Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-292/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçınun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçınun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600.000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə olan ekvivalent Azərbaycan məzənnəsi ilə) və ödənilmiş 1300 manat dövlət rüsumunun İddiaçı Müseyib oğlunun xeyrinə tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariisu X1 tərəfindən təsdiq edilmiş “kredit müqaviləsi”nə əsasən “borc verən” İddiaçı tərəfindən “borc alan” Cavabdeh 600000 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2016-cı il tarixədək qaytarılması şərti ilə borc kimi verilmişdir. Borc məbləği qaytarılmadığından xx.xx.2020-ci il tarixdə “kredit müqaviləsi”nin arxa səhifəsində Cavabdeh tərəfindən qeyd yazılaraq borc məbləğinin yaxın zamanda qaytarılacağı bildirilmişdir. Lakin bugünə kimi də heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehin ünvanına pretenziya göndərilsə də, məktub geri qayıtmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göründüyü kimi cavabdeh iddiaçının pul vəsaitinin vaxtında qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar iddiaçı əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, həmin vəsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklarından birinə depozit olaraq qoyulsaydı, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən iddiaçı həmin pul vəsaiti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsəydi gəlir əldə edə bilərdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin 13 saylı cəzaçəkmə müəssisəsindən ünvanladığı ərizədə məhkəmə iclasında onun nümayəndəsi olan qardaşı Nümayəndə onun adından məhkəmədə çıxış etmək, izahat vermək və onun nümayəndəsi olmaq barədə hər hansı səlahiyyət vermədiyini bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh 600.000 ABŞ dolları məbləğində pulu notarius X1 tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən borc vermişdir. “Borc alan” Cavabdeh krediti xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsində Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış qeyddən görünür ki, o, İddiaçı aldığı 600000 ABŞ dollarını xx.xx.2016-cı il tarixdə qaytarmamışdır və yaxın zamanlarda qaytarmağa söz verir. İş materiallarında olan pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 600000 ABŞ dolları məbləğində borc pulun verilməsi barədə kredit müqaviləsi bağlanılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri pozaraq xx.xx.2016-cı il tarixədək götürmüş pulu iddiaçıya ödəməmiş və bununla da müqavilənin şərtini pozmuşdur. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə 600000 ABŞ dolları məbləğində pulun müqavilədə göstərilən müddət ərzində iddiaçıya qaytarılması öhdəliyini üzərinə götürsə də, bu öhdəliyi icra etmədiyindən, irəli sürülmüş iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Müseyib oğlunun xeyrinə 600.000 (altı yüz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti və ödənilmiş 1300 (min üç yüz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-292/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-292/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver