Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2921/2025 05.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi A.N.Məmmədovun, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş və onunla Cəmiyyət arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən cavabdeh avtobus sürücü vəzifəsinə qəbul edilmiş və xx.xx.2024-cü il tarixədək öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilənədək İddiaçı MMC-də çalışmışdır. Cavabdeh əmək müqaviləsi üzrə xidməti vəzifəsini yerinə yetirən zaman müvafiq vəzifə təlimatları üzrə öhdəlikləri bir neçə dəfə pozmuş və o cümlədən inzibati xətalara yol verərək yol-nəqliyyat hadisələri törətmiş, nəticədə isə Cəmiyyətin əmlakına maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixdə 595 nömrəli marşrut xətti üzrə xidmətdə olan zaman Sumqayıt şəhər Avtovağzalı ərazisində idarə etdiyi “X1” markalı, **-JH-*** dövlət qeydiyyat nömrəli avtobusla geriyə hərəkət edərkən eyni xətt üzrə xidmətdə olan İddiaçı MMC-yə məxsus “X1” markalı, **-JH-*** dövlət qeydiyyat nömrəli avtobusu qabaq hissədən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisənin törədilməsində özünün günahkar olduğunu müəyyən etdiyi üçün DYP-nə və sığorta şirkətinə məlumat verməkdən imtina edib hər iki avtobusa dəymiş ziyanı könüllü olaraq ödəyəcəyini öz izahatında etiraf etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtobus müvəqqəti yararsız hala düşmüş və təmir olunmaları üçün **-JH-*** dövlət qeydiyyat nişanlı avtobus 28 gün müddətində xidmətdən kənarlaşdırılmış, istismara buraxılmamışdır. Sərvis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 11360 nömrəli Zərər Aktına əsasən hadisnin baş verdiyi vaxt cavabdehin zədələdiyi “X1” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa 5312,53 manat məbləğində maddi ziyan dəymişdir, özünün idarə etdiyi “X1” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa isə maddi ziyan dəyməmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı MMC-nin əmlaka (avtobusa) dəymiş 5312,53 manat ziyan məbləğinin, 73,13 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 0,40 manat, ümumilikdə 5386,06 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, hadisənin baş verməsində onun təqsiri olmuşdur. O, rəhbərliyin qəbuluna düşmək istəsə də, buna nail ola bilməmişdir. Bildirmişdir ki, ziyanı ödəməkdən boyun qaçırmır, onu işdən çıxarmışlar. O, təşkilatda hər hansı bir yüngül işdə işləməyə də razı idi, lakin onun bu istəyinə cavab verən olmadı. O, ürək əməliyyatı keçirtmişdir, bununla əlaqədar onu işdən azad etmişlər. Borcu bu səbəbdən ödəyə bilməmişdir. Hazırda maddi imkanı yoxdur ki, ziyanı ödəsin. Hətta səhhəti ilə bağlı dərman preparatlarını almağa da maddi imkanı yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı MMC-nin 13-18/3-2-2409 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq və İddiaçı MMC-nin Nizamnaməsinin 7.3.12-ci bəndini rəhbər tutaraq Cavabdeh və qeyriləri ilə xx.xx.2023-cü il tarixdən 1 ay sınaq müddəti müəyyən edilməklə İddiaçı MMC-nin Marşrut xətlərinin idarəolunması şöbəsində 3 ay müddətinə əmək müqaviləsi bağlanılması və avtobus sürücüsü vəzifəsinə işə qəbul edilməsi, hesablanmış aylıq əmək haqqın hər biri üçün 345 manat məbləğində təyin edilməsi əmr edilmişdir. Əmrin əsası kimi MXİŞ-nin xx.xx.2023-cü il tarixli xidməti məlumatı və şəxslərin ərizələri. İş üzrə Tam maddi məsuliyyət haqqında xx.xx.2023-cü il tarixli müqaviləsinin surətinə əsasən sürücü Cavabdeh ona etibar edilən maddi dəyərlilərə və habelə edilmiş işlərə qayğı ilə yanaşmağı və eyni zamanda heç bir halda maddi dəyərlərə ziyan gətirməməyi öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixdə tərtib edilmiş xidməti məlumat formasının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə mexanik-koordinator Eynullayev Orxan “Neoplan” markalı, **-JH-*** dövlət qeydiyyat nömrəsi avtobusa baxış keçirən zaman S0, Q3 və Q4 hissələrinin zədələndiyi aşkarlanmışdır. Aşkarlanan zədə 368005 nömrəli yoxlama aktında qeyd edilib və sürücü Cavabdeh aktı imzalayıb. Odur ki, qeyd olunan hadisənin araşdırılmasına göstəriş verilməsini xahiş etmişdir. İş üzrə İddiaçı servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli zərər aktının surətinə əsasən «Neoplan Cityliner» markalı **-JH-*** dövlət nömrə nişanlı avtobusun təmiri üçün 534,73 manat, ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 4.777,80 manat, cəmi 5.312,53 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş MXİŞ-nin avtobus sürücüsü Cavabdeh haqqında xx.xx.2024-cü il tarixli xidməti məlumatdan görünür ki, Cavabdeh xx.xx.1970-ci ildə anadan olmuşdur. xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-nin Marşrut xətlərinin idarəetmə şöbəsində avtobus sürücüsü vəziyəsinə işə qəbul olunmuşdur. Dispetçerin icazəsi olmadan depoya qayıdıb və xx.xx.2016-cı il tarixdə “Sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Sərnişinlərin kart vurubvurmamasına nəzarət etməyib, siqaret çəkmiş, telefonla danışmış və xx.xx.2016-cı il tarixdə “Töhmət” verilmişdir. Avtobusa baxış keçirilən zaman zədəli olduğu aşkarlanmış və xx.xx.2016-cı il tarixdə 17,7 manat məbləğin əmək haqqından tutulması barədə əmr verilmişdir. Xidmət zamanı “Nissan” markalı avtomobil ilə yol nəqliyyat hadisəsi törədərək Cəmiyyətdə 14156,66 manat məbləğində maddi ziyan vurmuşdur. xx.xx.2017-ci il tarixdə sığortadan azad olunma məbləğindən 500 manat məbləğin əmək haqqından tutulması barədə əmr verilmişdir. Qeyd: sonuncu hadisəsinə görə rəhbərliyin göstərişinə əsasən işdən çıxış ərizəsi alınaraq xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə ikinci dəfə İddiaçı MMC-niin Marşrut xətlərinin idarəolunması şöbəsində avtobus sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə xidmət zamanı yol-nəqliyyat hadisəsi törətmiş və xx.xx.2023-cü il tarixdə 55,93 manat ümumi ziyan məbləğindən 20 manat məbləğin əmək haqqından tutulması barədə əmr verilmişdir. xx.xx.2023-cü il tarixdə xidmət zamanı avtobusu zədələmiş və xx.xx.2024-cü il tarixdə 147,97 manat ümumi ziyan məbləğindən 40 manat məbləğin əmək haqqından tutulması barədə əmr verilmişdir. Qeyd: xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin müddəti bitir. İş üzrə İddiaçı MMC-nin işdən azad olunma ilə bağlı xx.xx.2024-cü il tarixli qeyd vərəqəsinin surətindən görünür ki, İddiaçı MMC-nin MXİŞ-nin avtobus sürücüsü (595 N-li xətti) Cavabdeh səhhəti ilə əlaqədar (infarkt) işdən çxmışdır. Əlavə qeydlər: xx.xx.2024-cü il tarixdə sürücü Cavabdeh idarə etdiyi **-JH-*** dövlət qeydiyyat nişanlı “Neoplat” markalı avtobusu Əliyev Amid (12290) idarə etdiyi **-JH-*** dövlət qeydiyyat nişanlı “Neoplan” markalı avtobusu vurub zədələyib, nəticədə avtobusa (**-JH-***) 5312,53 manat ziyan dəyib. Digər **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərər müəyyənləşmədiyi üçün materialın icrası ləngiyir. İş üzrə xxxxxxx0008X0 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 13-18/3- 2-1592 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birininin təşəbbüsü) əsasən xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsinə işə götürülmüşdür. Eyni zamanda əmək müqaviləsinə əlavə olaraq tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh “X1” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusda sürücü vəzifəsində işləyən zaman xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus “X1” markalı, **- JH-*** dövlət qeydiyyat nişanlı avtobusa 5.312,53 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdehlə əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş, cavabdeh cəmiyyət qarşısında yaranmış 5.312,53 manat borcu ödəməmişdir. Bu səbəbdən iddiaçı həmin pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Məhkəmə qeyd edir ki, əmək-hüquq normaları ilə nəzərdə tutulan maddi məsuliyyət hüquqi məsuliyyətin müstəqil növlərindən biridir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək vəzifələrini yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Əmək sahəsində işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti üzrə münasibətlər əmək münasibətləri ilə sıx bağlı olduğuna görə əmək qanunvericiliyinə tənzimlənir. Əmək müqaviləsinin tərəfi kimi işəgötürənin və işçinin əmək müqaviləsi üzrə hüquq və vəzifələri Əmək Məcəlləsinin 9-12-ci maddələrində təsbit olunmuşdur. İşəgötürənin və işçinin qarşılıqlı hüquq və vəzifələrinin realizəsi məsuliyyət tədbirləri ilə təmin edilir. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işçi öhdəliklərini yerinə yetirərkən vurduğu ziyana görə əmək qanunvericiliyində və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada maddi məsuliyyət daşıyır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçı maddi ziyan vurulduğundan, o hazırki iddia ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanılmasını, vurulan ziyanla bağlı cavabdehin iddiaçı qarşısında öhdəliyinin olmasını, cavabdeh tərəfindən həmin ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 73,13 manat və xidmət haqqı kimi ödənilmiş 0,40 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş ziyanın əvəzi kimi 5.312,53 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 73,13 manat və xidmət haqqı kimi ödənilmiş 0,40 manat, cəmi 5.386,06 (beş min üç yüz səksən altı manat, altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2921/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2921/2025
05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver