Məhkəmə qərarları › İş №e-2(009)-502/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-502/2023

09.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-502/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, «KATV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının «Televiziya və radio yayımı haqqında» Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli TR 066 saylı teleradio yayımı üçün razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Səbail rayonu ərazisində son zamanlar belə vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, cavabdeh Bakı şəhəri, Səbail rayonu, M.Müşfiq küçəsi, 4B saylı evin, 70 No-li mənzil cavabdehə məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış Cavabdeh ilə iddiaçı arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2013-cü il tarixdə bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü il tarixədək son ödəməsini etmiş və xx.xx.2014-cü il tarixdə 21.20 manat borcla şəbəkədən ayrılmışdır. Bundan sonra, xx.xx.2014-cü il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 1408 N saylı akt tərtib olunmuşdur. Mənzil sakini İlqar Əliyev KATV1-ə baxdığını etiraf etmiş, akta imza atmaqla surətini qəbul etmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat və xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilin şəbəkədən ayrıldığı xx.xx.2014-cü ildən, qanunsuz qoşluma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü ilədək olan müddət 79 gün təşkil edir. Bu da hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə ümumilikdə 23,70 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə qeydiyyatda olduğu ünvana tərtib edilmiş akt əlavə edilməklə pretenziya məktubu göndərilmiş və məktub qəbul edilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 manat pul ödəyir. Cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə gələcəkdə digər fiziki şəxslərə pis bir nümunə olmaqla yanaşı qanunsuz istifadə hallarının artmasına gətirib çıxara bilər. Bununla da sahibkar kimi müəssisənin normal iş fəaliyyəti, habelə dövlət qarşısında vergi öhdəliklərin icrası və işçilərin əmək haqqısının ödənilməsi mümkünsüz olacaqdır. Həmçinin qeyd edilən halın kütləvilik təşkil etməsi ehtimalı da böyükdür. Göstərilənləri nəzərə alara iddiaçı Cavabdeh “KATV1” əmtəə nişanı ilə göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 23,70 manat məbləğində abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 154,10 manat məbləğində vurulmuş maddi ziyanın alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə Cəmiyyətin qanuni təmsilçisi tərəfindən imzalanaraq ünvanlanmış ərizədə iddia tələbinin təmin edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə (“köçüb”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək və iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə İddiaçı MMC-yə hüquqi xidmət göstərən "xxxx" MMC-nin, «KATV1» kabel televiziyasının və Rabitə Nazirliyinin nümayəndələrinin iştirakları ilə tərtib edilmiş 1408 N nömrəli, xx.xx.2014-cü il tarixli aktın surətindən görünür ki, həmin tarixlərdə ünvan 2 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman binanın 70 saylı mənzilin sakini Əliyev İlqar tərəfindən «KATV1» kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunmasında mənzilin sakini iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısını döyərkən qapını açan şəxs mənzil sahibi olduğunu və KATV-1 baxdığını etiraf etmişdir, akta imza atmış və qəbul etmişdir. İş üzrə Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsində yerləşən 4B saylı evin 70 saylı mənzilini X1. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2013-cü il tarixində bu ünvan KATV1 Kabel Televiziasının şəbəkəsinə qoşulub. xx.xx.2014-cü il tarixinədək isə son ödəməsini edib. xx.xx.2014cü il tarixində 21,20 manat borc ilə şəbəkədən ayrılıb. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh iddiasına görə "xxxx" MMC-nin hesabına 100 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə iddia tələbinin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 23,70 manat abunə haqqı qismində vurulmuş zərərin cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin yaşadığı mənzilə dair KATV-1 Kabel Televiziyası ilə xx.xx.2013-cü il tarixdə müqavilə bağlanılmış və xx.xx.2014-cü il tarixdə müqavilə üzrə son ödəniş aparılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehə aid mənzil xx.xx.2014-cü il tarixdə kabel televiziyasından 21,20 manat borcla şəbəkədən ayrılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsi, 4B saylı evin 70 saylı mənzilinə müqavilə bağlamadan qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma faktı aşkar edilmişdir. Məhkəmə hesab edir ki, müqavilə müddəti bitdikdən və mənzil kabel şəbəkəsindən ayrıldıqdan sonra (xx.xx.2014-cü il) müvafiq akt tərtib edilən vaxtadək 79 gün müddətində Cavabdeh məxsus mənzilin qanunsuz kabel şəbəkəsinə qoşulma faktı məhkəmə iclasında təsdiq olunduğundan, iddia tələbi həmin müddət ərzində abunə haqqı kimi vurulmuş ziyana görə 23,70 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab edilməlidir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən telekommmunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyatı operatoru, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli, 227 nömrəli qərarı ilə təsdiq edilmiş «Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə» Qaydalarının 6.2-ci bəndinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir (bənd 6.3). Məhkəmə iddia tələbinin cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hüquqi yardım xərcinə görə 100 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin nümayəndəyə göstərilmiş yardıma görə 100 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilsə də, məhkəmə baxılan mülki işin o qədər də mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 29,90 manat məbləğində pulun tutulması müəyyən edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə qanunsuz kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması nəticəsində abunə haqqı qismində vurulmuş zərərin əvəzi kimi 23,70 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, hüquqi xidmət xərclərinə görə 29,90 manat, cəmi 84 (səksən dörd) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar