Məhkəmə qərarları › İş №e-2(009)-595/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-595/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-595/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin – cavabdehlər "xxxx" ASCyə, Cavabdeh3 ASC-yə və Cavabdeh2 qarşı «zərər» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 28 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi – cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh3 ASC-yə və Cavabdeh2 qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4245,96 manat dəymiş zərərin əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Nizami rayonu, Babək prospektində Cavabdeh3 ASC-də sürücü vəzifəsində çalışan Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “İsuzu” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomomillə hərəkətdə olarkən idarəetməni itirərək “Volkswagen” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə yolun kənarında quraşdırılan iddiaçıya məxsus Təhlükəsiz Şəhər Xidmətinin TŞ 4-051 nömrəli videomüşahidə kameralar və onun quraşdırıldığı dirək zədələnmişdir. Cavabdeh A.Əliyev barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir. Sığorta ödənişi 5000 manat məbləğində müəyyən edildiyi halda cavabdeh sığorta şirkəti 3331,50 manat ödəniş həyata keçirmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Cavabdeh "xxxx" ASC-nin etiraz ərizəsində qeyd olnumuşdur ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 4-051 nömrəli videomüşahidə kameralar və onun quraşdırıldığı dirəyə dəymiş zərərin miqdarı 7577,46 manat məbləğində müəyyən edilmişdir. “Volkswagen Tiguan” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3795 manat müəyyən edilmişdir. İddiaçıya iki şəxsin əmlakına zərər dəydiyi və zərər məbləği sığorta məbləğini aşdığı üçün sığorta ödənişi dəymiş zərərə mütənasib həcmdə 3331,50 manat hesablanması və qeyd olunan məbləği bank rekvizitləri təqdim edildiyi təqdirdə ödəməyə hazır olduqlarını bildirən məktub ünvanlanmışdır. İddiaçının həmin zərər məbləği ilə razı olmasına dair Cəmiyyətə xx.xx.2023-cü il tarixli məktub ünvanlanmış və müvafiq ödəniş tapşırığına əsasən 3331,50 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilmişdir. İddia tələbinin onlara münasibətdə təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: İXP ******* saylı inzibati xəta haqqında protokolun və Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışın surətlərindən görünür ki, 20 aprel 2023-cü il tarixdə Nizami rayonu, Babək prospektində Cavabdeh3 ASC-də sürücü vəzifəsində çalışan Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “İsuzu” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək “Volkswagen” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə yolun kənarında quraşdırılan iddiaçıya məxsus Təhlükəsiz Şəhər Xidmətinin TŞ 4-051 nömrəli videomüşahidə kameraları və onun quraşdırıldığı dirək zədələnmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. “İsuzu” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dir. xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, “İsuzu” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün Cavabdeh3 ASC tərəfindən Cavabdeh2 etibar edilmişdir. 24 aprel 2023-cü il tarixli aktın surətindən görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 4-051 nömrəli videomüşahidə nöqtəsinə xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 7577,46 manat təşkil edir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası DİN-in hesabına 3331,50 manat məbləğində sığorta ödənişi edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi "xxxx" ASC-də sürücü vəzifəsində çalışmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Qanununun 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Qanununun 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. «İcbari sığorta haqqında» Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakın ziyanı üçün birbaşa çəkilməli olan 7577,46 manat zərərdən "xxxx" ASC tərəfindən iddiaçının hesabına köçürülmüş 3331,50 manat məbləğ çıxılmaqla 4245,96 manat pul vəsaiti ("xxxx" tərəfindən Cavabdeh2 mülki məsuliyyətinin icbari sığortası məbləğinin həddinin 5.000 manat təşkil etdiyi və "xxxx" ASC tərəfindən digər zərərçəkmiş “Volkswagen Tiguan” markalı, ** TU *** dövlət nömrə nişanlı avtomobilin sahibinin xeyrinə 1668,5 manat məbləğində sığorta ödənişi edildiyi nəzərə alınmaqla) Cavabdeh3 ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. "xxxx" ASC iş materiallarından göründüyü kimi üzərinə düşən öhdəliyi yerinə yetirmiş və 5000 manat məbləğində sığorta ödənişini mütənasib olaraq iddiaçı və digər zərərçəkmiş arasında bölərək ödəniş etmişdir. Cavabdeh2 isə Cavabdeh3 ASC-də əmək müqaviləsi əsasında çalışdığından və hüquqi şəxsin tapşırığı ilə işlərin görülməsi zamanı yol-nəqliyyat hadisəsi törətdiyindən dəymiş zərər həmin hüquqi şəxs olan Cavabdeh3 ASC-yə aid edilməlidir. “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan çox olduqda 30 + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı rüsumdan azad olunduğundan və iddia tələbi qismən təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar 36,22 manat dövlət rüsumu Cavabdeh3 ASC-dən dövlət büdcəsinin xeyrinə xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 ASC-dən 4245,96 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hesabına ödənilsin. 36,22 manat dövlət rüsumu Cavabdeh3 ASC-dən dövlət büdcəsinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar