Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-277/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı “AAA” Vəkil Bürosunun Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası, Cavabdeh MMC-nin cavabdeh “AAA” Vəkil Bürosuna qarşı maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor “AAA” Vəkil Bürosu borclu Cavabdeh MMC-yə qarşı əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 134945,06 (bir yüz otuz dörd min doqquz yüz qırx beş manat altı qəpik) manat pulun və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq “AAA” Vəkil Bürosuna ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2674/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə əmrinə əsasən borclu Cavabdeh MMC-dən (VÖEN: **********) Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, X2 90 A ünvanında yerləşən kreditor «AAA» Vəkil Bürosunun (VÖEN: **********) xeyrinə 134.945,06 (bir yüz otuz dörd min doqquz yüz qırx beş manat altı qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi kimi 100 (yüz) manat pul vəsaitinin tutulması əmr edilmişdir. Borclu Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 əmrə etiraz ərizəsini məhkəməyə ünvanlayaraq onun ləğv edilməsini və ərizəyə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-2674/2024 qərardadı ilə 2(009)-2674/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə əmrinin ləğv edilməsi və tələbə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor “AAA” Vəkil Bürosu ilə borclu Cavabdeh arasında 01 aprel 2023-cü il tarixli, 02/2023 saylı Hüquqi yardımın göstərilməsinə dair Müqavilə bağlanmışdır. 01 aprel 2023-cü il Müqavilənin: 1.1-ci bəndinə əsasən vəkil Sifarişçinin tapşırığına əsasən hüquqi yardım göstərməyi, Sifarişçi isə hüquqi yardıma görə razılaşdırılmış məbləğdə və qaydada haqq ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən əlavə olaraq yazılı surətdə razılaşdırılmış ayrı-ayrı məsələlər və hallar üzrə hüquqi yardımın göstərilməsinə görə haqqın məbləği və ödəniş qaydası bu Müqaviləyə Əlavələrlə müəyyən olunur. Habelə tərəflər arasında konkret məsələ üzrə hüquqi yardımın göstərilməsini nəzərdə tutan 01 aprel 2023-cü il Müqaviləyə 18 may 2023-cü il tarixli, 002 saylı Əlavə üzrə: Tərəflər işin nəticəsindən asılı olaraq, əldə edilmiş vəsaitin 05 (beş) faizi məbləğində vəkilə əlavə haqq ödənilməsinə razılaşmışdır (2-ci bənd). Sifarişçi - borclu bu Əlavə imzalandıqdan 3 (üç) gündən gec olmayaraq ödənişi Vəkilin təqdim etdiyi sənədlər (e-qaimə, hesab-faktura) üzrə bank hesabına köçürməkdir (3-cü bənd). Cavabdeh MMC-yə 18 may 2023-cü il tarixli, 002 saylı Əlavə üzrə hüquqi yardım göstərilən iş üzrə iddiaçı "xxxx" QSC BOKT Cavabdeh MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 15 avqust 2013-cü il tarixli, 7524 saylı müqavilə üzrə cəmi 117.209.798,80 manat (əsas borc 71.023.749,20 manat; faiz borcu 46.186.049,60 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 50.000,00 (əlli min) manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması; iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Cavabdeh MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə cəmi 120.228.307,10 manat (əsas borc 71.023.749,20 manat, faiz borcu 49.204.557,90 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 50.000 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 15 avqust 2013-cü il tarixli, 7524 saylı müqavilə üzrə 71.023.749,20 manat əsas borc, 46.505.656,37 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2.249.085,38 manat faiz borcu, cəmi 119.778.490,95 manat, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2024-cü il tarixli, 2-2(103)-578/2024 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli qətnaməsi iddia tələbinin cavabdeh Libra MMC-dən 2.249.085,38 manat faiz borcu tutulması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh MMC və vəkili Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-2(102)-577/2024 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Beləliklə, iş üzrə birinci instansiya məhkəməsinin nəticələrinə görə uğur məbləği 449.816,15 manat, Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-2(103)-578/2024 saylı qətnaməsi ilə iddianın təmin edilmiş hissəsindən azaldılmış uğur məbləği 2.249.085,38 manat olmaqla, iş üzrə cəmi uğur məbləği 2.698.901,53 manat təşkil edir. Ona görə də, hazırki iş üzrə borclu kreditora əldə edilmiş uğur məbləğinin 5%-i həcmində - 134.945,06 manat haqq ödəməlidir. Müqavilə üzrə borcun ödənilməsi ilə bağlı borclu "xxxx" MMC-nə 06 dekabr 2024-cü il tarixli, 06/18052023 saylı hesab-faktura və MT2411 12701691 nömrəli elektron qaimə, habelə öhdəliyin icrasının təmin edilməsi haqqında 09 dekabr 2024-cü il tarixli pretenziya təqdim edilməsinə baxmayaraq, borcun vaxtında ödənilməsi baş verməmişdir. Borclunun öhdəliyi müqavilədən irəli gəldiyindən mübahisəsiz xarakter daşıyır. Yaranmış vəziyyət kreditor “AAA” Vəkil Bürosunun vəkillər və üçüncü şəxslər qarşısında götürdüyü öhdəliklərin icrasına ciddi maneə törətməklə, hüquqlarına və qanuni mənafeyinə toxunur. Bu səbəbdən 134.945,06 (bir yüz otuz dörd min doqquz yüz qırx beş manat, altı qəpik) manat pulun və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun borclu Cavabdeh MMC-dən tutularaq kreditor “AAA” Vəkil Bürosuna ödənilməsi barədə məhkəmə əmri çıxarılmalıdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC məhkəməyə cavabdeh “AAA” Vəkil Bürosuna qarşı maddi zərərin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, qarşılıqlı iddia üzrə cavabdeh “AAA” Vəkil Bürosundan 5000000,0 (beş milyon) manat pulun və ödənilmiş 3290,0 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsinin təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-578/2024 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin şikayətinin qismən təmin edilməsi hissəsindən görünür ki, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bu hissədə ona görə razılaşmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, iddiaçının cavabdehdən MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə əldən çıxmış fayda tutulması barədə tələbi olmadığı halda həmin normaya əsasən 2.249.085,38 manat faiz borcu tutmuşdur. Bu hissədə MPMnin 218.3-cü maddəsinin pozuntusu müəyyən edildiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə bu hissədə qismən ləğv edilməlidir. Bundan başqa, məhkəmə qətnaməsindən görünür ki, 2.249.085,38 manat faiz ilkin yox, iddiaçı tərəfindən sonradan verilmiş əlavə iddia ilə tələb olunmuşdur ki, bu da hazırda xüsusi bir sövdələşmənin olması ehtimalına şübhə yaradır. Bir sözlə göründüyü kimi, 2.249.085,38 manat faiz borcunun azaldılması xüsusi müdafiəçi və ya vəkil fəaliyyətindən asılı olan bir hal deyil, birmənalı olaraq qanuni yanaşmadır və vəkil müdafiəsi olmadan belə apellyasiya və ya kassasiya instanasiya tərəfindən silinməli məbləğ olmuşdur. Bundan başqa, tərəflər arasında konkret məsələ üzrə hüquqi yardımın göstərilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli Müqaviləyə xx.xx.2023-cü il tarixli 002 saylı Əlavə isə formal xarakter daşıyan bir müqavilə olmuş, iddiaçı tərəf cavabdeh tərəfə başqa ümid verməklə, aldatma və etibardan sui-istifadə etməklə imzalatmış (cavabdeh əcnəbidir) və iddiaçı tərəf həmin müqavilədə göstərilən 3 (üç) gün ərzində elektron qaimə-fakturanı cavabdeh tərəfə göndərməmiş, cavabdeh tərəfə bununla bağlı elektron qaimə-fakturanı 2024-cü ilin sonlarında məqsədli şəkildə göndərmişdir. Ona görə də, həmin 002 saylı Əlavə etibarsızdır. Əlavə olaraq bildirir ki, hazırkı predmet üzrə iddiaçı tərəf digər məhkəmə mübahisəsi zamanı göstərməli olduğu hüquqi yardımı göstərməmiş, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" AR Qanununda nəzərdə tutulmuş vəkilin vəzifələri və hüquqları baxımından heç bir əsaslı və zəruri iş görülməmiş, cavabdehə bərpaolunmaz bir maddi və mənəvi zərər vurmuşdur. Belə ki, digər məhkəmə mübahisəsi ilə bağlı qətnamələrdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərmiş və müqavilədən imtina barədə iradə ifadəsini qarşı tərəfə bildirmişdir və cavabdeh tərəf müqavilənin ləğv edilməsinə etiraz bildirməmişdir. Buna görə də, iddiaçı tərəf müqaviləni ləğv etməklə cavabdehin hüquqlarını pozmuşdur. Əgər vəkil zamanında pretenziyaya etirazını bildirsə idi, hazırda cavabdehin çətin vəziyyətə düşməsinin qarşısını almış olardı. Bundan başqa, məhkəmə qətnamələrindən görünür ki, vəkil cavabdeh tərəfi müdafiə edərkən birinci instansiya məhkəməsinə kredit öhdəliyi üzrə ödənişlərin iddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd edilən məbləğdən daha artıq olduğuna dair hər hansı mötəbər sübut təqdim etmədiyindən və ümumiyyətlə ödənişlərin məbləği mübahisə predmeti olmadığından, iddiaçının xeyrinə 71.023.749,20 manat əsas borc, 46.505.656,37 manat müqavilə üzrə faiz borcunun tutulması hissəsində qətnamə qanuni və əsaslı hesab edilmiş, ödənişlərlə bağlı vəkilin apellyasiya instansiyası mərhələsində təqdim etdiyi ödəniş sənədlərinin yerləşdirildiyi daşıyıcı (CD disk) ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin bu sübutu təqdim etməyə kifayət qədər imkanı olduğu halda qeyd edilən sübut birinci instansiya mərhələsində təqdim edilmədiyindən qəbul oluna bilməz. Həmçinin məhkəmə kollegiyası cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş 50.000,0 manat vəsaitin xx.xx.2024-cü il tarixdə ödənilməsi barədə ödəniş qəbzləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu ödənişlər qətnamə qəbul edildikdən sonra həyata keçirildiyindən qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz, lakin icra mərhələsində nəzərə alınmaqla ümumi borcdan çıxılmalıdır. Göründüyü kimi, vəkil zəruri müdafiə tədbirlərini qurmamış, "xxxx" MMC-nin hüquqlarını müdafiə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl etmədən hərəkətlər etmiş və nəticədə cavabdehin məhkəmə mübahisəsinin nəticəsində uğursuzluqla qarşılaşmağına gətirib çıxarmışdır. Bundan başqa, məhkəmə qətnamələrindən göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyinə dair apellyasiya şikayətindəki mülahizələrlə bağlı məhkəmə qeyd etmişdir ki, işdəki xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdehin mülkiyyətində olan əmlak ipoteka ilə yüklü edilərkən "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli ekspert rəyinə əsasən 12.000.000,0 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi əmlakın bazar və likvid dəyərinin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmiş, əsas kimi göstərilmişdir ki, ekspert məhkəmə tərəfindən təyin edilmiş vaxtda tədqiqat obyektinin olduğu ünvana getmiş, lakin tədqiqat obyektinə baxış keçirilməsi üçün şərait yaradılmamışdır. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın bazar və likvid dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olan və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olan "xxxx" MMC-yə və "xxxx" MMC-yə mütəxəssis rəyi verilməsi üçün müraciət edilmiş, hər iki şirkət əmlaka baxış keçirilməsi üçün şərait yaradılması və zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə cavabdehə telefon vasitəsi ilə və email ünvanına məktub göndərilsə də, nəticəsi olmadığından mütəxəssis rəyi verilməsindən imtina edilmişdir. İpoteka qoyulmuş əmlakın hazırkı bazar və likvid dəyərinin müəyyən edilməsi üçün cavabdeh tərəfindən ekspertə və mütəxəssislərə şərait yaradılmadığından əmlakın ilkin satış qiymətinin işdə olan sübut-tərəflər arasında bağlanmış ipoteka müqaviləsindəki qiymət əsasında müəyyən edilməsi prosessual normaların tələblərinə uyğundur. Göründüyü kimi, vəkilin qeyri-peşəkar fəaliyyəti nəticəsində "xxxx" MMC-nin əmlak hüquqları pozulmuş, Cəmiyyətə məxsus qeyri-yaşayış sahəsinin real likvid dəyəri 220 milyon manat olduğu halda, qeyri-ciddi yanaşma nəticəsində həmin əmlkaın likvid dəyəri 2013-cü ildəki dəyər götürülmüş və hazırda həmin dəyərdə hərraca çıxarılmaqla "xxxx" MMC-yə külli miqdarda maddi zərər vurulmuşdur. Əlavə olaraq bildirir ki, məhkəmə qətnamələrindən görünür ki, “X1” MMC-nin hesabatında ipoteka predmeti olan əmlakın bazar dəyərinin 316.903.120,0 manat olduğu qeyd edilmişdir. Lakin məhkəmə kollegiyası tərəfindən həmin rəy qanunvericilikdə nəzərdə tutulmuş vaxtda məhkəməyə sübut kimi təqdim edilmədiyindən, həmçinin "İpoteka haqqında" AR Qanununun tələbinə əsasən əmlakın likvid qiyməti deyil, bazar qiyməti müəyyən olunduğundan, sübut kimi qəbul olunmamışdır. Vəkilin təklifi ilə isə "xxxx" MMC tərəfindən “X1” MMC-nin hesabatının tərtib olunmasına 12.000,0 (on iki min) manat xərc çəkilmişdir. Bundan da göründüyü kimi, formal vəkil müdafiəsi "xxxx" MMC-yə yalnız maddi və mənəvi zərər vurulmaqla həyata keçirilmişdir. Qeyd olunanlardan başqa, məhkəmənin diqqətinə digər əsaslandırılmış xüsusatları çatdırmaq istəyir. Belə ki, “AAA” Vəkil Bürosu tərəfindən "xxxx" MMC-yə göstərilmiş hüquqi yardımın nəticəsində yuxarıda sadalanan digər məhkəmə mübahisəsi ilə bağlı xüsusi ilə külli miqdarda zərər vurulmasına səbəb olan uğursuzluqla yekunlaşmış məhkəmə qətnamələrindən görünən və hüquqi qiymət verilərəkən əldə olunmuş əsaslardan müəyyən olunur ki, cavabdeh əlverişsiz vəziyyətə salınmış, cavabdehin əsassız olaraq faktiki və hüquqi sahibi olduğu əmlakın bütünlüklə itirilməsinə nail olunmuş, işin faktiki halları heç bir halda obyektiv araşdırılmamış, bir sözlə cavabdehə məxsus olan daşınmaz əmlakın qanunsuz əlindən alınmasına nail olunmaqla bütün hüquqları pozulmuşdur. Halbuki məhkəmə mübahisəsinin nəticəsi obyektiv olaraq araşdırma ilə yekunlaşmalı, qeyri-yaşayış sahəsinin faktiki likvid dəyəri müəyyən olunmalı, kredit borcunun dəqiq hesablanması üçün müvafiq ekspert rəyi alınmalı, o cümlədən iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinin bağlanması, sonradan həmin kredit müqaviləsinin müddəalarının dəfələrlə dəyişdirilməsi və bunun nəticəsində tərəflər arasında yaranmış yeni münasibətlərin statusu müəyyənləşdirilməli idi. Çünki hazırkı mübahisəyə yalnız kredit müqaviləsi və ipoteka predmetinin satışının təmin olunması istiqamətində yanaşmaqla, kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində "xxxx" MMC-yə məxsus təsis payının 50 %-inin iddiaçıya bağışlanması kimi faktın üstündən keçməklə nəticədə cavabdehin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. "xxxx" MMC-yə məxsus təsis payının müəyyən hissəsinin əldə edilməsi nəticəsində tələb olunan kredit müqaviləsi üzrə kredit məbləği, ümumiyyətlə iddia ərizəsində qeyd olunan tələblərin predmeti və mahiyyəti tamamilə dəyişməli idi. Lakin bu kimi xüsusatlara qiymət verilməmiş və məhkəmə çəkişməsinin nəticəsi cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir. Çünki iddiaçı "xxxx" QSC hazırda "xxxx" MMC-nin 50 % təsisçisidir və bu hüququ kredit müaviləsinin bağlanmasından uzun müddət sonra əldə etmişdir. Yəni iddiaçının sonradan təsisçisi olduğu Cəmiyyətdən belə həcmdə kredit vəsaiti tələb etməsi və Cəmiyyətə məxsus qeyri-yaşayış sahəsinin satılmasını tələb etməsi ciddi şəkildə araşdırılmalı olan bir haldır və ümumi yanaşmadan kənara çıxılmaqla qiymət verilməli idi. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 7524 saylı kredit müqaviləsində müqaviləyə birtərəfli qaydada xitam verilməsi anlayışı 15-ci maddədə öz əksini tapmamışdır. Həmin müqavilədə müqavilənin qüvvədə olma tarixi xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur. Sonradan tərəflər arasında xx.xx.2015-ci il tarixli, 7524 saylı müqaviləyə 1 saylı dəyişiklik qəbul edilmiş və 7524 saylı müqavilənin qüvvədə olma tarixi xx.xx.2029-çu il tarixədək müəyyən olunmuşdur. Həmin dəyişiklikdə də müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli İpoteka müqaviləsinin də 14-cü maddəsində müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsi anlayışı öz əksini tapmamış, müqavilənin qüvvədə olma müddəti isə borclunun borcunu tam ödəyənədək olan müddət göstərilmişdir. Göründüyü kimi, tərəflər arasında olan razılaşmaya əsasən kredit müqaviləsi xx.xx.2029-cu il tarixədək davam etməli idi və iddiaçı tərəfindən birtərəfli qaydada müqaviləyə xitam verilərək məhkəməyə müraciət olunması tamamilə əsassız olmuşdur. Cavabdehin hüquqlarını pozan bu hal məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamış və vəkil tərəfindən də buna diqqət yetirilməmişdir. Çünki "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. İstinad olunan normativ aktlardan da göründüyü kimi, iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi tamamilə əsassız olmuşdur və müqavilə xx.xx.2029-cu il tarixədək qüvvədə olmalı idi. İddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməklə məhkəməyə 2023-cü ilin yanvar ayında müraciət olunmuş və həmin ilin mart ayında məhkəmə qətnaməsi qəbul olunmuşdur. Bundan başqa, hazırkı iş üzrə apellyasiya məhkəməsinin, həmçinin AR Ali Məhkəməsinin Kommerisya Kollegiyasının qətnamələrindən görünür ki, hər iki qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına istinad edilmişdir. Lakin nəzərə alınmamışdır ki, iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilərək, məhkəməyə 2023-cü ilin yanvar ayında müraciət olunmuş və iş üzrə 1-ci instansiya məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Yəni AR Konstitusiya Məhkəməsi Plenumunun sözügedən xx.xx.2023-cü il tarixli qərarı qəbul olunmamış, artıq iş üzrə 1-ci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında əks olunan məsələlərə zidd qətnamə qəbul olunmuşdur. AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bir sözlə AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarının ağırlaşdırıcı halda geri tətbiq olunması ehtimalı belə olmadan, məhkəmə tərərfindən belə bir qətnamə qəbul olunmuş və məhkəmə kollegiyası tərəfindən isə qətnamədə öz əksini tapan məsələlər qüvvədə saxlanılmışdır. Məhkəmə qərarlarından görünür ki, kredit borcunun dəqiq məbləğinin müəyyən olunması istiqamətində də heç bir addım atılmamış, müvafiq məhkəmə-mühasibat ekspertizası təyin olunmamış, cavabdeh tərəfindən ödənilmiş kredit borcunun məbləği yalnız iddiaçının etiraf etdiyi həcmdə qəbul olunmuşdur. Halbuki bu kimi mübahisələrdə kredit borcunun dəqiq müəyyən olunması üçün məhkəmə-mühasibat ekspertizasının təyin olunması və müvafiq rəy alınması zəruridir. Əks təqdirdə heç bir obyektivlikdən söhbət gedə bilməz. Belə ki, tərəflər arasında tərtib olunmuş xx.xx.2015-ci il tarixli "Üzləşmə aktı"nda həmin tarix üçün yekun borc 63.098.242,40 (altmış üç milyon doxsan səkkiz min iki yüz qırx iki) ABŞ dolları olaraq müəyyən edilmişdir. Həmin "Üzləşmə aktı"ndan sonra cabadeh tərəfindən 12.314.398,91 (on iki milyon üç yüz on dörd min üç yüz doxsan səkkiz) ABŞ dolları həcmində kredit borcu ödənmişdir. Lakin iddiaçı tərəfindən ödənilən məbləğlər nəzərə alınmamış, məhkəmə prosesi zamanı da məhkəmə tərəfindən kredit borcu üzrə real məbləğin müəyyən olunmasına təşəbbüs göstərilməmişdir. Bu baxımdan da cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmetinin qiymətləndirilməsi məqsədilə alınmış xx.xx.2013-cü il tarixli ekspert rəyi də tamamilə əsasız olmuşdur. Belə ki, həmin rəydən görünür ki, ipoteka predmetinin 20 və 21-ci mərtəbələri ofis məqsədilə istifadə olunur. Reallıqda isə binanın 20 və 21-ci mərtəbələrində yüksək keyfiyyətlə və standartlarla təmir olunmuş və istifadədə olan restoran fəaliyyət göstərir. Həmçinin, həmin rəydən görünür ki, ipoteka predmetinin gəlir yanaşması baxımından dəyəri 136.000.000,0 (bir yüz otuz altı milyon) manat, müqayisə yanaşması baxımından dəyəri isə 134.000.000,0 (bir yüz otuz dörd milyon) manat göstərilmişdir. Bu da tamamilə absurd bir yanaşmadır və heç bir qiymətləndirmə fəaliyyətində belə bir yanaşmanın tətbiqi təcrübədə görülməmişdir. Əlavə olaraq, həmin rəydən görünür ki, ipoteka predmetinin bazar dəyəri 135.000.000,0 (bir yüz otuz beş milyon) manat, likvid dəyəri isə 12.000.000,0 (bir yüz iyirmi milyon) manat olaraq müəyyən edilmişdir. Belə bir yanaşmaya isə heç bir normativ aktda və təcrübədə rast gəlinməmişdir. Çünki həmin yanaşma ilə bazar qiyməti ilə likvid dəyər arasında təxminən 11-12% fərq müəyyən edilmişdir ki, bu da tamamilə absurd bir yanaşmadır və ekspert belə bir nəticəyə hansı normativ akt və ya qaydalar əsasında gəlidiyinə dair heç bir mənbə göstərməmişdir. Eyni zamanda, həmin rəydə ipoteka predmetinin yerləşdiyi torpaq sahəsi istifadədə olduğu üçün qiymətləndirlmədiyi əks olunsa da, sonradan həmin rəydə torpaq sahəsinin qiymətə təsir edən amil kimi nəzərə alındığı göstərilmişdir. Bu da öz növbəsində qiymətləndirmə məqsədilə ekspert rəyinin kobud səhvlərlə tərtib olunmasına dəlalət edir. Həmçinin kredit müqaviləsi ABŞ dolları ilə olduğu üçün həmin rəydə də ipoteka predmetinin dəyəri ilə bağlı da ABŞ dolları, ekvivalenti öz əksini tapmalı idi. Eyni zamanda, ekspert rəyində ipoteka predmetinin İikvid dəyəri 2013-cü il üçün müəyyən olunmuş və kredit müqaviləsinin qüvvədə olduğu müddətin sonunadək olan dövr üzrə müəyyən edilməmişdir. Çünki kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün müəyyən olunacağı təqdirdə rəsmi statistik məlumatlar əsasında il ərzində 12-13% inflyasiya nəzərə alınmalı idi. Lakin göründüyü kimi bu xüsusatlara rəydə qiymət verilməmiş, nəticədə etibarsız bir ekspert rəyi tərtib olunmuş və həmin rəy də məhkəmə kollegiyası tərəfindən dəqiqliklə araşdırılmadan yekun qətnamə qəbul olunmuşdur. Qeyd olunan qiymətləndirmə rəyinin əsassız olmasını eyni zamanda onlar tərəfindən xx.xx.2024-cü il tarixdə alınmış "xxxx" MMC tərəfindən verilmiş "Hesabat”da əks olunan ipoteka predmetinin likvid dəyəri də bir daha sübuta yetirir. Həmin "Hesabat”dan görünür ki, ipoteka prdemetinin hazırda likvid dəyəri 220.000.000,0 (iki yüz iyirmi milyon) manat təşkil edir. Sadalanan bütün xüsusatlardan da bir daha göründüyü kimi, "xxxx" MMC-nin digər məhkəmə prosesində hüquqlarını müdafiə edən “AAA” Vəkil Bürosu qeyri-ciddi, qanunvericiliyin tələblərinə zidd olan formal yanaşma ilə Cəmiyyətə heş bir maddi gəlir gətirməmiş, əksinə Cəmiyyətin xüsusi ilə külli miqdarda zərərə uğraması, bütün hüquqlarının pozulması, əmlaklarını itirməsinə səbəb olmuşdur. Məhkəmə qətnamələrindən və hüquqi yanaşmadan da rahat şəkildə görünür ki, müdafiə hüququ olaraq həyata keçirilməli olan heç bir zəruri addım atılmamışdır. Sanki vəkilin özünün sözügedən məhkəmə mübahisəsinin nəticəsinin "xxxx" MMC üçün uğursuz olmasına xüsusi bir marağı və istəyi olmuşdur. Yuxarıda göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin olunmasını, iddianın isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddianı qəbul etməyərək onun rədd edilməsini, iddia tələblərini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və qarşılıqlı iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin olunmalı, qarşılıqlı iddia təmin olunmamalıdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-145/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış ********* manat faiz borcu, cəmi 119778490,95 manat, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi, tutmanın ilkin satış qiyməti ********* manat olan ipoteka predmeti Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 2 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 kv.m. ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin Cavabdeh MMC-nin pul vəsaitləri və digər əmlaklarının hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-578/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Libra MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-145/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən - cavabdeh Libra MMCdən iddiaçı "xxxx" QSC BOKT-nın xeyrinə 2.249.085,38 manat MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faiz tutulması hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-2(102)-577/2024 saylı qərarından görünür ki, cavabdeh Libra MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-578/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “AAA” Vəkil Bürosu ilə Cavabdeh arasında bağlanmış Hüquqi yardımın göstərilməsi haqqında 02/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli Müqavilənin 1.1ci bəndinə əsasən, Vəkil Sifarişçinin tapşırığına əsasən hüquqi yardım göstərməyi, Sifarişçi isə hüquqi yardıma görə razılaşdırılmış məbləğdə və qaydada haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, əlavə olaraq yazılı surətdə razılaşdırılmış ayrıayrı məsələlər və hallar üzrə hüquqi yardımın göstərilməsinə görə haqqın məbləği və ödəniş qaydası bu Müqaviləyə Əlavələrlə müəyyən olunur. Müqavilənin 3.2.5-ci bəndinə əsasən Sifarişçi bu Müqavilə ilə şərtləşdirilmiş haqqı vaxtında və tam ödəməyə borcludur. İş materiallarında olan “AAA” Vəkil Bürosu ilə Cavabdeh arasında bağlanmış Hüquqi yardımın göstərilməsi haqqında 02/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli Müqaviləyə 002 saylı, xx.xx.2023-cü il tarixli Əlavənin 2-ci bəndindən görünür ki, tərəflər işin nəticəsindən asılı olaraq, əldə edilmiş vəsaitin 05 faiz məbləğində vəkilə əlavə haqq ödənilməsinə razılaşırlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fıziki və hüquqi şəxslərin azad sufətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, iddiaçı “AAA” Vəkil Bürosu ilə Cavabdeh arasında Hüquqi yardımın göstərilməsinə dair 02/2023 saylı, xx.xx.2023-cü il tarixli Müqavilə bağlanmış, Müqavilənin 1.1-ci bəndinə əsasən, Vəkil Sifarişçinin tapşırığına əsasən hüquqi yardım göstərməyi, Sifarişçi isə hüquqi yardıma görə razılaşdırılmış məbləğdə və qaydada haqq ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış Hüquqi yardımın göstərilməsinə dair həmin Müqaviləyə 002 saylı, xx.xx.2023-cü il tarixli Əlavənin 2-ci bəndinə əsasən tərəflər işin nəticəsindən asılı olaraq, əldə edilmiş vəsaitin 05 faiz məbləğində vəkilə əlavə haqq ödənilməsinə razılaşmışlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə 002 saylı, xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən hüquqi yardım göstərilən iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-145/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC BOKT-un Cavabdeh MMC-yə qarşı iddiası qismən təmin edilərək, Cavabdeh MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış ********* manat faiz borcu, cəmi 119778490,95 manat, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi, tutmanın ilkin satış qiyməti ********* manat olan ipoteka predmeti Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 2 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 kv.m. ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin Cavabdeh MMC-nin pul vəsaitləri və digər əmlaklarının hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-578/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-145/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən - Cavabdeh MMC-dən iddiaçı "xxxx" QSC BOKT-nın xeyrinə 2.249.085,38 manat MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faiz tutulması hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-2(102)-577/2024 saylı qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-578/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olunmuşdur ki, iş üzrə birinci instansiya məhkəməsinin nəticələrinə görə uğur məbləği 449.816,15 manat, Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-2(103)-578/2024 saylı qətnaməsi ilə iddianın təmin edilmiş hissəsindən azaldılmış uğur məbləği 2.249.085,38 manat olmaqla, iş üzrə cəmi uğur məbləği 2.698.901,53 manat təşkil edir. Tərəflər arasında bağlanmış Hüquqi yardımın göstərilməsinə dair Müqaviləyə 002 saylı, xx.xx.2023-cü il tarixli Əlavənin 2-ci bəndinə əsasən tərəflər işin nəticəsindən asılı olaraq, əldə edilmiş vəsaitin 05 faiz məbləğində vəkilə əlavə haqq ödənilməsinə razılaşdıqları halda, əldə edilmiş uğur məbləğinin 5%-i həcmində, 134.945,06 manat haqq ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, 06/18052023 saylı hesab-faktura və MT2411 12701691 nömrəli elektron qaimə, habelə öhdəliyin icrasının təmin edilməsi haqqında xx.xx.2024-cü il tarixli pretenziya təqdim edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 134945,06 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunvericiliyin qeyd olunan normalarının tələbindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərər vuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh MMC cavabdeh “AAA” Vəkil Bürosu tərəfindən müqavilə öhdəliklərinin pozulması və ona maddi ziyan dəyməsi ilə bağlı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etsə də, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, qarşılıqlı iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPMin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə hesab edir ki, Cavabdeh MMC cavabdeh “AAA” Vəkil Bürosu tərəfindən ona maddi ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 21ci maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, cavabdeh “AAA” Vəkil Bürosu tərəfindən iddiaçı Cavabdeh MMC-yə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir və beləliklə də, hazırki iddia tələbi üzrə iddiaçı müvafiq subyektiv hüquqa malik deyildir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh MMC-dən iddiaçı “AAA” Vəkil Bürosunun xeyrinə 134.945,06 (bir yüz otuz dörd min doqquz yüz qırx beş manat altı qəpik) manat pul tutulmalı, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən iddiaçı “AAA” Vəkil Bürosunun 134945,06 (bir yüz otuz dörd min doqquz yüz qırx beş manat altı qəpik) manat pul və ödənilmiş 100 (yüz) manat dövlət rüsümü tutulsun. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-277/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-277/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver