Məhkəmə qərarları › İş №e-2(009)-29/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-29/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-29/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X9, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair ilkin iddia ərizəsi, Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 X7 və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliklərin İİİ şəxsə verilməsi barədə” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 313382.99 (üç yüz on üç min üç yüz səksən iki manat 99 qəpik) manat - bundan 136123.54 (bir yüz otuz altı min bir yüz iyirmi üç manat 54 qəpik) manat əsas, 67372.50 (altmış yeddi min üç yüz yetmiş iki manat 50 qəpik) manat faiz və 109886.95 (bir yüz doqquz min səkkiz yüz səksən altı manat 95 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 603.38 (altı yüz üç manat 38 qəpik) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında ünvan 1 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixində müqavilə imzalanmışdır. Bundan sonra, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yeni Həyat filialı (Borcverən) ilə Cavabdeh2 (İ Borcalan) və Cavabdeh1 MTK (İİ Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 kompleksində mənzil alınması məqsədi ilə 120 (yüz iyirmi) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 147465 (bir yüz qırx yeddi min dörd yüz altmış beş) manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadına əsasən ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh1 layihəsinə aid kredit portfeli banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi qərara alınmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, MTK və müştəri birgə borcalanlar hesab edilirlər. Kredit müqaviləsinin 2.3-cü maddəsində qeyd edilmişdir ki, birgə borcalanlar bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 3.8-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, birgə borcalanlar üzərinə düşən öhdəlikləri lazımınca icra etməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra etməməsi təqdirdə bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini və öhdəliklərinin icrasını təmin edəyəcəyini vəd edir. Həmçinin, xx.xx.2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 (doxsan) gündən artıq gecikdirildikdə, kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 (beş) iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştəridən tələb edilməsi hüququ kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri bank təqdim etməlidir. Həmin müqavilənin 7.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, tərəflər öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə qarşı tərəfə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Bu halda bu müqavilənin 4-cü bölməsində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər. Fond tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********724 saylı xx.xx.2023-cü il tarixli, **********415 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq və **********595 saylı xx.xx.2022-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişdirlər. xx.xx.2023-cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 313382.99 (üç yüz on üç min üç yüz səksən iki manat 99 qəpik) manat təşkil edir. 136123.54 (bir yüz otuz altı min bir yüz iyirmi üç manat 54 qəpik) manat əsas, 67372.50 (altmış yeddi min üç yüz yetmiş iki manat 50 qəpik) manat faiz və 109886.95 (bir yüz doqquz min səkkiz yüz səksən altı manat 95 qəpik) manat cərimə borcu təşkil edir. Daha sonra Cavabdeh2 X7 və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliklərin İİİ şəxsə verilməsi barədə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin borcalan kimi X4 verilməsi və kredit müqaviləsində dəyişiklik edilərək borcalan kimi onun adının göstərilməsi və bu kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının ondan tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri: onunla "xxxx" ASC-nin “Yeni həyat” filialı ilə Cavabdeh1 kompleksində mənzil almaq məqsədilə 120 ay müddətinə, illik 12% olmaqla 147465 manat məbləğində kreditin götürülməsi barədə xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Eyni zamanda, "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında ünvan 2 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin bank tərəfindən kreditləşməsi barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən də Cavabdeh1 MTK tərəfindən kreditlə satılan mənzillər bank tərəfindən götürülmüş kreditin təminatı olaraq girov kimi götürülürdü. Həmin vaxt ona satılmış bu mənzil də bank tərəfindən girov götürülmüşdür. Nəzərə çatdırır ki, həmin bu müqavilə bağlanandan bir müddət sonra maliyyə vəziyyətində yaranan çətinliklərlə əlaqədar bu kredit müqaviləsi üzrə ödənişlərdə problemlər yarandı. Ona görə də Cavabdeh1 MTK-nın rəhbərliyinə müraciət edərək maddi vəziyyətinin çətinliyi ilə əlaqədar aralarında bağlanmış müqavilələrə xitam verilməsi və bu mənzilin geri qaytarılmasını xahiş etmişdi. Cavabdeh1 MTK-nın rəhbərliyi "xxxx" ASC-nin rəhbərliyi ilə danışıb razılaşaraq onun müraciətinə müsbət cavab verilmiş və bundan sonra həm bankın, həm də MTK-nın razılığı ilə bu mənzil X3 adına keçirilmişdir. Həmin vaxtdan da bu mənzil onun tərəfindən Cavabdeh1 MTK-ya təhvil verilmişdir. Artıq bu prosesdən 8 ilə yaxın vaxt keçmişdir və bu müddət ərzində nə bank tərəfindən, nə də Cavabdeh1 MTK tərəfindən bu mənzillə əlaqədar onnu heç kim narahat etməmişdir. Yalnız bu günlərdə ona məxsus olan avtomobilləri satmaq istəyərkən həmin avtomobillərin üzərinə məhkəmə qərardadı ilə həbs qoyulduğundan xəbərdar olmuşdur. Yalnız bundan sonra belə bir məhkəmə mübahisəsinin olduğundan məlumatlanmış və hal-hazırki qarşılıqlı iddia ərizəsi ilə də məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddiaya etirazın dəlilləri: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş iddia ərizəsində iddia tələbinin borcalan kimi X4 verilməsini və kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının ondan tələb edilməsini xahiş edir. xx.xx.2014-cü il tarixli YH382/14 saylı kredit müqaviləsi kreditor "xxxx" ASC və borclular Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmışdır. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində "xxxx" ASC-nin razılığı ilə mənzili X1 bildirmişdir. Qeyd edilir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında mənzilin çıxarışı olmadığından ipoteka müqaviləsi bağlanmamışdır. Yəni bankın və ya Fondun sözügedən mənzil üzərində hər hansı tələb hüququ yoxdur. Bildirilir ki, Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi üzrə borclulardan kredit borcunun qaytarılması tələb edir. Yəni sözügedən mənzilin başqalarına satılması ilə iddia tələbi arasında heç bir əlaqə mövcud deyildir. Mənzilin başqa şəxsləri satılması borc öhdəliklərinin onlara ötürülməsi mənasına gəlmir. Cavabdeh2 ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh2 həmin müqavilənin bağlanmasını qarşılıqlı iddia ərizəsində etiraf edir. Hal-hazırda kreditor tərəfindən borcludan həmin öhdəliyin icrası tələb edilir. Borclu Cavabdeh2 xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərindən kənar hüquq münasibətləri kreditorun iddia tələbi ilə əlaqələndirilə bilməz. Cavabdeh2 borcun ötürülməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, borcun ötürülməsi ilə bağlı "xxxx" ASC-ə və ya Əmanətlərin Sığortalanması Fondundan razılıq almamışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X13 iddianı müdafiə edərək iddianın təmin, qarşılıqlı ididanın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək iddianın rədd, qarşılıqlı ididanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, bu müqavilənin predmetini ünvan 1 ünvanında tikintisi aparılan “Azure Parkinq” çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 10 il müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH-382/14 saylı kredit müqaviləsindən görünür ki, ünvan 1 ünvanında tikintisi aparılan “Azure Parkinq” kompleksində mənzil alınması məqsədi ilə bank kredit alana 120 ay müddətinə, illik 12 faiz olmaqla 147465 manat məbləğində kredit vermişdir. Birgə borcalanlar bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 YH-382/14 saylı kredit müqaviləsi üzrə 136123.54 AZN əsas, 67372.50 AZN faiz, 109886.95 AZN cərimə, cəmi 313382.99 AZN borcu yaranmışdır. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış bildirişlərdən görünür ki, xx.xx.2014-cü il tarixli, YH-382/14 saylı kredit müqaviləsinə əsasən cavabdeh banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 6, yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2 xx.xx.2018-ci il tarixdən X6 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 6, yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2 xx.xx.2019-cu il tarixdən X11 X10 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 6, yeni qaydalarla AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2 xx.xx.2022-ci il tarixdən X8 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209cu məhəllə, ev 27A, mənzil 6, yeni qaydalarla AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2 xx.xx.2023-cü il tarixdən X5 adına qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən bu müqavilənin predmetini ünvan 1 ünvanında tikintisi aparılan “Azure Parkinq” çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 10 il müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH-382/14 saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında tikintisi aparılan “Azure Parkinq” kompleksində mənzil alınması məqsədi ilə bank kredit alana 120 ay müddətinə, illik 12 faiz olmaqla 147465 manat məbləğində kredit vermişdir. Birgə borcalanlar bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışlarına əsasən, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 6, yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2 xx.xx.2018-ci il tarixdə X6 adına qeydiyyata alınmış, daha sonra isə onun tərəfindən özgəninkiləşdirilmiş və müxtəlif vaxtlarda digər şəxslərin adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 522-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər Cavabdeh1 MTK İddiaçı ilə arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və müqavilə şərtlərinə uyğun olaraq cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə cavabdehlər Cavabdeh1 MTK-nın və Cavabdeh2 əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbinin həcminə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 136001.44 manat, faiz borcu üzrə 66787.58 manat müəyyən olunmuşdur. Azərbaycan Republikası MPM-nin: - 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, rəyin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Məhkəmə ekspert rəyini əsas borca və faiz borcuna aid hissədə sübüt növü kimi qiymətləndirir və hesab edir ki, əsas borc üzrə 136001.44 manat, faiz borcu üzrə 66787.58 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “109886.95 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını və müqavilə üzrə ödənilməli ola əsas və faiz borcunun məbləğini nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 109886.95 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 1000 (min) manat məbləğində müəyyən edilməsinin cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə, Cavabdeh2 X7 və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliklərin İİİ şəxsə verilməsi barədə” qarşılıqlı iddia ərizəsi üzrə qeyd edir ki, kredit müqaviləsində müqavilənin tərəfi Cavabdeh2 olduğundan, kredir öhdəliklərinin digər şəxslərə ötürülməsi barədə hər hansı bir razılaşma olmadınından, razılaşma olsa belə buna kreditorun razılığı olmadığından xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin borcalan kimi X4 verilməsi və kredit müqaviləsində dəyişiklik edilərək borcalan kimi X3 adının göstərilməsi və bu kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının X2 tələb edilməsi barədə qarşılıqlı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 136001.44 (bir yüz otuz altı min bir manat qırx dörd qəpik) AZN əsas, 66787.58 (altmış altı min yeddi yüz səksən yeddi manat əlli səkkiz qəpik) AZN faiz, 1000 (bir min) AZN cərimə, cəmi 203789.02 (iki yüz üç min yeddi yüz səksən doqquz manat iki qəpik) AZN borc və ödənilmiş dövlət rüsumunun 493.79 (dörd yüz doxsan üç manat yetmiş doqquz qəpik) AZN hissəsi tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 X7 və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliklərin İİİ şəxsə verilməsi barədə” tələbinə dair iddiası rədd edilməli, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu onu vermiş şəxsə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 136001.44 (bir yüz otuz altı min bir manat qırx dörd qəpik) AZN əsas, 66787.58 (altmış altı min yeddi yüz səksən yeddi manat əlli səkkiz qəpik) AZN faiz, 1000 (bir min) AZN cərimə, cəmi 203789.02 (iki yüz üç min yeddi yüz səksən doqquz manat iki qəpik) AZN borc və ödənilmiş dövlət rüsumunun 493.79 (dörd yüz doxsan üç manat yetmiş doqquz qəpik) AZN hissəsi tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh2 qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar