Məhkəmə qərarları › İş №e-2(009)-578/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-578/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-578/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7461.77 AZN əsas borc, 724.51 AZN faiz borcu olmaqla, ümumilikdə cəmi 8186.28 AZN və 102.27 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 10000 (on min) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixinə əsas borcu 7461,77(yeddi min dörd yüz altmış bir manat yetmiş yeddi qəpik) manat, faiz borcu 724.51 (yeddi yüz iyirmi dörd manat əlli bir qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. xx.xx.2021-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehin, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək bütün məhkəmə iclaslarını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini tam qəbul etdiyini, işsizliyi ilə əlaqədar ödənişləri edə bilmədiyini, hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 17% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 7461.77 manat əsas, 724.51 manat faiz borcu təşkil edir. İş materiallarında olan ödəniş qəbzindən (№ **********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 102.27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə əsas və faiz borcun tutulması ilə bağlı hissədə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında 7461.77 manat əsas, 724.51 manat faiz borcu qeyd edildiyindən həmin arayışı əsas götürüb və cavabdeh tərəfindən iddianın tam qəbul edildiyindən 7461.77 manat əsas, 724.51 manat faiz borcu olduğunu məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin iddianın “cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə 36 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixə kimi bağlandığından kredit müddətinin bitmədiyini, Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli krеdit razılaşmasının birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+ 1000 manatdan yuxarı olan iddia qiymətinin 1% məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 102.27 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 7461.77 (yeddi min dörd yüz altmış bir manat yetmiş yeddi qəpik) əsas, 724.51 (yeddi yüz iyirmi dörd manat əlli bir qəpik) faiz borcu və ödənilmiş 102.27 (bir yüz iki manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 7461.77 (yeddi min dörd yüz altmış bir manat yetmiş yeddi qəpik) əsas, 724.51 (yeddi yüz iyirmi dörd manat əlli bir qəpik) faiz borcu və ödənilmiş 102.27 (bir yüz iki manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar