Məhkəmə qərarları › İş №e-2(009)-289/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-289/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-289/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçı MMC-nin – Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə 14 yanvar 2022-ci il tarixdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC – Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5194,44 manat borc və 1072,96 manat cərimə borcunun, habeə 82,67 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 27.03.2019-cu il, 27.06.2019-cu il və 09.09.2019-cu il tarixli müqavilələr ilə məişət əşyaları almışdır. Cavabehin hazırda müqavilələr üzrə qalıq borcu 5194,44 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəməyə iclasında iştirak edə bilməyəcəyəni və iddia tələbini müdafiə etdiklərini bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27.03.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC 13 ay müddətinə cəmi 1799 manat məbləğinin ödənilməsi şərti ilə əşyanı cavabdehə satmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27.06.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC 12 ay müddətinə cəmi 1399 manat məbləğinin ödənilməsi şərti ilə əşyanı cavabdehə satmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.09.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC 13 ay müddətinə cəmi 3481,7 manat məbləğinin ödənilməsi şərti ilə əşyanı cavabdehə satmışdır. İddiaçı MMC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 27.06.2019-cu il tarixli müqaviləyə əsasən 1047,35 manat ödənilməmiş əsas borcu, 213,66 manat cərimə borcu olmaqla ümumilikdə 1261,6 manat, 27.03.2019-cu il tarixli müqaviləyə əsasən 800,39 manat ödənilməmiş əsas borcu, 163,52 manat cərimə borcu olmaqla ümumilikdə 963,91 manat, 09.09.2019-cu il tarixli müqaviləyə əsasən 3346,7 manat ödənilməmiş əsas borcu, 695,77 manat cərimə borcu olmaqla ümumilikdə 4042,47 manat borcu vardır. Sözügedən müqavilələrin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Az. Res. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqaviləsi üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı "xxxx" MMC-nin həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələb olunan borcun məbləği hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, cavabdeh tərəfindən 5194,44 manat məbləğində ödənilməmiş əsas borc qalmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələblərinin ödənişi gecikdirməyə görə hesablanmış cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin cərimə azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə müqavilələrdən irəli gələn ödənilməmiş əsas borcun 5194,44 manat məbləğində müəyyən olunduğu halda, ödənişin gecikdirilməsinə görə hesablanmış 1072,96 manat məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 100 manat məbləğində müəyyən edilməsinin məqsədəuyğun olması nəticəsinə gəlir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi isə qismən təmin olunduğundan, ödənilmiş 82,67 manat dövlət rüsumunun 50 manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, qanunvericiliyin istinad edilən müddəalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27.03.2019-cu il, 27.06.2019-cu il və 09.09.2019-cu il tarixli müqavilələr ləğv edilməli, həmin müqavilələr üzrə ödənilməmiş 5194,44 manat əsas borc və 100 manat dəbbə pulu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş rüsumunun 50 manat məbləğində hissəsi olmaqla, cəmi 5344,44 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27.03.2019-cu il, 27.06.2019-cu il və 09.09.2019-cu il tarixli müqavilələr ləğv edilsin, həmin müqavilələr üzrə yaranmış 5194,44 manat əsas borc və 100 manat dəbbə pulu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 50 manat məbləğində hissəsi olmaqla, cəmi 5344,44 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar