Məhkəmə qərarları › İş №e-2(009)-558/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-558/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-558/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 8325,47 manat əsas, 11,43 manat faiz, cəmi 8336,90 manat pul vəsaitinin və 103,37 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kapital Bank ASC ilə Əliyev Oqtay Ənvər oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 24,72 faiz dərəcəsi ilə 48 ay müddətinə 16900 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə Kapital Bank ASC Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Qeyd olunan kredit müqaviləsinin şərtlərinə əsasən Əliyev Oqtay öz üzərinə kredit və onu hesablanacaq faizləri vaxtı-vaxtında ödəmək barədə öhdəlik götürmüşdür. X1 Ənvər oğlu 08 sentyabr 2021-ci il tarixdə vəfat etdikdən sonra onun ailə üzvləri və zamini tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirmir. Bu səbəbdən də onun zaminini və qanuni vərəsəsi olan Cavabdeh1 (hüquqi varisliyi sübut edən Bakı şəhəri 53 saylı notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Vərəsəlik Hüququ haqqında şəhadətnamə işə əlavə olunur) cavabdeh qismində məhkəməyə vermək məcburiyyətində qalmışlar. Yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 8325,47 manat əsas, 11.43 manat faiz borcu qalmışdır. Tərəflərindən cavabdehlərin qeydiyyatda olduğu ünvanlara rəsmi bildiriş göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) kredit borcunun qaytarılması təmin edilməmişdir. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 4-cü bəndinə əsasən borcalan öldüyü halda zaminlik öhdəliyi qüvvədə qalır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-558/2023 saylı, 10 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı borc tələbinə dair iddia üzrə icraata Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar olaraq xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə əriuzə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini və mərhum Əliyev Oqtay Ənvər oğlunun vərəsəsi olmadığını bildirmişdir. Məhkəmə işə baxıb, cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Əliyev Oqtay Ənvər oğlu arasında bağlanmış xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən borcalana illik 24,72 faiz dərəcəsi ilə 48 ay müddətinə 16900 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Əliyev Oqtay Ənvər oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1 №-li kredit müqaviləsinə əlavənin ödəniş cədvəlindən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx.xx.2019cu il tarixdən başlayıb xx.xx.2023-cü il tarixədək hər ay 587,72 manat ödəməklə bitirməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Əliyev Oqtay Ənvər oğlunun xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 8325,47 manat əsas, 11,43 manat faiz borcu qalmışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan AZ-İİ 208656 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Oqtay Ənvər oğlu xx.xx.2021-ci ildə ağciyər-ürək çatmamazlığının digər formasından ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 09 ayının 13 günündə 725 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş 10 mart 2022ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021ci il tarixdə vəfat etmiş Əliyev Oqtay Ənvər oğlunun vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Təqdim olunmuş AZ-İİ 138350 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci ildə törədici müəyyən olunmamış digər pnevmoniyadan ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 12 ayının 23 günündə 924 № ilə qeyd edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı Kapital Bank ASC ilə Əliyev Oqtay Ənvər oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalana illik 24,72 faiz dərəcəsi ilə 48 ay müddətinə 16900 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə Kapital Bank ASC Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Əliyev Oqtay Ənvər oğlu kredit və kreditə hesablanmış faiz borclarını vaxtı-vaxtında qaytarmamış və tərəflər arasında mübahisə də məhz borc məbləginin vaxtında qaytarılmaması nəticəsində yaranmışdır. Zamin Cavabdeh2 xx.xx.2020-ci ildə, borcalan Əliyev Oqtay Ənvər oğlu xx.xx.2021-ci il tarixdə ölmüşlər. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh1 borcalan Əliyev Oqtay Ənvər oğlunun vərəsəsi kimi tanınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında izah etmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh1 borcalan Əliyev Oqtay Ənvər oğlunun vərəsəsi kimi tanınmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçı bank borcalan mərhum Əliyev Oqtay Ənvər oğlunun qanuni vərəsəsi olan Cavabdeh1 15 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 8325,47 manat əsas, 11.43 manat faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən ödənilmiş 103,37 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 8325,47 (səkkiz min üç yüz iyirmi beş manat qırx yeddi qəpik) manat əsas, 11,43 (on bir manat qırx üç qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 103,37 (yüz üç manat otuz yeddi qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar