Məhkəmə qərarları › İş №e-2(009)-609/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-609/2024

01.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-609/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə rəsmi nikah bağlayıb ailə qurmuşdur. Həmin nikahları Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 578 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü Qasımlı Enes və xx.xx.2020-ci il təvəllüdlü Qasımlı Emilia dünyaya gəlmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 482/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə nikahların pozulması, 2 övladların onun himayəsində qalması və xx.xx.2023-cü il tarixdən başlayaraq onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə görə 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin məhkəmə çəkişməsində vəkili olsa da, sonradan ona məlum olmuşdur ki, alimentin məbləği cavabdehin aylıq qazancından yox, respublika üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə müəyyən edilmişdir. Hansı ki, cavabdehin stabil iş yeri vardır ki, o, həmin iş yeri üzrə kifayət qədər qazanca malikdir və alimentin onun aylıq qazancından tutulmasının qət ediləcəyi təqdirdə uşaqların əvvəlki təminat səviyyəsi təmin edilmiş olardı. Göründüyü kimi, sözügedən məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmalı olan alimentin miqdarı düzgün müəyyən edilməmiş, nəticədə isə o, uşaqlarının saxlanılması üçün haqqı çatanlardan məhrum olmuşdur. Ona görə də hesab edir ki, həmin maddi itkinin bərpa edilərək aradan qaldırılması, ən başlıcası isə uşaqların əvvəlki (yəni boşanmaya qədərki) təminat səviyyəsinin təmin edilməsi məqsədilə himayəsində olan uşaqların saxlanılması üçün alimentin məbləği cavabdehin aylıq qazancından müəyyən edilərək tutulmalı və alimentin tutulması ilk dəfə məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən etibarən hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə birgə nikahlarından olan övladları – xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 18 yaşına çatanadək himayəsində saxlanılmaları üçün Cavabdeh onun xeyrinə tutulmalı olan alimentin miqdarının onun aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməklə ilk dəfə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən hesablanaraq tutulması, ödənilmiş 50 manat məbləğində mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumunun, eləcə də 250 manat məbləğində vəkil xərcinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlandığı ərizəsində İddiaçı tərəfindən ona qarşı qaldırılmış alimentin artırılması tələbinə dair iddiasını qəbul etdiyini, xx.xx.2024-cü il tarixə saat 11.00 təyin olunmuş məhkəmə iclasında Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu üçün üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları var. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-482/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində bağlanmış və 578 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları X2 yanında saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş üzrə Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/16- 002482 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi “aliment məbləğinin artırılması” mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 12.30-13.00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə elektron məhkəmə portalında olan məlumata əsasən Cavabdeh "xxxx" MMC-də “mühəndis, telekommunikasiyalar/telefon” vəzifəsində işləyir, onun aylıq əmək haqqı 3069,71 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Enes və xx.xx.2020-ci il təvəllüdlü Emilia adlı uşaqları var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşaqların saxlanılması üçün iddiaçının xeyrinə hər uşağa görə 220 manat, cəmi 440 manat məbləğində aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının rəsmi iş yeri var, müntəzəm əmək haqqı alır və onun aylıq əmək haqqısı 3069,71 manat təşkil edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə alimentin məbləği cavabdehin aylıq qazancından yox, respublika üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə müəyyən edilmişdir. Hansı ki, cavabdehin stabil iş yeri vardır ki, o, həmin iş yeri üzrə kifayət qədər qazanca malikdir və alimentin onun aylıq qazancından tutulmasının qət ediləcəyi təqdirdə uşaqların əvvəlki təminat səviyyəsi təmin edilmiş olardı. Sözügedən məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmalı olan alimentin miqdarı düzgün müəyyən edilməmiş, nəticədə isə o, uşaqlarının saxlanılması üçün haqqı çatanlardan məhrum olmuşdur. Ona görə də hesab edir ki, həmin maddi itkinin bərpa edilərək aradan qaldırılması, ən başlıcası isə uşaqların əvvəlki (yəni boşanmaya qədərki) təminat səviyyəsinin təmin edilməsi məqsədilə himayəsində olan uşaqların saxlanılması üçün alimentin məbləği cavabdehin aylıq qazancından müəyyən edilərək tutulmalı və alimentin tutulması ilk dəfə məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən etibarən hesablanmalıdır. Bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarının onun aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməklə ilk dəfə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən hesablanaraq tutulması, ödənilmiş 50 manat məbləğində mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumunun, eləcə də 250 manat məbləğində vəkil xərcinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan hər uşağa görə müəyyən edilmiş alimentin məbləği 220 manatdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən iki uşağa görə aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin aylıq əmək haqqısının – 3069,71 manat - 1/3 hissəsi (1023,23 manat) məhkəmə qətnaməsi ilə sabit pul məbləği şəklində tutulması müəyyən edilən alimentin miqdarından (iki uşağa görə cəmi 440 manat) kifayət qədər çoxdur. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından müəyyən edilmiş alimentin qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi həddində müəyyən edilməsi ilə bağlı iddiaçının tələbi əsaslı hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının (iki uşağa görə cəmi 440 manat) uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumdan kifayət qədər aşağı olmasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-482/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən iddiaçı ilə birgə nikahından olan uşaqların saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin ilk dəfə məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən hesablanaraq cavabdehdən tutulmalı olan alimentin təyin edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən uşaqların saxlanılması üçün tutulmalı olan hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment iddiaçının ilk dəfə məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, alimentin artırılması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra artırılmış aliment məbləği tutulmalı olduğundan, həmin tutmanın iddiaçı ilk dəfə məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən tutulması barədə hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 12279 manat nəzərə alınaraq, ödənilməli olan dövlət rüsumu 126,84 manat təşkil edəcəkdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı isə mediatora müraciət etdiyindən, mediasiya xərcləri kimi 50 manat və məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumunun ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı və ödənilməli olan 26,84 manat rüsum isə dövlət nəfinə tutulmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 250 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 4 saylı Vəkil Bürosuna 250 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 250 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-482/2023 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılaraq dəyişdirilsin və hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulsun. Alimentin artırılması ilə bağlı Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 manat, hüquqi xidmət üçün ödənilən 250 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 26,84 (iyirmi altı manat, səksən dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar