Məhkəmə qərarları › İş №e-2(009)-603/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-603/2023

13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-603/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı1 MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı1 MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında dəymiş ziyanın ödənilməsi tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 20 Dekabr 2022-ci il tarixində **-GB-*** dövlət qeydiyyat nişanlı “PEUGEOT 407 minik” markalı nəqliyyat vasitəsinin sürücüsü olan Cavabdeh, Əhəd Yaqubov küçəsi ilə hərəkətdə olarkən, İddiaçı1 MMC-nin istifadəsində olan **-JZ-*** dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobusun sol arxa hissəsini vuraraq hadisə törətmişdir. Hadisədən dərhal sonra Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilib. Yol-nəqliyyat hadisəsi Səbail rayon DYPŞ-nin inspektoru polis kapitanı X1 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun araşdırması nəticəsində Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından xx.xx.2022-ci il tarixində sürücü barəsində İXP ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilib. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması sürücünün yazılı verdiyi izahatında da təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Səbail rayon X3 Şöbəsində tanınmışdır. Cavabdeh törətdiyi inzibati qayda pozuntusunu izahatında etiraf etmiş və İXP ******* №li, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokol sürücü tərəfindən qəbul edilmiş və ödənilmişdir. Yol–nəqliyyat hadisəsi nəticəsində avtobusun sol arxa hisssəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 2 gün müddətində işdən kənar edilmiş, xəttə buraxılmamışdır. BMC AZ Servis Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 9365 saylı Zərər Aktına əsasən **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusa 230.40 ( iki yüz otuz manat, qırx qəpik) AZN maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində **-GB-*** dövlət qeydiyyat nişanlı “PEUGEOT 407 minik” markalı nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olmadığından, sürücünün İddiaçı1 MMC-nin balansında olan avtobusa vurmuş olduğu 230.40 ( iki yüz otuz manat, qırx qəpik) AZN maddi zərər cavabdeh tərəfindən qarşılanmamışdır. Bu istiqamətdə cavabdehlə aparılmış danışıqlar bu günə qədər nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı “Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı1 MMC-nin əmlakına (avtobusa) dəymiş 230.40 manat maddi ziyan məbləğinin, 30 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 0,40 manat, ümumilikdə 260.80 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunun kserosurətinə əsasən Cavabdeh AR İXM-nın 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş üzrə İddiaçı1 MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli zərər aktına əsasən «BMC Procity» markalı ** JZ *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 230.40 manat ziyan dəymişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı1 MMC-nin xeyrinə “BMC Procity” markalı **-JZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı 230,40 manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30.40 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğudan iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı1 MMC-nin xeyrinə vurulmuş ziyanın əvəzi kimi 230.40 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və xidmət haqqı kimi ödənilmiş 0,40 manat, cəmi 260,80 (iki yüz altmış manat səksən qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar