Məhkəmə qərarları › İş №e-2(009)-472/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-472/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-472/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 5759,32 ABŞ dolları, bundan 1623,15 ABŞ dolları əsas, 852,51 ABŞ dolları faiz, 3181,08 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 102,58 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 117,91 manat dövlət rüsumunun cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nomrəli, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən Şəxsi istehlak məqsədilə cavabdehə illik 28% dərəcəsi ilə, 24 ay müddətinə 6630 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-440002073 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) (1USD = 1.40 AZN) 7112,59 (yeddi min yüz on iki ollar, 59 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır, Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar kreditə hesəblanmış faizler, cərimə və bu müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödəniİməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh1 cəmi borcu 5759,32 ABŞ dolları təşkil edir. Bundan 1623,15 ABŞ dolları əsas, 852,51ABŞ dolları faiz, 3181,08 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 102,58 ABŞ dolları borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********949 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 iddia tələbini ona aid hissədə qəbul etməyərək, məhkəməyə öz etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən də göründüyü kimi, Cavabdeh2 borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam və lazımi qaydada icra etməsinə 26 may 2014-cü il tarixli müqavilə ilə zamin durmuşdur. 10 iyul 2017-ci il tarixdə zaminlik müqaviləsinə əlavə saziş imzalanmış, borcalanın banka olan borcu restrukturizasiya olunmuş və kreditin müddəti 10 iyul 2022-ci ilədək müəyyən olunmuşdur. Zamin əlavə Sazişin şərtləri ilə razılaşmışdır. Hazırda müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə 10 yanvar 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda, Cavabdeh2 zamin kimi öhdəliyinə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, zaminliklə təmin olunan kredit öhdəliyinin icrası vaxtı 10 iyul 2022ci il müəyyən olunmuş, həmin tarixdən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsində müəyyən olunan 1 il müddətində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. İddia 1 il 6 ay keçdikdən sonra verilmişdir ki, artıq zaminliyə xitam verilmişdir. Ona aid hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 bank tərəfindən illik 28% dərəcəsi ilə, 24 ay müddətinə 6630 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014cü il tarixli, 440002073/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısında kredit borcu öhdəlikləri üzrə zamin durmuşdur. İş materiallarında olan borclu Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişdən görünür ki, kredit borcunun restrukturizasiyasından sonra borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4108,93 ABŞ dolları əsas, 2049,27 ABŞ dolları faiz borcu və 954,39 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 10 iyul 2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış illik faiz dərəcəsi 8 faiz təşkil edir. İş materiallarında olan kredit müqaviləsinə əlavədən görünür ki, «Ödəniş cədvəli»nə əsasən Cavabdeh1 ödəməli olduğu kredit və hesablanmış faizləri banka 10 avqust 2017-ci il tarixdə başlamalı, hər ay 83,31 manat ödəməklə, 10 iyul 2022-ci il tarixdə bitirirməli idi. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4108,93 ABŞ dolları əsas, 2049,27 ABŞ dolları faiz borcu və 954,39 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 10 iyul 2022-ci il tarixədəkdir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış illik faiz dərəcəsi 8 faiz təşkil edir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli **********894 nömrəli maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 29 sentyabr 2023-cü il tarixinə əsas borcu 1623,15 ABŞ dolları əsas, 852,51 ABŞ dolları faiz, 3181,08 ABŞ dolları cərimə, kredit müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5%-lə 102,58 ABŞ dolları olmaqla cəmi 5759,32 ABŞ dolları təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən və həmin kredit müqaviləsi üzrə əlavə saişdən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan 1623,15 ABŞ dolları əsas, 852,51 ABŞ dolları faiz borcu tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Qanunun qeyd olunan normasının məzmunundan göründüyü kimi, kredit müəyyən müddətə borc verilən pul vəsaitidir. Yəni kredit müqaviləsi müddətlidir və müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmalıdır. Əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozulması hesab olunmalıdır. Çunki hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən, bu hərəkətin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. Müqavilədə müddət öz əksini Azərbaycan Respublikası MM-nin müddətlər haqqında müddəalarına (AR Mülki Məcəlləsinin 367.2, 367.3-cü mad.) uyğun olaraq tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, qanunun mənasına görə əgər müqavilədə onun qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması barədə şərt nəzərdə tutulmamışdırsa, belə müqavilə, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə, müqavilənin qüvvədə olma müddəti 2 qaydada müəyyən oluna bilər: müqavilənin qüvvədə olduğu konkret müddət təsbit oluna bilər; belə müddət təyin olunmamışdırsa, müqavilə öhdəliyinin icrasının qurtarması müddəti müqavilənin qüvvədə olma müddəti hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri Cavabdeh1 tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan gecikdirilmiş vaxt üçün hesablanmış 102,58 ABŞ dolları faiz borcu tutulmalıdır. Lakin cavabdehdən 3181,08 ABŞ dolları məbləğində cərimə məbləğinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqaviləsi üzrə 100 ABŞ dolları həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, zamin Cavabdeh2 qarşı iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin olunmamalıdır. Yuxarıda göstərildiyi kimi, cavabdeh zamin Cavabdeh2 borc müqaviləsi üzrə bank qarşısında Cavabdeh2 zaminidir. Bununla əlaqədar olaraq, onunla iddiaçı arasında yaranmış hüquq münasibətləri mülki qanunvericiliyin xüsusi normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Buradan görünür ki, zaminin məsuliyyəti əsas müqavilənin şərtləri ilə məhdudlaşır. İcra müddəti üzrə və ümumi həcmə görə əsas öhdəlik dəyişdirildikdə zaminliyə xitam verilir, belə ki, bu, zaminin razılıq vermədiyi məsuliyyətinin artmasına gətirib çıxarır. İş materiallarından görünür ki, kredit və zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) (1USD = 1.40 AZN) 7112,59 (yeddi min yüz on iki ollar, 59 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır, Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. İddiaçı bank borcun məcburi tutulması barədə iddia ilə məhkəməyə 17 yanvar 2024-cü il tarixdə, yəni öhdəliklərin icrası müddətinin keçməsindən sonra müraciət etmişdir. Bu halda, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 470.2, 471-ci maddələrinin şərh edilməsi haqqında” 04 sentyabr 2012-ci tarixli qərarının izahına əasən məhkəmələr zaminin məsuliyyətinin yeni şərtlərlə dəyişdirilməsinə razılığının olmasını yoxlamalıdırlar. Əks təqdirdə zaminlik müqaviləsinin qüvvəsi müəyyən olunmuş qaydada xitam olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Şərh olunan hallara və qanunun yuxarıda göstərilən normasının dispozisiyasına əsasən Cavabdeh2 zaminlik müqaviləsinin qüvvəsinə xitam verilmişdir və bununla əlaqədar olaraq ona qarşı müştərək məsuliyyət barədə tələb irəli sürülə bilməz. Bu əsasla o, kredit müqaviləsi üzrə bağlanmış 01 saylı xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə borcluların sırasından çıxarılmalıdır. Ona görə də, ona qarşı irəli sürülən iddia təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 84 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1623,15 (bir min altı yüz iyirmi üç ABŞ dolları on beş sent) ABŞ dolları əsas, 852,51 (səkkiz yüz əlli iki ABŞ dolları əlli bir sent) ABŞ dolları faiz, 100 (yüz) ABŞ dolları cərimə borcu, kredit müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5%-lə 102,58 (yüz iki ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları olmaqla, ümumilikdə 2678,24 (iki min altı yüz yetmiş səkkiz ABŞ dolları iyirmi dövrd sent) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 117,91 (yüz on yeddi manat doxsan bir qəpik) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar