Məhkəmə qərarları › İş №e-2(009)-461/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-461/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-461/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 75.000 (yetmiş beş min) ABŞ dolları əsas borcun, həmin borcdan istifadə haqqının və 773 gün gecikdirilmiş icraya görə faizlərin, ödənilmiş 417.5 (dörd yüz on yeddi manat əlli qəpik) manat dövlət rüsumunun Cavabdeh İddiaçı1 xeyrinə tutulması; 293.000 (iki yüz doxsan üç min) ABŞ dolları əsas borcun, həmin borcdan istifadə haqqının və 742 gün gecikdirilmiş icraya görə faizlərin, ödənilmiş 498 (dörd yüz doxsan səkkiz) manat dövlət rüsumunun Cavabdeh İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən: 03 dekabr 2020-ci il tarixli borc müqaviləsi əsasında, cavabdehə 31 noyabr 2021-ci ilədək qaytarılması şərtilə 85.000 (səksən beş min) ABŞ dolları verilmiş, lakin həmin borc məbləğinin qaytarılması öhdəliyini Cavabdeh yerinə yetirməmişdir. Cavabdeh 85.000 (səksən beş min) ABŞ dolları borc məbləğini 30 noyabr 2021-ci ilədək qaytarmaq öhdəliyini yerinə yetirə bilmədiyindən onun müraciəti nəzərə alınaraq müqavilənin müddətinin 1 (bir) il müddətinə, yəni 30 noyabr 2022-ci ilədək uzadılması barədə 03 dekabr 2020-ci il tarixli Borc Müqaviləsinə 1 saylı Əlavə imzalanmışdır. Sonradan 28 avqust 2024-cü il tarixli müqaviləyə 2 saylı Əlavə ilə borcun qaytarılma müddəti 30 noyabr 2024-cü ilədək uzadılmışdır. Lakin cavabdeh yenə də öz öhdəliyini yerinə yetirməkdən kobud şəkildə yayınmağı davam etdirmişdir. 03 dekabr 2020-ci il tarixli Müqavilənin 12-ci bəndinə görə, borc alan təsdiq və bəyan etmişdir ki, bu müqavilə üzrə öhdəliklərinin təminatı kimi onun və ailə üzvlərinin Azərbaycan Respublikasında evləri (mənzilləri), ticarət və kommersiya obyektləri, torpaq sahələri, avadanlıqları, avtomaşınları və s. əmlakı vardır və borcun qaytarılmasında hər hansı çətinlik yarandığı halda, əmlakları dərhal realizəyə başlayıb borc məbləğini vaxtında qaytaracaqdır. Müqavilənin 10-cu bəndinə görə Borc alan borc məbləğini qaytarmağı gecikdirdikdə, borc məbləğindən əlavə, gecikdirilən hər gün üçün vaxtında qaytarılmayan borcun 0,2 faizi məbləğində borc verənə cərimə ödəməlidir. Müqavilə üzrə gecikdirmə müddəti 12 yanvar 2025-ci ilə 773 gün təşkil edir. Öhdəliyin icra edilməsi və mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə dəfələrlə şifahi, o cümlədən yazılı müraciətlər edilsə də, cavabdeh öz öhdəliklərini icra etməkdən açıq-aşkar yayınır, müxtəlif vədləri yalan çıxır, son vaxtlar telefon zənglərinə belə cavab vermir. İddiaçı Atakişiyevlə Cavabdeh arasında bağlanılmış 31 avqust 2022-ci il tarixli borc müqaviləsinə əsasən 31 avqust 2023-cü ilədək qaytarmaq şərti ilə 300000 (üç yüz min) ABŞ dolları borc verilmişdir, lakin həmin borcu və ondan razılaşdırılmış istifadə haqqını İbadov qaytarmamışdır. İbadovun təkidli müraciətləri və vədləri nəticəsində borcun qaytarılması müddəti Müqaviləyə 28 avqust 2024-cü il tarixli Əlavə ilə 30 dekabr 2024-cü ilədək uzadılmışdır. 31 avqust 2022-i il tarixli Borc müqaviləsinə görə İbadov borc məbləğini borcdan istifadəyə görə haqq daxil olmaqla göstərilən son tarixədək tam qaytarmağı qeyd-şərtsiz öhdəsinə götürmüşdür (Müqavilənin 3-cü, 4-cü və 7-ci bəndləri). Bu öhdəliyin hər hansı halla əlaqədar dəyişdirilə və ya azaldıla və ya aradan qalxa bilməyəcəyi razılaşdırılmış və borc alan təsdiq və bəyan etmişdir ki, bu müqavilə üzrə öhdəliklərinin təminatı kimi onun və ailə üzvlərinin Azərbaycan Respublikasında evləri (mənzilləri), ticarət və kommersiya obyektləri, torpaq sahələri, avadanlıqları, avtomaşınları və s. əmlakı vardır və borcun qaytarılmasında hər hansı çətinlik yarandığı halda, əmlakları dərhal realizəyə başlayıb borc məbləğini vaxtında qaytaracaqdır. Müqavilənin 9-cu bəndinə görə Borc alan borc məbləğini qaytarmağı gecikdirdikdə, borc məbləğindən əlavə, gecikdirilən hər gün üçün vaxtında qaytarılmayan borcun 0,2 faizi məbləğində borc verənə cərimə ödəməlidir. Birinci müqavilə üzrə gecikdirmə müddəti 12 yanvar 2024-cü ilə 742 gün təşkil edir. Öhdəliyin icra edilməsi və mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilsə də, cavabdeh öz öhdəliklərini icra etməkdən açıq-aşkar yayınır, müxtəlif vədləri yalan çıxır, son vaxtlar telefon zənglərinə belə cavab vermir. Belə görünür ki, cavabdeh pulu borc adı ilə alarkən aldatmadan istifadə etmişdir və həmin yolla da gedir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa görə, məhkəməyə müraciət edilərkən 915,6 (doqquz yüz on beş manat altmış qəpik) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixndə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanılmış borc müqavilələrinə görə əsas borcun və istifadə haqqının vaxtında qaytarıİmamasının gecikdirilmiş hər gününə görə cavabdeh 0,2 faiz məbləğində cərimə ödəməlidir. Cavabdeh borc məbləğindən öz adından və ailə üzvləri adından və şirkətlər vasitəsilə, xüsusilə ''İBD GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:4********) daimi mal dövriyyəsində istifadə etməklə fasiləsiz olaraq qazanc əldə etmişdir. İddiaçılar bir daha xoş məram göstərərək həm istifadə haqqının, həm də cərimələrin məbləğini aşağı məbləğlərdə tələb edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-6 maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Cavabdeh 60.000 (altmış min) ABŞ dolları əsas borcun, həmin borcdan razılaşdırılmış istifadə haqqı güzəştli hesablanmaqla 20.000 (iyirmi min) ABŞ dollarının, güzəştli hesablanmaqla gecikdirməyə görə 10000 (on min) ABŞ dollarının, ödənilmiş 417.5 (dörd yüz on yeddi manat əlli qəpik) manat dövlət rüsumunun İddiaçı1 xeyrinə tutulması; Cavabdeh 286.000 (iki yüz səksən altı min) ABŞ dolları əsas borcun, həmin borcdan razılaşdırılmış istifadə haqqı güzəştli hesablanmaqla 48.000 (qırx səkkiz min) ABŞ dollarının, güzəştli hesablanmaqla gecikdirməyə görə 24.000 (iyirmi dörd min) ABŞ dollarının, ödənilmiş 498 (dörd yüz doxsan səkkiz) manat dövlət rüsumunun İddiaçı2 xeyrinə tutulması barədə qətnamə, AR MPM-nin 220.6-cı maddəsinə əsasən Cavabdeh bank hesablarında olan pul vəsitləri üzərinə qət edilmiş məbləğə müvafiq həbs qoyulması və "xxxx" MMC-nin (VÖEN**********) təsis payının və əmlakının özgəninkiləşdirilməsi və üzərinə yüklülük götürülməsinin qadağan olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixndə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən borc müqaviləsi üzrə 300000 (üç yüz min) ABŞ dolları əsas borcdan ödəniş etdiyini nəzərə alaraq, cavabdehdən İddiaçı2 xeyrinə tutulmalı olan əsas borcun 281.000 (iki yüz səksən bir min) ABŞ dolları hesab olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan “borc verən” İddiaçı1 ilə “borc alan” Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli Borc Müqaviləsindən görünür ki, cavabdehə 31 noyabr 2021-ci ilədək qaytarılması şərtilə 85.000 (səksən beş min) ABŞ dolları verilmişdir. Qeyd olunan Borc Müqaviləsinin 3-cü bəndinə əsasən borc alan borc məbləğini bir il, yəni 12 ay ərzində borcdan istifadəyə görə haqq da daxil olmaqla tam qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Müqavilənin 10-cu bəndinə görə borc alan borc məbləğini qaytarmağı və və ya istifadə haqqını ödəməyi gecirdikdə, borc məbləğindən və və ya istifadə haqqından əlavə, gecikdirilən hər gün üçün vaxtında qaytarılmayan və və ya ödənilməyən borcun 0,2 faizi məbləğində borc verənə cərimə ödəməlidir. İş materiallarında olan tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli Borc Müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavədən görünür ki, borc alanın müraciəti nəzərə alınaraq, 03 dekabr 2020-ci il tarixli Borc müqaviləsinin 1-ci bəndində 30 noyabr 2021-ci ilədək sözləri 30 noyabr 2022-ci ilədək sözləri ilə; 5-ci bəndində bir ildən sonra sözləri bir il ərzində sözləri ilə; 8-ci bəndində 03. Dekabr 2021-ci ilədək sözləri 30 noyabr 2022-ci ilədək sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli Borc Müqaviləsinə xx.xx.2024-cü il tarixli 2 saylı Əlavədən görünür ki, borc alanın müraciəti nəzərə alınaraq, 03 dekabr 2020-ci il tarixli Borc müqaviləsində 85.000 ABŞ dolları sözləri 75.000 ABŞ dolları sözləri ilə; 30 noyabr 2022-ci ilədək sözləri 30 noyabr 2024-cü ilədək sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan “borc verən” İddiaçı2 ilə “borc alan” Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli Borc Müqaviləsindən görünür ki, borc verən borc alana 31 avqust 2023-cü ilədək qaytarmaq şərti ilə 31 avqust 2022-ci ildə 300000 (üç yüz min) ABŞ dolları borc pul verir. Müqavilənin 3-cü bəndinə əsasən borc alan borc məbləğini bir il, yəni 12 ay ərzində borcdan istifadəyə görə haqq da daxil olmaqla tam qaytarmağı qeydşərtsiz olaraq öhdəsinə götürür. Müqavilənin 11-ci bəndinə görə borc alan borc məbləğini qaytarmağı və və ya istifadə haqqını ödəməyi gecirdikdə, borc məbləğindən və və ya istifadə haqqından əlavə, gecikdirilən hər gün üçün vaxtında qaytarılmayan və və ya ödənilməyən borcun 0,2 faizi məbləğində borc verənə cərimə ödəməlidir. İş materiallarında olan tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli Borc Müqaviləsinə xx.xx.2024-cü il tarixli 1 saylı Əlavədən görünür ki, borc alanın müraciəti nəzərə alınaraq, xx.xx.2022-ci il tarixli Borc müqaviləsinin 1-ci bəndində 31 avqust 2022-ci ilədək sözləri 30 dekabr 2024-cü ilədək sözləri ilə əvəz edilmişdir. Təqdim edilmiş Cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli “Öhdəlik”dən görünür ki, İddiaçı1 xx.xx.2020-ci ildə aldığı 85.000 ABŞ dolları borc məbləğini tam qaytaranadək borc məbləğindən istifadəyə görə hər ayın sonuncu günü 1000 ABŞ dolları istifadə haqqı ödəyəcəkdir. Təqdim edilmiş İddiaçı1 və Cavabdeh tərəfindən tərtib olunmuş Borc məbləği hesabına qaytarılmanın təsdiqi barədə qəbzdən görünür ki, borc verən İddiaçı1 və borc alan Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli (xx.xx.2021-ci il və xx.xx.2024cü il tarixli dəyişikliklərlə) Borc müqaviləsi üzrə 75.000 ABŞ dolları əsas borcdan borc alan Cavabdeh tərəfindən ödənilən 5.000 ABŞ dollarını xx.xx.2024-cü ildə İddiaçı1 aldı. Müqavilə üzrə əsas borc məbləği qalığı 70.000 ABŞ dollarıdır. Təqdim edilmiş İddiaçı1 və Cavabdeh tərəfindən tərtib olunmuş Borc məbləği hesabına qaytarılmanın təsdiqi barədə qəbzdən görünür ki, borc verən İddiaçı1 və borc alan Cavabdeh ilə bağlanılmış xx.xx.2020-ci il tarixli (xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixli dəyişikliklərlə) Borc müqaviləsi üzrə 75.000 ABŞ dolları əsas borcdan borc alan Cavabdeh tərəfindən ödənilən 5.000 ABŞ dollarını xx.xx.2025-ci ildə İddiaçı1 aldı. Müqavilə üzrə əsas borc məbləği qalığı 65.000 ABŞ dollarıdır. Təqdim edilmiş İddiaçı1 və Cavabdeh tərəfindən tərtib olunmuş Borc məbləği hesabına qaytarılmanın təsdiqi barədə qəbzdən görünür ki, borc verən İddiaçı1 və borc alan Cavabdeh ilə bağlanılmış xx.xx.2020-ci il tarixli (xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixli dəyişikliklərlə) Borc müqaviləsi üzrə 75.000 ABŞ dolları əsas borcdan borc alan Cavabdeh tərəfindən ödənilən 5.000 ABŞ dollarını xx.xx.2025-ci ildə İddiaçı1 aldı. Müqavilə üzrə əsas borc məbləği qalığı 60.000 ABŞ dollarıdır. Təqdim edilmiş Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli “Öhdəlik”dən görünür ki, xx.xx.2022-ci ildə aldığı 300.000 ABŞ dolları borc məbləğini tam qaytaranadək borc məbləğindən istifadəyə görə 12 ay ərzində hər ayın sonunadək 3.125,0 ABŞ dolları istifadə haqqı ödəməyi, əsas borc məbləği - 300.000 ABŞ dollarını 31 avqust 2023-cü ilədək qaytarmağı təmin edəcəkdir. Təqdim edilmiş İddiaçı2 və Cavabdeh tərəfindən tərtib olunmuş Borc məbləği hesabına qaytarılmanın təsdiqi barədə qəbzdən görünür ki, borc verən İddiaçı2 və borc alan Cavabdeh ilə bağlanılmış xx.xx.2022-ci il tarixli (xx.xx.2024-cü il tarixli dəyişikliklə) Borc müqaviləsi üzrə 300.000 ABŞ dolları əsas borcdan borc alan Cavabdeh tərəfindən ödənilən 7.000 ABŞ dollarını xx.xx.2025-ci ildə İddiaçı1 aldı. Müqavilə üzrə əsas borc məbləği qalığı 286.000 ABŞ dollarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı1 Cavabdeh arasında bağlanmış 03 dekabr 2020-ci il tarixli borc müqaviləsi əsasında, cavabdehə 31 noyabr 2021-ci ilədək qaytarılması şərtilə 85.000 ABŞ dolları verilmiş, lakin həmin borc məbləğinin qaytarılması öhdəliyini Cavabdeh yerinə yetirməmişdir. Cavabdeh 85.000 (səksən beş min) ABŞ dolları borc məbləğini 30 noyabr 2021-ci ilədək qaytarmaq öhdəliyini yerinə yetirə bilmədiyindən onun müraciəti nəzərə alınaraq müqavilənin müddəti 1 (bir) il müddətinə, yəni 30 noyabr 2022-ci ilədək uzadılması barədə 03 dekabr 2020-ci il tarixli Borc Müqaviləsinə 1 saylı Əlavə imzalanmışdır. Sonradan 28 avqust 2024-cü il tarixli müqaviləyə 2 saylı Əlavə ilə borcun qaytarılma müddəti 30 noyabr 2024-cü ilədək uzadılmışdır. Lakin cavabdeh yenə də öz öhdəliyini yerinə yetirməkdən kobud şəkildə yayınmağı davam etdirmişdir. Qeyd olunan Borc Müqaviləsinin 3-cü bəndinə əsasən borc alan borc məbləğini bir il, yəni 12 ay ərzində borcdan istifadəyə görə haqq da daxil olmaqla tam qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Müqavilənin 10-cu bəndinə görə borc alan borc məbləğini qaytarmağı və və ya istifadə haqqını ödəməyi gecirdikdə, borc məbləğindən və və ya istifadə haqqından əlavə, gecikdirilən hər gün üçün vaxtında qaytarılmayan və və ya ödənilməyən borcun 0,2 faizi məbləğində borc verənə cərimə ödəməlidir. Hal-hazırda qeyd olunan borc müqaviləsi üzrə Cavabdeh İddiaçı1 borcu aşağıdakı kimidir: 60.000 (altmış min) ABŞ dolları əsas borc, həmin borcdan razılaşdırılmış istifadə haqqı güzəştli hesablanmaqla 20.000 (iyirmi min) ABŞ dolları, güzəştli hesablanmaqla gecikdirməyə görə 10000 (on min) ABŞ dolları. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyinə görə İddiaçı1 borc məbləğinin məcburi qaydada tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olunmuşdur ki, İddiaçı2 ilə Cavabdeh arasında bağlanılmış 31 avqust 2022-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehə 31 avqust 2023-cü ilədək qaytarmaq şərti ilə 300000 (üç yüz min) ABŞ dolları borc verilmişdir, lakin həmin borcu və ondan razılaşdırılmış istifadə haqqını cavabdeh qaytarmamışdır. Cavabdehin müraciəti nəticəsində borcun qaytarılması müddəti Müqaviləyə 28 avqust 2024-cü il tarixli Əlavə ilə 30 dekabr 2024-cü ilədək uzadılmışdır. Müqavilənin 3-cü bəndinə əsasən borc alan borc məbləğini bir il, yəni 12 ay ərzində borcdan istifadəyə görə haqq da daxil olmaqla tam qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Müqavilənin 11-ci bəndinə görə borc alan borc məbləğini qaytarmağı və və ya istifadə haqqını ödəməyi gecirdikdə, borc məbləğindən və və ya istifadə haqqından əlavə, gecikdirilən hər gün üçün vaxtında qaytarılmayan və və ya ödənilməyən borcun 0,2 faizi məbləğində borc verənə cərimə ödəməlidir. Hal-hazırda qeyd olunan borc müqaviləsi üzrə Cavabdeh İddiaçı2 borcu aşağıdakı kimidir: 281.000 (iki yüz səksən bir min) ABŞ dolları əsas borc, həmin borcdan razılaşdırılmış istifadə haqqı güzəştli hesablanmaqla 48.000 (qırx səkkiz min) ABŞ dolları, güzəştli hesablanmaqla gecikdirməyə görə 24.000 (iyirmi dörd min) ABŞ dolları. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyinə görə İddiaçı2 borc məbləğinin məcburi qaydada tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, Cavabdeh İddiaçı1 xeyrinə 60.000 ABŞ dolları əsas borc, həmin borcdan razılaşdırılmış istifadə haqqı olaraq 20.000 ABŞ dolları, gecikdirməyə görə 10.000 ABŞ dolları cərimə borcu və ödənilmiş 417,5 manat dövlət rüsumu, Cavabdeh İddiaçı2 xeyrinə 281.000 ABŞ dolları əsas borc, həmin borcdan razılaşdırılmış istifadə haqqı olaraq 48.000 ABŞ dolları, gecikdirməyə görə 24.000 ABŞ dolları cərimə borcu və ödənilmiş 498 manat dövlət rüsumu tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin AR MPM-nin 220.6-cı maddəsinə əsasən Cavabdeh bank hesablarında olan pul vəsitləri üzərinə qət edilmiş məbləğə müvafiq həbs qoyulması və "xxxx" MMC-nin (VÖEN**********) təsis payının və əmlakının özgəninkiləşdirilməsi və üzərinə yüklülük götürülməsinin qadağan olunması haqqında qərardad qəbul edilməsi hissəsi ilə bağlı bildirir ki, tələbin həmin hissəsi müvəqqəti təminat tədbiri ilə bağlı olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı1 xeyrinə 60.000 (altmış min) ABŞ dolları əsas borc, həmin borcdan razılaşdırılmış istifadə haqqı olaraq 20.000 (iyirmi min) ABŞ dolları, gecikdirməyə görə 10.000 (on min) ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 417,5 (dörd yüz on yeddi manat əlli qəpik) manat dövlət rüsumu tutulsun. Cavabdeh İddiaçı2 xeyrinə 281.000 (iki yüz səksən bir min) ABŞ dolları əsas borc, həmin borcdan razılaşdırılmış istifadə haqqı olaraq 48.000 (qırx səkkiz min) ABŞ dolları, gecikdirməyə görə 24.000 (iyirmi dörd min) ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 498 (dörd yüz doxsan səkkiz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar