Məhkəmə qərarları › İş №e-2(009)-515/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-515/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-515/2022 25.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Səfərov X3 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Səfərov X5 işə cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı “yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Səfərov X5 işə cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsindən yolnəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinə dəymiş maddi zərərə görə 38737,79 manat, avtomobilin yol-nəqliyyat hadisəsindən sonra dəyərinin itirilməsi əvəzi olaraq 20400 manat, hüquqi xidmətə görə 800 manat olmaqla, cəmi 59937,79 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, “Mercedes Benz GLE 450” minik markalı “**-XB-***” dövlət qeydiyyat nişanlı, buraxılış ili 2016-cı il, universal tipli, qara metallik rəngli avtomobilin mülkiyyətçisidir. 04.11.2021-ci il tarixdə, saat 18:00 radələrində, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti üzü maşın bazarı istiqamətində hərəkət edərkən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin mülkiyyətində olan İSUZU Novo Ultra avtobus markalı “**-JU-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ara məsafəsini saxlamayaraq, sürətlə hərəkət edərək onun avtomobilinə çırpılmış, avtomobilinin arxa hissəsinə maddi zərər dəymişdir. Hadisə yerinə AR DİN Bakı şəhəri DYPİ-nin əməkdaşı, polis kapitanı X4 gəlmiş, sürücü barəsində inzibati xəta haqqında İXP ******* saylı protokol, TP ******* saylı İnzibat tənbehvermə haqqında qərar qəbul etmişdir. Müəyyən edilmişdir ki, İSUZU Novo Ultra avtobus markalı “**-JU-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.1976-cı il təvəllüdlü Səfərov X5 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin işçisidir, avtobusu yol vərəqəsi əsasında idarə edir, şirkətin işçilərinin xidməti avtobusudur. Həmin vaxtı avtobus işçiləri daşımaqla məşğul olmuşdur. Maraqlı şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. AR DİN BDYPİ-nin 22.01.2022-ci il tarixli məktubundan görünür ki, Novo Ultra avtobus markalı "**-JU-***” dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin adına qeydiyyatdadır. Onun avtomobilinə 34579,77 manat məbləğində zərər dəymişdir. Həmin məbləğə görüləsi işlərin və dəyişilməli ehtiyyat hissələrinin məcmusu aiddir. Təmir prosesi başlayan zaman göstərilən qiymətlər 10 faiz artım ola biləcəyi nəzərə alınsa, 3457,97 manat artımı ilə dəymiş zərər 38037,747 manatdır. Qüsurun qiymətləndirilməsi üçün “X2” MMC-yə iddiaçı tərəfindən 700,05 manat ödənilmişdir. Avtomobilə qəza nəticəsində dəymiş zərərə görə avtomobilin dəyərin itmişdir. Qəzadan öncə avtomobilin real bazar qiyməti 113900 manat olmuşdur, qəzadan sonra isə 93500 manatdır. Qəza nəticəsində avtomobil 20400 manat dəyər itirmişdir. Cəmi 34579,77+3457,97+700,05+20400=59137,79 manat maddi zərər məbləğidir. Hadisə baş verəndən sonra o, cavabdeh idarə ilə əlaqə saxlamağa çalışdı. Dəfələrlə idarəyə getdi. Lakin sonda ona idarədən yazılı şəkildə bildirildi ki, qeyd edilən məbləğlə razı deyildirlər, məhkəməyə müraciət etmək tövsiyyə olunur. O da, məhkəməyə müraciət etməli oldu. Cavabdehin işçisi Maraqlı şəxs təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yolnəqliyyat hadisəsi nəticəsində yol vərəqəsi əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) iddiaçının sahibliyində olan nəqliyyat vasitəsinə zərər vurmuşdur. Bunun nəticəsində iddiaçının avtomobili zədələnmişdir. Bununla belə, işçi Maraqlı şəxs cavabdeh idarənin işçisi olduğundan və onun tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməklə iddiaçının əmlakına öz əmək vəzifələrinin icrası zamanı zərər vurduğundan, onun tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məhz onun işəgötürəni cavabdeh İdarə mülki hüquq məsuliyyəti daşıyır və işçisi tərəfindən iddiaçının əmlakına dəymiş maddi ziyanın əvəzini tam həcmdə ödəməlidir. İddiaçı hüquqlarının məhkəmədə müdafiəsi üçün hüquqi xidmətə görə 800 manat pul ödəmişdir. Qanunvericiliyin tələblərinə əsasən cavabdeh həmin xərclərin əvəzini ona ödəməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul edərək, ekspertin rəyinə əsasən iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Səfərov X5 iddia tələbini qismən qəbul edərək, ekspertin rəyinə əsasən iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 27.11. 2021-ci il tarixli «X2» MMC-nin qiymətləndirmə aktından görünür ki, «Mercedes Benz GLE 450»minik markalı **-XB-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 34579.77 manat təşkil edir. İş materiallarında olan AR DİN BDYPİ-nin 22.01.2022-ci il tarixli məktubundan görünür ki, Novo Ultra avtobus markalı "**-JU-***” dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin adına qeydiyyatdadır. İş materiallarında olan 04.11.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Maraqlı şəxs 04.11.2021-ci il tarixdə, saat 18:00-a Nizami rayonu Babək prospektində X7 avtobus markalı, ** JU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən, araməsafəsi qaydalarını pozmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 13.01.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus 2016-cı il buraxılışlı, «Mercedes Benz GLE 450» markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan öncəki dəyəri 113900 manat, qəzadan sonrakı dəyəri 93500 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 22.04.2022-ci il tarixli, 9/1742 nömrəli ekspert rəyindən görünür ki, «X2» MMC-nin 27.11.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı «Mercedes Benz GLE 450» markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 34436,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfındən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fıziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fıziki və hüquqi əxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fıziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, 04.11.2021-ci il tarixdə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin mülkiyyətində olan İSUZU Novo Ultra avtobus markalı “**-JU-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ara məsafəsini saxlamayaraq, sürətlə hərəkət edərək iddiaçıya məxsus “Mercedes Benz GLE 450” minik markalı “**-XB-***” dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, avtomobilinin arxa hissəsinə maddi zərər dəymişdir. İddiaçıya məxsus avtomobilə dəymiş ziyanla bağlı məhkəmə tərəfindən təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 22.04.2022-ci il tarixli, 9/1742 nömrəli ekspert rəyindən görünür ki, «X2» MMC-nin 27.11.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı «Mercedes Benz GLE 450» markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 34436,0 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus 2016-cı il buraxılışlı «Mercedes Benz GLE 450» markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği, eksper rəyi ilə müəyyən olunmuş məbləğ, yəni 34436,0 manat əsas götürülməklə müəyyən olunmalı və həmin məbləğ və qüsurun qiymətləndirilməsi üçün iddiaçı tərəfindən “X2” MMC-yə ödənilmiş 700 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin avtomobilin yol-nəqliyyat hadisəsindən sonra dəyərinin itirməsi əvəzi olaraq 20400 manat ziyan və avtomobilin təmir prosesi başlayan zaman göstərilən qiymət təklifində 10% artım nəzərə alınmaqla, 3457,97 manat artımla dəymiş ziyan hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir, belə ki, iddiaçı tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının, hüquqi yardım xidməti üçün xidmət haqqı olaraq ödənilən 800 manat məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzindən görünür ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosuna 800 manat məbləğində ödəniş edilmişdir ki, məhkəmə hesab edir ki, həmin məbləğin tutulması hissəsində tələb təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövləi Neft Şirkətinin Nəqliyyat İdarəsindən maddi zərərə görə 35136 (otuz beş min yüz otuz altı) manat, hüquqi xidmətə görə 800 (səkkiz yüz) manat, cəmi 35936 (otuz beş min doqquz yüz otuz altı) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövləi Neft Şirkətinin Nəqliyyat İdarəsindən maddi zərərə görə 35136 (otuz beş min yüz otuz altı) manat, hüquqi xidmətə görə 800 (səkkiz yüz) manat, cəmi 35936 (otuz beş min doqquz yüz otuz altı) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh Azərbaycan Respublikası Dövləi Neft Şirkətinin Nəqliyyat İdarəsindən tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar