Məhkəmə qərarları › İş №e-2(009)-495/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-495/2023

14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-495/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, iddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə 14 fevral 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60,60 manat abunə vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamaı binaların yoxlanılması üçün 100 manat, 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 191 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. xx.xx.2011-ci il tarixdə cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil "xxxx" xidmətlərinin göstərilməsi üçün kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2012ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2012-ci il tarixdə 9 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 2903 K saylı akt tərtib olunmuşdur. Beləliklə, qanunsuz qoşulmalar nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 74 saylı evin 33 nömrəli mənzilini X1 63.000 manat pul müqabilində satmışdır. 2930 K saylı, 05 noyabr 2013-cü il tarixli Aktın surətindən görünür ki, həmin aktda Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 74 saylı evin 33 nömrəli mənzilində şəbəkəyə qeyri-qanuni qoşulma faktının aşkar edildiyi qeyd edilmişdir. 22 iyun 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 74, mənzil 33 ünvanı KATV 1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2012-ci il tarixinədək son ödəməsini edib. xx.xx.2012-ci il tarixində 9 manat borc ilə şəbəkədən ayrılıb. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Hazirki işdə iddiaçı cavabdehin hüquqa zidd əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Baxılan işdə iddiaçı, ərizəsində göstrdiyi halları – Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 74 saylı binaya 2011-ci ildən xidmət göstərdiyini və həmin binada yerləşən 10 saylı mənzildən kabel şəbəkəsinə qanunsuz qoşulmanı təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən hallara dair təqdim edilmiş və iş materiallarında olan ünvan 1 ünvanında kabel televiziyası xidmətlərin göstərilməsinə dair arayış, habelə qanunsuz qoşulmanın aşkar edilməsinə dair 2930 K saylı, 05 noyabr 2013-cü il tarixli Akt iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdir. Başqa sözlə, binaya kabel televiziyası xidmətinin göstərilməsini təsdiqləyən aidiyyəti dövlət orqanının məlumatı təqdim olunmamış və ya qanunsuz qoşulmanın aşkar edilməsinə dair aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Yəni, həmin sənədlərdə əks olunmuş məlumatlar qeyd edilən tərəfsiz qurumlar və ya şəxslər tərəfindən təsdiqlənmədiyi üçün onlar mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. Belə olan halda, iddiaçının istinad etdiyi sənədlər cavabdehin qeyri-hüquqi əməl törətməsini təsdiqləyən mötəbər sübut kimi qəbul edilmir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi onun əsalarına dair kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar