Məhkəmə qərarları › İş №e-2(009)-3066/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-3066/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-3066/2021 29.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2437 (iki min dörd yüz otuz yeddi) manat məbləğində əsas borc, 244 (iki yüz qırx dörd) manat məbləğində cərimə borcu və 46,81 (qırx altı manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2727 (iki min yeddi yüz iyirmi yeddi manat səksən bir qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış R0006233/20 nömrəli, 09.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 18 ay müddətinə 2737 manat dəyərində olan “HP Probook” markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə 300 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 2437 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, 19.10.2021-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış R0006233/20 nömrəli, 09.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 18 ay müddətinə 2737 manat dəyərində olan “HP Probook” markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə 300 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 2437 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, 19.10.2021-ci il tarixdə isə yazılı xəbərdarlıq edilsə də, borclu öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0006233/20 nömrəli, 09.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə uyğun olaraq, əmtəə (əşya) "Alıcı"ya təhvil verildiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə "Satıcı" tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddasində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc mablağinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödanilməsi tələb edilə bilər. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, “R0006233/20 nömrəli, 09.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh 2437 (iki min dörd yüz otuz yeddi) manat məbləğində əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “244 (iki yüz qırx dörd) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilədən irəli gələn “HP Probook” markalı əşya üçün 2437 (iki min dörd yüz otuz yeddi) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və 244 (iki yüz qırx dörd) manat dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 46,81 (qırx altı manat səksən bir qəpik) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 16,81 (on altı manat səksən bir qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “HP Probook” markalı əşya üçün 2437 (iki min dörd yüz otuz yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 2487 (iki min dörd yüz səksən yeddi) manat borc və ödənilmiş 46,81 (qırx altı manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun 16,81 (on altı manat səksən bir qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “HP Probook” markalı əşya üçün 2437 (iki min dörd yüz otuz yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 2487 (iki min dörd yüz səksən yeddi) manat borc və ödənilmiş 46,81 (qırx altı manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar