Məhkəmə qərarları › İş №e-2(009)-598/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-598/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-598/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X9 nümayəndəsi X2, Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X10 və Cavabdeh2 qarşı “cəmiyyətin tanınması, çöl divarın bərpası, maddi ziyanın ödənilməsi və idarə aktlarının etibarsız hesab olunması” tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 Cavabdeh2 qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X10 (Cavabdeh2 və X8 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “cəmiyyətin tanınması, çöl divarın bərpası, maddi ziyanın ödənilməsi və idarə aktlarının etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti 94-ün özünü idarəetmə hüququnun tanınması, 94 binasında 14a mənzilin çöl divarının Arxitektur mədəniyyətə uyğun taxta divarla əvəzlənməsinin Qoruğ idarəsi tərəfindən təmin olunması, plastik pəncərələrin əsl sahibinə qaytarılması, 9a mənzildə 10 m uzunluğunda kərpic divarın sökülməsi və taxta divarla əvəzlənməsinə görə “Qoruğ” idarəsi və 3-cü şəxs Cavabdeh2 arasında məsuliyyət payı bölünməklə alınaraq ona cəmi 15 min manat maddi zərərin ödənilməsi, Qoruğ İdarəsi tərəfindən yanlış qəbul olunmuş aktların nəticəsinin etibarsız sayılmasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: iddia qaldırmağa səbəb cavabdeh Qoruq idarəsinin invertarlaşdırmaya əngəl törətməsi, maraqlarına toxunan qeyri-dəqiq rəsmi cavablar-aktlar qəbul etməsi, bəzi hallarda 94 sakinlərinin yaşayışına əngəl törətməsi olmuşdur. Yuxarıdakı çatışmazlıqlar səbəbindən onlar 94 sakinləri qoruq icra nümayəndəliyindən müstəqil idarəetmə özünü-müdafiə təmin etmək üçün 94 cəmiyyəti yaratmaq haqqında ümumi yığıncaqda qərar qəbul etmişlər. Bu cəmiyyətin maneəsiz fəaliyyət göstərməsi üçün onun rəsmi tanınması lazımdır. Bu cəmiyyəti həm də ona görə yaratmaq məcburiyyətində qalmışlar ki, 94 həyətində 3-cü şəxs Cavabdeh2 timsalında qanunsuz hərəkətlərindən, onun qoruqla birgə fəalliyyətlərindən müdafiə oluna bilər. Belə ki, bu 2 subyektin təzyiqi ilə 9 mənzilində 10 metr uzunluğunda kərpic divarı sökülmüş taxta divarla əvəzlənməsi şərti qoyulmuşdur, indi hazırki iddiasında da o, qoruqdan 3-cü şəxsin qanunsuz restavrasiya etdiyi 14 mənzilin çöl divarın qoruq tərəfindən taxta divarla əvəzlənməsi digər 3-cü şəxs Qasımov Bahadura məxsus pəncərələrin sahibinə qaytarılması təmin olunması istənilir. İdarə tərəfindən 3-cü şəxs Rəşadın təkidi ilə qəbul olunmuş aktlar bilavasitə onun zərərinə qəbul olunmuş, bu aktlar əsasında məhkəmə zərərinə qərarlar qəbul etmişdir. Məhz gələcəkdə bu kimi məsuliyyətsiz, qərəzli, birtərəfli qərarların verilməməsi üçün 94 cəmiyyətin yaratmaq məcburiyyətində qalmışlar. O, mənzilini azad şəkildə sata bilməz. Gərək qoruqdan bu haqda icazə ala. Həyətdə təhlükəsizlik təmin edilməyib və oğurluq halları baş verir. Qonşular arasında ayrı-seçkilik edilir. Qoruğun öncəki rəhbəri tərəfindən verilmiş 184 saylı tikinti icazə məktubu hazırda qəbul olunmur, istifadəsində olan paltaryuyan xətti idarə əməkdaşı aktı ilə iştirakı və müvafiq məhkəmə qərarı olmadan 3-cü şəxs tərəfindən ayrılır. Bax buna görə, lüzumsuz matorunda qısa qapanma səbəbindən mənzillərdə texnikalar sıradan çıxır. Mənzil Məcəlləsinin 43-cü maddəsində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığınçağın səlahiyyətlərinə aid edildiyi qeyd olunmuşdur. Mənzil qanunvericiliyinə əsasən çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının istifadə edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Sakinlərin mənzil mülkiyyətçilərinin Müştərək Cəmiyyət kimi müstəqil idarəetmə üsulunu seçməyə hüququ çatır. Bu haqda ümumi yığıncağın səlahiyyətlərinə aid edildiyi qeyd olunmuşdur. Bu haqda ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətləri üçün məcburidir. Binanın istənilən mülkiyyətçisi qanunvericiliyə uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu binada gələcəkdə su matoru təminatı və paltaryuyan təchizatı, qəzalı vəziyyətin aradan qaldırılması, kommunikasiya xətlərin planı çəkilişi, mənzillərə ayrıca çıxış pilləkanı tikilməsi, həyətdə təhlükəsizlik kameralarının quraşdırılması, ümumi sahələrin naturada və digər üsullarla ədalətli bölgüsü, ünvanlara dair dəqiq məlumatların alınması, alqı-satqıya və qoruğu giriş-çıxışa manəsiz icazə verilməsi kimi praktik problemləri həll etməyə kömək olacaq. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “qanunsuz aktların ləğv olunması və özünü idarəetmə MMC-nin tanınması” hissəsinin geri götürülmüş hesab olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də yerləşən 9a mənzilinin 10 metr divarının sökülməsinə və taxta aynabəndlə əvəzlənməsinə görə cavabdehlər Qoruğ idarəsi və Cavabdeh2 məsuliyyət payı müəyyən olunmaqla ona vurulmuş 15 min manat zərərin alınaraq ödənilməsi, Cavabdeh2 məxsus 14a mənzilin çöl divarının qoruğ qanunları və tarixi ansambla uyğun sökülüb taxta aynabəndlə əvəzlənməsinin cavabdehlər tərəfindən təmin olunması, Cavabdeh2 məxsus 14a mənzilin çöl divarına tətbiq olunmuş 4 ədəd plastik-alüminium pəncərə və 4 ədəd dəmir qəfəsin sökülərək taxta pəncərələrlə əvəzlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: İddiaçı xx.xx.2024-cü il tarixlı, eləcə də, sonuncuya edilmiş dəqiqləşmə barədə, əsassız, qərəzli, tələbləri aydın olmayan, əsaslandırılması və sübutları ümumiyyətcə olmayan və təzyiq vasitəsi kimi verilmiş iddia ərizələrinə, aşağıdakı əsaslarla tam etiraz edir. Bildirir ki, iddia ərizəsində bir neçə məsələ bilərəkdən qarışdırılır və yeni hal kimi təqdim olunmağa cəhd edilir. İddia ərizəsinin elə ilk cümləsində, iddiaçı 94 saylı binanın ümumi sakinləri adından çıxış edir, avantürist fikirlərinə digərlərini də şərik etmək istəyir və bununla da sonuncunun qərəzli və səfeh niyyəti açıq-aşkar görünmüş olur. Əvvəla, qoruq ərazisində yerləşən və idarə olunan 177 yaşlı yerli əhəmiyyətli tarixi abidə üzərində idarə etmə hüquqları tələb etmək və bu tələbi əsaslandırmağa çalışmaq, özü-özlüyündə kəmağıllılıqdır ki, bu da özünün hüquqlarını başa düşmə qabiliyyətinin olmaması və həm də bu hüquqlarını özü təyin edə bilməməsidir. Eləcə də, şəxsiyyətini səciyyələndirmək istəmədiyi iddiaçı anarxist təbiətli və adekvat düşüncəsi olmayan tərəf kimi son 5 ildə həm ona, həm də cavabdeh quruma qarşı çoxsaylı və əsassız məhkəmə iddiaları qaldırmaqla ümumi həyətdə birgəyaşayış qaydalarına hörmətsizlik edir və bununla da digər qonşuların da qanunla qorunan hüquqlarına müdaxilə etmiş olur. İddia ərizəsində və sonuncuya verilmiş əlavədə, iddiaçı ona münasibətdə şər-böhtan xarakterli qərəzli mövqe tutur və bildirir ki, şər-böhtan atmaq tərəfin çoxdanki və qazanılmış kimi peşəsidir, bununla iddiaçı tərəf, məhkəmələrə və hakimlərə təzyiq vasitəsi istifadə edir. Yaz aylarının gəlişi ilə tərəfin bu kimi iddia və şikayətlərinin də artacağını qeyd etməklə, sonuncunun orqanizminin psixoloji və bundan irəli fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadələrə malik, bütün hiss və yaşantılarını əhatə edən, emosional durumuna dözümlü yanaşılmasını illərdir ki, özlərinə təqlid edirlər və artıq baş verənlərlə "barışmışlar" və onların bu durumlu vəziyyətinə işə baxan məhkəmələrin də anlaqlı yanaşılmasını rica edirlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 Cavabdeh2 qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14a mənzilin çöl divarına qanunsuz tətbiq olunmuş ona məxsus 4 ədəd plastik-alüminium pəncərələrin çıxarılaraq ona qaytarılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının dəlilləri: ipoteka girovu səbəbindən 14a mənzilini bank əməkdaşı Cavabdeh2 almışdır. 14a mənzilin çöl divarı Qoruğda digər mənzillərdə olduğu kimi taxta məlumatlardan idi. Həyətdə ona məxsus bağ evi üçün nəzərdə tutduğu İrandan gətirdiyi plastik alüminium 4 pəncərə vardır. O, cavabdehə bu əmlaklara toxunmamağı məsləhət görmüşdür. Lakin, cavabdeh bu 4 pəncərələri ondan icazəsiz və qoruğdan xəbərsiz 14a mənzil çöl taxta divarının söküb yerinə mişar daş divar tikməklə bu divara yerləşdirmişdir. Qoruğ bu səbəbdən 2016-cı ildə cavabdehi Səbail Rayon Məhkəməsinə cavabdeh cəlb etməklə “abidəni bərpa edib qüsurları aradan qaldırılması” tələbi qoymuş, lakin Bağırovlar buna qərəzli yanaşmışlar. Çünki qohumluq əlaqələri olmuşdur. Daha sonra o da cavabdehdən heç olmasa bu qapı və pəncərələrin pulunu tələb etsə də cavabdeh vəzifədə olan həmfikirlərinə güvənib pulunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən o, hazırda bu pəncərələrin ona qaytarılmasını və abidənin qoruğ qaydalarına uyğun əvvəlki vəziyyətinə qaytarılmaqla çöl divarın taxta divar və pəncərələrlə əvəzlənməsini tələb edir. Onun hazırki iş üzrə müstəqil tələb irəli sürən şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək həmçinin bildirmişdir ki, Qoruğun əvvəlki rəhbəri ona tövsiyyə etmişdir ki, divarla bağlı qonşusuyla razılığa gəlsin və o, öz hesabına bu məsələni həll etmişdir. Buna görə də, Cavabdeh2 məxsus 14a mənzilin çöl divarına tətbiq olunmuş 4 ədəd plastik-alüminium pəncərə və 4 ədəd dəmir qəfəsin sökülərək taxta pəncərələrlə əvəzlənməlidir. Qoruq Cavabdeh2 şərait yaradır ki, sonda onun mənzilini yarı qiymətə əldə etsin. İddiaların təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələblərinə etiraz edərək bildirmişdir ki, etirazda bununla bağlı ətraflı qeyd edilmiş, etirazla birlikdə qətnamənin surətini məhkəməyə təqdim etmişlər. İddia tələbində divarın olması barədə məlumat yoxdur, divar olmayıbsa bunu sübut etmək vəzifəsinin onların üzərinə qoyulması düzgün deyil. 3-cü şəxsin həyat yoldaşının eyni məsələ ilə bağlı tələbi rədd edilib, qətnamə qəbul edilib, işə əlavə edilib. Divar olmayıb, 80 santimetr hündürlüyündə taxta şüşəbənd olub, ümumi fasadın uzunluğu 7 metrdir, sanitar qovşağa və qapıya aid hissəni çıxsaq, 4 metr qalır, o da öncəki mülkiyyətçidən qalan idi. Kərpiclə hörülən hissədə tövsiyyə olub ki, əvvəlki vəziyyəti bərpa edilsin. İddiaların rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X9 nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının divarının və ya pəncərələrinin sökülməsi ilə bağlı Qoruq tərəfindən hər hansı bir göstəriş olmayıb, qərar qəbul edilməyib, bununla bağlı Mənzil Kommunal və Təmir Xidməti ilə də əlaqə saxlamış, İdarədə olan bütün arxivi qaldırmış, sənəd aşkarlanmamışdır. İddianın onlara aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh2 onun mənzilini hərracdan satılan zaman alıb və onun pəncərələri həmin ünvanda qalıb, əmanət kimi ona tapşırmışdı, daha sonra ona qaytarılmasını istəmiş, lakin ona qaytarılmayıb, İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü X6 iddiası rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 31 may 2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyatdan keçirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 11.06 2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 14a xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 30 may 2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 12 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyatdan keçirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ********** saylı, xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağın sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, cavabdeh İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 333 manat tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, ilkin iddia üzrə iddiaçı X4 Cavabdeh2 qarşı iddia ərizəsində sadalanmış 135 adda əmlakların naturada və ya onların dəyəri olan 39.881 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, ümumi dəyəri 2.400 ABŞ dolları olan 5 ədəd pəncərənin ona qaytarılması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməməsi, X1 məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, X3 Cavabdeh2 xeyrinə hüquqi xidmət üçün ödədiyi 300 manat, etibarnaməyə üçün ödənilən 17,25 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 347,25 (üç yüz qırx yeddi manat, iyirmi beş qəpik) manat məbləğində pul tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır. - 25.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda... (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); yol verilir: ( 25.1.4-cu maddə) Əsaslandırıcı hissə: İş materiallarından görünür ki, iddiaçının iddiası yaşayış mənzilinə aidiyyatı olan bir-birindən fərqli 3 tələbdən ibarətdir. İddiaçı ona məxsus Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də yerləşən 9a mənzilinin 10 metr divarının sökülməsinə və taxta aynabəndlə əvəzlənməsinə görə cavabdehlər Qoruq İdarəsi və Cavabdeh2 məsuliyyət payı müəyyən olunmaqla ona vurulmuş 15 min manat zərərin alınaraq ödənilməsini tələbinin əsası kimi mənzilində 10 metr uzunluğunda kərpic divarı sökülmüş taxta divarla əvəzlənməsinin cavabdehlər Qoruq İdarəsinin və Cavabdeh2 təhriki olmasına istinad edir. (İ tələb) İddiaçı izahatında bu işlərin uzun illər əvvəl olunmasını və Qoruğun əvvəlki rəhbərliyinin qonşu ilə razılığa gəlməsinə dair tövsiyəsi əsasında etdiyini göstərmiş, hazırda bu işlərin ona gördürülməsinin qanunsuz olmaqla ona vurulmuş ziyanın cavabdehlərdən tutulmalı olmasını iddia edir. Beləliklə də müəyyən edilmişdir ki, divarının sökülməsinə və taxta aynabəndlə əvəzlənməsi ilə bağlı Cavabdeh2 Qoruq İdarəsinə müraciəti olmasına baxmayaraq qeyd edilən işləri İddiaçı (özünün bildirdiyinə görə) öz hesabına həll etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan qanuni qüvvəsini almış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən də görünür ki, İddiaçı Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 mülkiyyətində olan ev 94, mənzil 14A-nın əvvəlkin vəziyyətinə qaytarılması və ona dəymiş 11.000 manat məbləğində maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı tələbində qonşusu Rəşadın onun aldığı mənzildə köhnə sahibi tərəfindən bəzi təhlükəli təmirlər edildiyini və bu səbəbdən onun onları yeniləməli olduğunu şərt qoymasını, əks təqdirdə təmirə icazə verməyəcəyi ilə hədələməyini, onun da, yeni qonşu olaraq Rəşadın istəklərini yerinə yetirməli olmasını, yəni öz evində təxminən 1500 manat dəyərində olan uzunluğu 10 metr kərpic divarı dağıtmasını, həmin divarın yerində 2000 manat dəyərində taxta aynabənd qoydurmalı olmasını, dağıntı zamanı 1000 manat dəyərində söküntü qalıqlarının onun tərəfindən daşınmasını, 500 manat dəyərində sanitar xətləri dəyişdirməli olmasını, ustaların işlərinə mane olmasın deyə təmir zamanı işindən 3 ay azad olmasını və bunun onu 1500 manat ziyana salmasını, onların işinə müdaxilə etməsin deyə həyətə 500 manat dəyərində kamera qoydurmasını göstərmişdir. Göründüyü kimi, hazırki iddiasında da İddiaçı cavabdehlərin ona vurduğu ziyanı əvvəlki iddiasında qeyd etdiyi dağıtdığı divarın yerində taxta aynabənd qoyulması ilə əlaqələndirsə də, vurulan zərərin məbləğini fərqli göstərərək bu dəfə ziyan vuran digər cavabdeh kimi əlavə olaraq Qoruq İdarəsini də göstərmişdir. Məhkəmə hesab edir ki, həm iddiaçının tələbinin bu hissəsi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamışdır, həm də iddiaçı cavabdehlər tərəfindən ona 15000 manat ziyan vurulmasına dair sübutlar təqdim etməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mənzilində 10 metr uzunluğunda kərpic divarı sökülmüş taxta divarla əvəzlənməsinin cavabdehlərin təkidi ilə başverməsi və nəticədə ona ziyan vurulmasına dair izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tələbin bu hissəsi üzrə öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. İddianın qeyd edilən hissəsi üzrə iddiaçının cavabdehlər tərəfindən hər hansı hüquqlarının pozulması halı müəyyən olunmadığı üçün iddia bu hissədə əsaslı sayıla bilməz. Məhkəmə tələbin Cavabdeh2 məxsus 14a mənzilin çöl divarının Qoruq qanunları və tarixi ansambla uyğun sökülüb taxta aynabəndlə əvəzlənməsinin cavabdehlər tərəfindən təmin olunmasına dair və Cavabdeh2 məxsus 14a mənzilin çöl divarına tətbiq olunmuş 4 ədəd plastikalüminium pəncərə və 4 ədəd dəmir qəfəsin sökülərək taxta pəncərələrlə əvəzlənməsi hissəsi ilə bağlı (İİ və İİİ tələblər) qeyd edir ki, digər şəxsin mənzilinə aid hər hansı iddianı buna səlahiyyəti olan şəxs (aidiyyatı dövlət orqanı) qaldıra bilər. Belə ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Şəxsiyyəti ilə qırılmaz bağlı olan hüquqlarına dəyən zərərə görə istənilən şəxsin tələb hüququ onun həmin hüquqların daşıyıcısı olmasına əsaslanır. Bu baxımdan da, aidiyyəti şəxs birbaşa özünə toxunan əməllərlə bağlı iddia qaldırmadığı təqdirdə, həmin əməllərə görə başqasının tələb irəli sürməsi, başqa şəxsə məxsus qeyri-əmlak hüquqlarının üçüncü şəxs tərəfindən müdafiə edilməsi iddiaçının istinad etdiyi qanuni əsasın mahiyyətinə ziddir. Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən İİ və İİİ tələblər üzrə iddia qaldırmağa sübyektiv hüquqa malik olmadığından iddia bu hissələrdə də əsassızdır. Məhkəmə həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tələbi üzrə də hesab edir ki, bu iddia da əsaslı sayıla bilməz və rədd edilməlidir. Belə ki, iş materiallarında olan X4 Cavabdeh2 qarşı iddia ərizəsində sadalanmış 135 adda əmlakların naturada və ya onların dəyəri olan 39.881 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, ümumi dəyəri 2.400 ABŞ dolları olan 5 ədəd plastik pəncərənin ona qaytarılması barədə iddia tələblərinin (iddiaçının dəlilləri sübuta yetirilmədiyi üçün) rədd olunmasına dair qanuni qüvvəsini almış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mövcuddur ki, məhkəmə də həmin qətnamə ilə müəyyən edilmiş halların nəzərə alınmasını mütləq zəruri sayır. Müəyyən edilmişdir ki, qeyd edilən qətnamə üzrə iddiaçı olmuş X7 hazırki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 həyat yoldaşıdır və sonuncu həmin işdə iddiaçının nümayəndəsi kimi iştirak etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Mülki Prosessual Məcəllənin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü X6 iddiaları rədd olunmalıdır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü X6 iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar