Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2812/2025 17.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ucuz qiymətə armatur alıb satdıqdan sonra birlikdə qazanc əldə edəcəyinə dair yalan vəd verib onu aldadaraq, 2024-cü ilin noyabr ayının əvvəllərində 204.600 manat onun pulunu ələ keçirmişdir. Belə ki, Cavabdeh dostu X1 görə tanımışdır. Cavabdeh Əkbərin uzaq qohumudur. 2024-cü ildə Əkbərlə müxtəlif ölçülü armaturların alqı-satqısı ilə məşğul olmaq qərarına gəlmişlər. Həmin biznes fəaliyyəti üçün təxminən 205.000 manat məbləğində vəsait lazım olmuşdur. Əkbərlə razılaşmışlar ki, həmin biznes üçün nağd pulun hamısı onun tərəfindən qoyulur, Əkbər tərəfindən isə mallar zavoddan alınıb satışı həyata keçirilir. Həmin biznes fəaliyyətinə başladıqdan sonra Əkbərin qohumu Cavabdeh vasitəsilə Keşlə qəsəbəsində yerləşən “Bakı İnşaat Sənayesi” zavodundan müxtəlif növ armaturlar götürüb Kənana təhvil vermişlər. Cavabdeh müxtəlif vaxtlarda armaturların dəyərini hissə-hissə ödəsə də, sonda 204.600 manat məbləğində malların dəyərini ödəmədi. O, dəfələrlə cavabdehə pulu ödəməsini bildirsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəyəcəyini bildirmiş, lakin pulu ödəməmişdir. Bundan sonra onun tərəfindən DİN Nərimanov RPİ-nə müraciət olunaraq Cavabdeh barəsində qanuni tədbirlər görülərək pulunun geri qaytarılmasına köməklik edilməsi xahiş olunmuşdur. Nərimanov RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılaraq şikayətdə göstərilən xüsusatların mülki xarakterli olması qənaətinə gəlinmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdeh polis orqanında izahat verərək ona 204.000 manat borcu olmasını etiraf etmişdir. İstintaq şöbəsində araşdırma aparılan müddətdə cavabdeh ona olan borcundan 75.000 manat məbləğin əvəzində mənzil vermiş, 129.600 manat məbləğində pul isə bu günə qədər ödənilməmişdir. Ona görə də hazır iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı 129.600 manat maddi ziyan, vəkilə ödənilmiş 330 manat və dövlət rüsumu kimi ödənilmiş 420 manat olmaqla, cəmi 130.350 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, dostu Əkbərlə əvvəllər də metal satışı ilə məşğul olub pul qazanmışlar, sonra Kənan onlara təklif etmişdir ki, onun əlaqələri var, daha çox qazanc əldə edə bilərlər. Bu məqsədlə 204.000 manat məbləğində pulu həmin biznes fəaliyyəti ilə bağlı Kənana vermişdir, əldə edilən qazancdan ona və Əkbərə təxminən 30.000 manat məbləğində Kənan pul vermişdir. Lakin onun Kənanın armaturu kimdən alması və kimə satması barədə məlumatı olmamışdır. Kənandan 204.000 manat borcun istədikdə, Kənan ona dəyəri cəmi 75.000 manat olan 2 mənzili pulun qarşılığında vermiş, sonra başqa əmlaklar təklif etmişdir, lakin həmin əmlaklar real bazar qiymətindən çox təklif olunduğu və sənədin özü isə şübhəli olduğuna görə razılaşmamışdır. Pul yalnız ona məxsus olmuş, Əkbərə aid olmamışdır. Hal-hazırda cavabdehə ona ödənilməyən 129.000 manat borcu vardır. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Fərid pulu biznes fəaliyyəti ilə bağlı cavabdehə vermişdir, faizə verməmişdir və həmin pul yalnız Fəridə məxsusdur. Cavabdehin nümayəndəsi bildirir ki, borcun yarısı Əkbərə məxsusdur. Belə olduğu halda borca görə mənzilin biri Fəridə, digəri Əkbərə verilməlidir. Lakin mənzilin hər ikisi Fəridə verilmişdir. Eyni zamanda cavabdeh Polis İdarəsində verdiyi ifadəsində pulun faizə verilməsini deyil, biznes fəaliyyəti üçün verildiyini və borcun 204.000 manat qalmasını etiraf etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi formal mülahizələrdən ibarətdir. Borc təkcə Fəridə aid deyil. X2 birgə iddiaçı qismində çıxış etməli idilər. Ona görə Fəridə çatası pula görə iddiaçının iddia qaldırmağa subyektiv hüququ yoxdur. Pul isə Kənana faizə verilmişdir. Yəni birgə fəaliyyət üçün deyil, faiz əldə edilmək üçün verilmişdir. Kənanın istintaq orqanında ifadəsi təzyiq altında yazılmışdır. Əkbərin isə məhkəmə iclasında verdiyi ifadəsi öyrədilmiş ifadədir. Kənan tərəfindən həm Əkbərə, həm Fəridə özlərinin qeyd etdiyi kimi cəmi 60.000 manat pul verilmişdir. Bu halları nəzərə alınmaqla cavabdehin Əkbər və Fəridə 65.000 manat borcu qalıb. Kənan həmin borca görə Fəridə başqa əmlak da təklif etmişdir. Lakin Fərid razılaşmamışdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Fəridin dostudur, Kənan onun uzaq qohumudur. O, Fəridlə armatur satışı ilə bağlı biznes fəaliyyəti ilə məşğul olmuş, onun uzaq qohumu Kənan həmin fəaliyyətlə daha çox qazanc əldə edilməsini deyərək, birgə biznes fəaliyyətini təklif etmişdir. Fərid Kənana 204.000 manat məbləğində pul vermiş, bunun müqabilində Kənan armatur alaraq satışını həyata keçirmiş və qazancdan ona və Fəridə pul vermişdir. Sonra Fərid bu fəaliyətin davam etdirmək istəmədiyini bildirərək, Kənandan pulunu tələb etmişdir. Həmin fəaliyyəti Kənan özü həyata keçirilmişdir. Yalnız bir dəfə armatur alanda görmüşdür. Pul Fəridə məxsusdur, ona məxsus deyil. İş üzrə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, X3 onun qohumudur. İddiaçı isə Əkbərə görə tanımışdır. Təxminən iki ildir ki, kimdəsə ucuz qiymətə armatur olanda ucuz qiymətə alıb baha qiymətə sataraq qazanc əldə etməklə məşğul olur. 2024-cü ilin yaz aylarında Əkbərlə Fərid ona təklif etmişdir ki, onun ucuz qiymətə armatur versinlər, özü də həmin armaturları biraz baha qiymətə satmaqla, birlikdə də qazanc əldə etsinlər. Onunla razılaşmış, bundan sonra 2024-cü ilin noyabr ayında Əkbər və Fərid ona bir neçə dəfə müxtəlif vaxtlarda 200.000, 300.000, 500.000 və s. məbləğlərdə armaturlar vermiş, özü də həmin armaturları satıb onlara həmin armaturların pulunu qazancı ilə birlikldə vermişdir. Onlarla aralarında olan razılaşmaya əsasən Əkbərlə Fərid armaturları 1120 manatdan götürürdülər, özü isə həmin armaturları satıb hər tonunda 50 manat qazancı ilə birlikdə verirdi. Onların əvvəlcədən depozit kimi 95.200 manat dəyərində 85 ton armaturları özündə qalmışdı. Sonuncu dəfə onlar 300 ton armatur vermişlər. Həmin 300 ton armaturları satıb pullarını xərcləmişdir. Özündə depozit kimi qalan 85 ton armaturları isə satıb, Fərid və Əkbərin hərəsinə 100.000 manat pul vermişdir. Hazırda Fərid və Əkbərə ümumilikdə 204.000 manat borcu qalmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı razılaşma olmuş, razılaşmaya əsasən tərəflər ucuz qiymətə əldə etdikləri armaturun satışından əldə olunan qazancın bölünməsi ilə əlaqədar razılığa gəlmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən biznes fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iddiaçı tərəfindən ona 204.000 manat məbləğində pul vəsaiti verilmiş və həmin fəaliyyətt əsasında əldə etdiyi qazancın bir hissəsini təşkil edən cəmi 60.000 manat pul vəsaitini biznes şərikləri olan İddiaçı və X1 ödəmişdir. Cavabdeh 2025-ci ilin yanvar ayında aparılan istintaqla bağlı verdiyi izahatında borcunun 204.000 manat təşkil etməsini etiraf etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, 2025-ci ilin yanvar ayından sonra cavabdeh tərəfindən iddiaçıya borcun əvəzi olaraq 75.000 manat məbləğində 2 mənzil vermişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh ucuz qiymətə armatur alıb satdıqdan sonra birlikdə qazanc əldə edəcəyinə dair yalan vəd verib onu aldadaraq, 2024-cü ilin noyabr ayının əvvəllərində 204.600 manat onun pulunu ələ keçirmişdir. Belə ki, Cavabdeh dostu X1 görə tanımışdır. Cavabdeh Əkbərin uzaq qohumudur. 2024-cü ildə Əkbərlə müxtəlif ölçülü armaturların alqı-satqısı ilə məşğul olmaq qərarına gəlmişlər. Həmin biznes fəaliyyəti ilə üçün təxminən 205.000 manat məbləğində vəsait lazım olmuşdur. Əkbərlə razılaşmışlar ki, həmin biznes üçün nağd pulun hamısı onun tərəfindən qoyulur, Əkbər tərəfindən isə mallar zavoddan alınıb satışı həyata keçirilir. Həmin biznes fəaliyyətinə başladıqdan sonra Əkbərin qohumu Cavabdeh vasitəsilə Keşlə qəsəbəsində yerləşən “Bakı İnşaat Sənayesi” zavodundan müxtəlif növ armaturlar götürüb Kənana təhvil vermişlər. Cavabdeh müxtəlif vaxtlarda armaturların dəyərini hissə-hissə ödəsə də, sonda 204.600 manat məbləğində malların dəyərini ödəmədi. O, dəfələrlə cavabdehə pulu ödəməsini bildirsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəyəcəyini bildirmiş, lakin pulu ödəməmişdir. Bundan sonra onun tərəfindən DİN Nərimanov RPİ-nə müraciət olunaraq Cavabdeh barəsində qanuni tədbirlər görülərək pulunun geri qaytarılmasına köməklik edilməsi xahiş olunmuşdur. Nərimanov RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılaraq şikayətdə göstərilən xüsusatların mülki xarakterli olması qənaətinə gəlinmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdeh polis orqanında izahat verərək ona 204.000 manat borcu olmasını etiraf etmişdir. İstintaq şöbəsində araşdırma aparılan müddətdə cavabdeh ona olan borcundan 75.000 manat məbləğin əvəzində mənzil vermiş, 129.600 manat məbləğində pul isə bu günə qədər ödənilməmişdir. Ona görə də hazır iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı 129.600 manat maddi ziyan, vəkilə ödənilmiş 330 manat və dövlət rüsumu kimi ödənilmiş 420 manat olmaqla, cəmi 130.350 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Yuxarıda qeyd edildiyi kimi tərəflər arasında armatur alqı-satqısı ilə bağlı biznes fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar şifahi qaydada qarşılıqlı razılıq mövcud olmuş, həmin fəaliyyətin həyata keçirilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə 204.000 manat məbləğində pul verilmiş, cavabdeh tərəfindən həmin pul vəsaitinin qarşılığı kimi iddiaçıya 75.000 manat məbləğində mənzillər vermişdir ki, iddiaçı bunu etiraf etmişdir. Cavabdeh yaranmış borcun həm iddiaçıya, həm də digər biznes şəriki olan X1 aid olmasını, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququnu olmadığını və pulun faizə verildiyini, istintaqda verilən ifadənin təzyiq altında yazıldığını bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, ifadənin təzyiq altında yazılmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda cavabdeh tərəflindən xx.xx.2025-ci il tarixli qərardan məhkəmə nəzarəti qaydasında şikayət də verilməmişdir. Bu səbəbdən məhkəmə pulun məhz biznes fəaliyyəti üçün verilməsi barədə iddiaçının dəlillərini əsaslı hesab edir. Eyni zamanda məhkəmə iclasında şahid Ə.Qurbanlının ifadəsi ilə müəyyən edilmişdir ki, biznes fəaliyyəti üçün verilən pul vəsaiti İddiaçı məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə cavabdeh tərəfindən biznes fəaliyyəti ilə bağlı iddiaçı tərəfindən ona ödənilən pul vəsaitinin bir hissəsini təşkil edən 75.000 manat məbləğində evlərin verilməsini və bunun iddiaçının özü tərəfindən də etiraf olunmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 129.000 (204.000-75.000=129.000) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Beləliklə məhkəmə sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən iddiaçının xeyrinə məhkəmə xərcləri – hüquqi yardım xərcinə görə 330 manat və təmin olunmuş tələbə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 419 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 129.000 manat, həmçinin hüquqi xidmət xərci 330 manat və dövlət rüsumunun əvəzi kimi 419 manat, cəmi 129.749 (bir yüz iyirmi doqquz min yeddi yüz qırx doqquz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2812/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2812/2025
17.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver