Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-531/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh X6 qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 2567,3 manat məbləğində dəymiş maddi ziyanın, 700 manat məbləğində dəymiş mənəvi ziyanın, ekspert rəyinin verilməsi üçün ödənilmiş 250 manat məbləğin və dövlət rüsumu kimi ödənilmiş 56 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2008-ci il tarixli **********28-05101-093007 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu Yüzbəy Mürsəlov küçəsində yerləşən 147 nömrəli 3 mərtəbəli binada 35,18 kv m ümumi, 35,18 kv m yaşayış sahəsindən ibarət 2 otaqlı 24 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh X7 anası X2 məxsus mənzildə su xəttini açıq qoyması nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. "xxxx" MMC-nin 08 sentyabr 2022-ci il tarixli ƏEM/S14-590/22 saylı rəyinə əsasən cavabdeh tərəfindən ona 2567,3 manat ziyan vurulmuşdur. Dəfələrlə cavabdehdən ona vurduğu ziyanın əvəzinin ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh İddiaçı cavabdeh X6 qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə cavabdeh X7 əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 149 saylı MKİS-nin 07 iyul 2022-ci il tarixli Aktından görünür ki, Y.Mursəlov küçəsi, ev 1 4 7 , mənzil 74 ünvanında yaşayan İddiaçı şikayətinə əsasən mənzilə yerində baxış keçirildi. 24 saylı mənzil 3 mərtəbəli binanın İ ci mərtəbəsində yerləşir. İddiaçı verdiyi məlumata əsasən 2-ci mərtəbədə yerləşən X2 məxsus mənzil 50-də su xətti açıq qalaraq 24 saylı mənzilə tökülmüşdür. Baxış zamanı 24 saylı mənzilin döşəməsi sulu idi, tavandan su axmırdı 50 saylı mənzilin qapısı bağlı olduğu üçün evin içərisinə baxmaq mümkün olmadı. - "xxxx" MMC-nin 08 sentyabr 2022-ci il tarixli ƏEM/S14-590/22 saylı Hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə suaxıdılma nəticəsində dəymiş ziyanla bağlı çəkiləcək təmir-bərpa xərcləri (işçilik və material xərci daxil olmaqla) 08 sentyabr 2022-ci il tarixinə: 2567,3 (iki min beş yüz altmış yeddi manat, 30 qəpik) manat təşkil edir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 35,18 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 24 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 32,8 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 50 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2023-ci il tarixli 3-16-16-2-10/5686 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış evinin 24 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 50 saylı mənzildən su axıdılığı və nəticədə 24 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 50 saylı mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 24 saylı Mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Lakin 24 saylı mənzilə su sızması 50 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 50 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. ünvan 3 evin 24 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcu bazar qiymətlərinə uyğun olaraq təqribən 1289,0 manat məbləğində müəyyən olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən 24 saylı mənzilin mülkiyyətçisidir, Cavabdeh isə iddiaçının üst mərtəbədə yerləşən 50 saylı mənzilin mülkiyyətçisi olmaqla qonşusudur. Cavabdeh mülkiyyətində olan 50 saylı mənzilindən su sızması nəticəsində İddiaçı 24 saylı mənzilinə ziyan vurulması iddiası ilə məhəkəməyə müraciət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən cavabdehə məxsus 50 saylı mənzilindən həmin ünvan üzrə iddiaçıya məxsus 24 saylı mənzilə su sızması nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2023-ci il tarixli 3-16-16-2-10/5686 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış evinin 24 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 50 saylı mənzildən su axıdılığı və nəticədə 24 saylı mənzilin tikililərinə ziyan vurulduğu, su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1289,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəylərini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə ekspert rəyini və məhkəmə baxışı zamanı təqdim edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan ünvan 3 ünvanda yerləşən yaşayış evinin 24 saylı mənzilə cavabdehə məxsus üst mərtəbədə yerləşən 50 saylı mənzildən suyun sızması halının baş verməsi qənaətinə gələrək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 1289 (bir min iki yüz səksən doqquz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddianın mənəvi zərərin vurulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdehin hərəkətlərinin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması sübuta yetirilmir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə, iddiaçının öz təşəbbüsü ilə könüllü olaraq mütəxəssis rəyi almasını və bununla bağlı 250 manat ödəməsini nəzərə alaraq, iddianın “250 manatın əvəzinin ona ödənilməsi” hissəsini də əsassız hesab edərək rədd edilməsi nəticəsinə gəlir. İş materialları ilə müəyyən edilir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 1289 (bir min iki yüz səksən doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməli, həmçinin ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumunun 26 (iyirmi altı) manat hissəsi Cavabdeh tutulub İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manatın 45 (qırx beş) manatı Cavabdeh, 55 (əlli beş) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq 1289 (bir min iki yüz səksən doqquz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 26 (iyirmi altı) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manatın 45 (qırx beş) manatı Cavabdeh, 55 (əlli beş) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-531/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-531/2023
26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver