Məhkəmə qərarları › İş №e-2(009)-619/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-619/2025

14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-619/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi A.N.Məmmədovun iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət göstərmişdir ki, Cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş və onunla Cəmiyyət arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi və o cümlədən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən cavabdeh avtobus sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2025-ci il tarixədək, öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilənədək, İddiaçı MMC-də çalışmışdır. Cavabdeh əmək müqaviləsi üzrə xidməti vəzifəsini yerinə yetirən zaman müvafiq vəzifə təlimatları üzrə öhdəlikləri bir neçə dəfə pozmuş və o cümlədən inzibati xətalara yol verərək yol-nəqliyyat hadisələri törətmiş, nəticədə isə Cəmiyyətin əmlakına maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixdə M8 nömrəli marşrut xətti üzrə xidmətdə olan zaman nəqliyyat hadisələri törətmişdir. Hadisənin baş verdiyi yerə sığorta şirkətinin nümayəndəsi və Sabunçu RPİ-nin təhqiqatçısı cəlb edilmiş, baş vermis hadisə ilə bağlı təhqiqat araşdırması aparılmış, Cavabdeh barəsində Sabunçu RPİ-nin təhqiqat şöbəsi tərəfindən “Cinayət işinin başlanılmasının rədd edilməsi” qərarı verilmiş və sonuncunun inzibati məsuliyyətə cəlb olunması üçün protokol tərtib edilərək Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. Nəticədə Cavabdeh əməlində İXM-nin 327.8-ci maddəsinin tələbləri pozulması öz əksini tapdığından barəsində xx.xx.2024-cü il tarixli AP No ******* saylı İnzibati xəta haqqında protokolla məsuliyyətə cəlb edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 20 gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 010268 nömrəli zərər aktına əssən hadisənin baş verdiyi vaxt cavabdehin idarə etdiyi “BMC PROCİTY AVTOBUS” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa 8134,63 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun əmlakına (avtobusa) dəymiş 8134,63 manat ziyan məbləğinin, 101,35 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 0,40 manat, ümumlikdə 8236,38 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Tam maddi məsuliyyət haqqında xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən sürücü Cavabdeh ona etibar edilən maddi dəyərlilərə və habelə edilmiş işlərə qayğı ilə yanaşmağı və eyni zamanda heç bir halda maddi dəyərlərə ziyan gətirməməyi öhdəsinə götürmüşdür. İş üzrə Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, sürücü Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 15.30 radələrində “Bakı Nəqliyyat Agentliyi” X10 məxsus, yol vərəqəsi əsasında idarə etdiyi “BMC” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı M8 saylı sərnişin avtobusu ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu ilə sağ tərəfdən ikinci zolaqda hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığına görə qarşısında onunla eyni istiqamətdə və zolaqda hərəkətdə olan sürücü X1 idarə etdiyi “Opel Astra” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən, zərbənin təsirindən sonuncu avtomobil isə “Azpetrol” YDMnin çıxışında dayanmış sürücü X2 etibarnamə əsaasında idarə etdiyi “Kia Rio” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək toqquşmuş və toqquşma nəticəsində “BMC” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı M8 saylı sərnişin avtobusun sərnişini olan X4 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan zəncirvari yol-nəqliyyat hadisəsi törətmişdir. Sürücü Cavabdeh həmin hərəkətləri ilə “Yol hərəkəti haqqında” Azəraycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin (sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmələn dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun) tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq X3 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ-si vasitəsi ilə Sabunçu rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə Sabunçu DYPŞ-nin xx.xx.2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətinə əsasən Cavabdeh AR İXM-nın 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş MXİŞ-nin avtobus sürücüsü Cavabdeh haqqında xx.xx.2024-cü il tarixli xidməti məlumatdan görünür ki,Cavabdeh xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin Marşrut xətlərinin idarəolunması şöbəsində avtobus sürücüsü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə xidmət zamanı avtobusu naməlum şəraitdə zədələmiş, avtobusa ümumi 34,69 manat ziyan vurmuş və xx.xx.2023cü il tarixdə 20 manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə xidmət zamanı avtobusu zədələmişdir. xx.xx.2023-cü il tarixdə 22,66 manat ümumi ziyan məbləğindən 20 manat məbləğinin əmək haqqından tutulması barədə əmr verilmişdir. xx.xx.2023-cü il tarixdə xidmət zamanı hərəkət edərkən mobil telefondan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə 30 manat məbləğinin əmək haqqından tutulması barədə əmr verilmişdir. xx.xx.2023-cü il tarixdə xidmət zamanı hərəkət edərkən mobil telefondan istifadə etmiş və xx.xx.2023-cü il tarixdə 50 manat məbləğinin əmək haqqından tutulması barədə əmr verilmişdir. xx.xx.2023-cü il tarixdə xidmət zamanı avtobusu dayanacaqda saxlamamış və xx.xx.2023-cü il tarixdə 20 manat məbləğinin əmək haqqından tutulması barədə əmr verilmişdir. Qeyd kimi xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. İş üzrə «BMC AZ» servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli zərər aktının surətinə əsasən «BMC Procity» markalı **-JU-*** dövlət nömrə nişanlı avtobusun təmiri üçün 860 manat, ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 6.033 manat, 18% ƏDV 1.240,88 manat, cəmi 8.134,63 manat vəsait hesablanmışdır. İş üzrə Cavabdeh tərəfindən İddiaçı MMC-nin İdarə Heyətinin sədrinin adına yazılmış xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən onu xx.xx.2025-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş üzrə xxxxxxx0004X0 saylı, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, 13-18/3-2-81 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birininin təşəbbüsü) əsasən xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsinə işə götürülmüşdür. Eyni zamanda əmək müqaviləsinə əlavə olaraq tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh “BMC Procity” markalı, **-JU- *** dövlət qeydiyyat nişanlı avtobusda sürücü vəzifəsində işləyən zaman xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Sabunçu rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli protokolu ilə Cavabdeh həmin yol-nəqliyyat hadisəsinin törətməkdə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa 8.134,63 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdehlə əmək münasibətlərinə xx.xx.2025-ci il tarixdən xitam verilmiş, cavabdeh cəmiyyət qarşısında yaranmış 8.134,63 manat borcu ödəməmişdir. Bu səbəbdən iddiaçı həmin pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçı maddi ziyan vurulduğundan, o hazırki iddia ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanılmasını, vurulan ziyanla bağlı cavabdehin iddiaçı qarşısında öhdəliyinin olmasını, cavabdeh tərəfindən həmin ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 101,35 manat və xidmət haqqı kimi ödənilmiş 0,40 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş ziyanın əvəzi kimi 8.134,63 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 101,35 manat və xidmət haqqı kimi ödənilmiş 0,40 manat, cəmi 8.236,38 (səkkiz min iki yüz otuz altı manat, otuz səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar