Məhkəmə qərarları › İş №e-2(009)-587/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-587/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-587/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçı nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 644,87 (altı yüz qırx dörd manat səksən yeddi qəpik) manat ziyan məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqın kimi ödənilmiş 40 (qırx qəpik) manat, ümumilikdə 675,27 (altı yüz yetmiş beş manat 27 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçındə sürücü vəzifəsinə işə qəbul olunmuş və onunla cəmiyyət arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi, və o cümlədən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən cavabdeh avtobus sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2024-cü il tarixədək öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilənədək İddiaçı MMC-də çalışmışdır. Cavabdeh əmək müqaviləsi üzrə xidməti vəzifəsini yerinə yetirən zaman müvafiq vəzifə təlimatları üzrə öhdəlikləri bir neçə dəfə pozmuş, o cümlədən inzibati xətalara yol verərək yol-nəqliyyat hadisələri törətmiş, nəticədə isə Cəmiyyətin əmlakına maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixində 7A nömrəli marşurut xətti üzrə idarə etdiyi **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla xidmətdə olan zaman Bakı şəhəri Moskva prospekti ilə hərəkətdə olarkən **-XB-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisənin baş verdiyi yerə sığorta şirkətinin nümayəndəsi və DYP əməkdaşı gəlib araşdırma aparmış, Cavabdeh təqsirli olduğu müəyyən edilmiş və DYP-nin inspektorunun araşdırması nəticəsində Cavabdeh əməlində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əksini tapdığından barəsində xx.xx.2024-cü il tarixli TP6376551 saylı İnzibati tənbeh vermə haqqında Qərar verilibdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 5 (beş) gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 009389 nömrəli zərər Aktına əsasən hadisənin baş verdiyi vaxt cavabdehin idarə etdiyi “BMC-Procity” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa müvafiq olaraq 644,87 (altı yüz qırx dörd manat 87 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, 4. Tərəflərdən birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyət yaranır; 5. Müəssisə və təşkilata maddi məsul şəxsin günahı ucbatından dəyən ziyanın ödənilməsi ziyanın miqdarının müəyyən edilməsindən sonra qüvvədə olan qanunvericiliyin əsasında həyata keçirilir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1969-cu ildə doğulmuşdur. İş materiallarında olan “BMC X1” MMC-nin xx.xx.2024-cü il tarixli,009389 nömrəli zərər aktından görünür ki, “BMC-Procity” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa 644,87 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Əmək müqaviləsinə xitam verilməsi haqqında 13-18/3-2-1506/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, "xxxx" MMC-nin marşrut xətlərinin idarəedilməsi şöbəsinin avtobus sürücüsü Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) 23 avqust 2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan xidməti məlumatın xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, araşdırmanın nəticəsinə uyğun olaraq toplanmış materiallara əsasən baş vermiş yol nəqliyyat hadisəsinə səbəb manevr qaydasının (ötmə) pozulması mövcud vəziyyətə görə sürücünün düzgün hərəkət taryektoriyası seçməməsi səbəb olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən,əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 194-cü maddənin 1-ci bəndinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Əmək Məcəlləsinin 194-cü maddənin 2-ci bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən,zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növü və keyfiyyətli əmək vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, cavabdeh əmək müqaviləsi üzrə iddiaçı təşkilatda avtobus sürücüsü vəzifəsində işləyərkən, xx.xx.2024-cü il tarixində 7A nömrəli marşurut xətti üzrə idarə etdiyi **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla xidmətdə olan zaman Bakı şəhəri Moskva prospekti ilə hərəkətdə olarkən **-XB- *** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. DYP-nin araşdırması nəticəsində Cavabdeh əməlində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əksini tapdığından barəsində xx.xx.2024-cü il tarixli TP6376551 saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 5 (beş) gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 009389 nömrəli zərər Aktına əsasən hadisənin baş verdiyi vaxt cavabdehin idarə etdiyi “BMC-Procity” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa müvafiq olaraq 644,87 (altı yüz qırx dörd manat 87 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə müəyyən olunmuş hallara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 644,87 (altı yüz qırx dörd manat səksən yeddi qəpik) manat ziyan məbləği və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, ümumilikdə 675,27 (altı yüz yetmiş beş manat iyirmi yeddi qəpik) manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar