmir işlərinin həcmi və dəyəri artmağa doğru dəyişə bilər. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsində yerləşən 3 saylı evin 10 saylı mənzili iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu,Azərbaycan döngəsində yerləşən 3 saylı evin 8 saylı mənzili cavabdehin xx.xx.2021-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X5 mülkiyyətindədir və cavabdeh həmin mənzildə yaşayır, mülkiyyətçi olan həyat yoldaşının vəfatından sonra miras əmlaka faktiki yiyələnmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflərin yaşadığı evin dam örtüyündəki qırın istidən əriyərək iddiaçıya məxsus mənzilin ön fasad divarının, həmçinin pəncərə və qapı blokunun üzərinə tökülərək ziyan dəymişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, qonşusu X6 3 il öncə yaşadığı mənzilin damında təmir işləri aparmış, təmir işlərini aparan ustaların istifadə olunan tikinti materiallarının (tol, qır və s.) yararsız və keyfiyyətsiz olması nəticəsində evin üstünə vurulmuş keyfiyyətsiz qır onun evinin müəyyən hissələrinə tökülərək bərbad hala salmaqla maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı vurulmuş ziyanın cavabdehdən tutulması məhkəmədən xahiş etmişdir . Məhkəmə qeyd edir ki, cavabdehin daşınmaz əmlak üzərində mülkiyyət hüququ olmasa da, həmin əmlak onun mərhum həyat yoldaşına məxsus olduğundan, onun ölümündən sonra isə həmin əmlak iddiaçı tərəfindən miras əmlak kimi faktiki qəbul edildiyindən, bununla da Laləzər Məmmədova hazırki tələbə qarşı cavabdehlik daşıyan şəxs olduğundan, iddiaçının ona qarşı tələb irəli sürməsi haqlı hesab edilməlidir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 3 saylı evin dam örtüyündəki qırın istidən əriyərək həmin evin İddiaçı məxsus 10 saylı mənzilinin ön fasad divarının, həmçinin pəncərə və qapı blokunun üzərinə töküldüyü və ziyan dəydiyi müəyyən olunmuşdur. Qır kütləsinin axması nəticəsində iddiaçının yaşadığı mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 210 manat pul vəsaiti tələb olunur. Eyni zamanda iddiaçının yaşadığı mənzilin fasad hissəsinə qır kütləsinin axmasının cavabdehin yaşadığı mənzilin dam ötrüyünü təmir edərkən keyfiyyətsiz materiallardan istifadə etməsi nəticəsində baş verməsi ərazi üzrə 5 saylı MKİS tərəfindən iddiaçıya ünvanlanmış məktubla da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı mənzilinin fasadına qır kütləsinin axıdılması cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən və həmin qır kütləsinin axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin qır kütləsinin axıdılmanın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bununla belə məhkəmə qeyd edir ki, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi 2000 manat məbləğində deyil, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 210 manat məbləğində tutulmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və ziyan məbləğinin cəmi 210 manat olması müəyyən edildiyindən, cavabdeh həmin ziyanla bağlı mülkihüquq məsuliyyəti daşıyır. Məhkəmə cavbadehin iddianın rədd edlməsi ilə bağlı yazılı etirazındakı dəlillərə - damda təmir işlərinin onlar tərəfindən həyata keçirilməməsinə dair, hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, 5 saylı MKİS tərəfindən iddiaçıya ünvanlanan məktubda da araşdırma və baxış zamanı 8-ci mənzildə yaşayan X3 mənzilin dam örtüyünü təmir edərkən keyfiyyətsiz materiallardan istifadə etməsi, istilik nəticəsində dama vurulan materialın əriməsinə səbəb olması göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən vurulmuş maddi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 210 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 210 manat (iddia tələbinn təxminən 10%) məbləğində maddi ziyanın tutulması həddində təmin edildiyindən, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manatın 45 manatı (90%) İddiaçı, 5 manatı (10%) isə cavabdeh X4 aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 210 manat (iki yüz on) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manatın 45 (qırx beş) manatı İddiaçı, 5 (beş) manatı isə cavabdeh X1 tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar