Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-405/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçı – Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 21 fevral 2025-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4700 manat pulun və 67 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mən Ağcabədi şəhərində yaşayıram. Əvvəllər tanıdığım və münasibətdə olduğum Cavabdeh ehtiyac olduğu üçün aramızda olan razılaşmaya əsasən 18 mart 2024-cü ildə ümumilikdə 5000 manat borc pul vermişəm. Həmin pulu Cavabdeh məxsus banka kartına göndərmişəm. Qəbzin surətni işə əlavə edirəm. Sonradan həmin puldan cavabdeh 300 manat hissəsini mənə qaytarmışdır. Qalan pulu isə borclu Cavabdeh dəfələrlə tələb etsəmdə borclu olduğu 4700 manat pulu geri qaytarmır və hər dəfə bir müxtəlif bəhanələrlə geri qaytarmaqdan yayınır. Beləliklə cavabdehin mənə 4700 manat məbləğində borcu yaranmışdır. Bir neçə dəfə cavabdehə borcunu ödəməsini tələb etsəmdə o , mənə yalan vədlər verir və məni aldadır. Bu səbəbdən də məhkəmədə iddia qaldırmalı oldum. İddiaçı ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 21996 və 11305 nömrəli qəbzlərin surətlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə 510307******3527 nörməli kapital banka məxsus plastik karta ayrı-ayrılıqda 2000 və 3000 manat olmaqla ümumilikdə 5000 manat məbləğində pul köçürülmüşdür. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı 27 yanvar 2025-ci il tarixli məktubda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə 2000 və 3000 manat vəsaitin köçürüldüyü 510307******3527 nörməli plastik kartın Cavabdeh adına olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan borc pul istəmiş və iddiaçı ona geri qaytarılması şərtilə ümumilikdə 5000 manat məbləğində pulu cavabdehə borc vermişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliklərini tam yerinə yetirməyərək, həmin məbləğdən yalnız 300 manat hissəni iddiaçıya geri qaytarmış, qalan qalıq məbləği isə hazırki vaxta kimi iddiaçıya geri qaytarmamışdır. AR Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qanunvericiliyin tələbindən göründüyü kimi, borc müqaviləsində yazılı əqdin konkret hansı formada bağlanması nəzərdə tutulmadığından, yazılı əqd sadə və ya notariat qaydasında da ola bilər. Göründüyü kimi, iddiaçı 2017-ci ildən yaranmış borcları tələb etməsi üçün yazılı (sadə və ya notariat) müqavilə təqdim etməlidir. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə hesab edir ki, iddiaçı 2024-cü ildən yaranmış borcu tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqd əhəmiyyətsizdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrininəlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Hazırki halda iddiaçının tələb etdiyi 2024-cü ildən yaranmış pul əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, cavabdehin əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyindən iddiaçı cavabdehdən 2024-cü ildə verdiyi puldan 4700 manat vəsaitin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 67 manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4,700 (dörd min yeddi yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Ödənilmiş 67 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-405/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-405/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver