Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-62/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi Nümayəndə, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı «mülkiyyət hüququna yaranmış maneənin aradan qaldırılması» tələbinə ilkin iddia üzrə, eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı «qanunsuz tikilmiş pəncələrin bağlanması» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «mülkiyyət hüququna yaranmış maneənin aradan qaldırılması» tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən ünvansız fərdi yaşayış evi ilə ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış (tikilmiş) hündürlüyü 10 metr, eni 10 metr olan metal lövhələrdən ibarət olan mülkiyyət hüququnun pozulmasına səbəb olan maneənin (hasarın) cavabdehin vəsaiti hesabına aradan qaldırılması (sökülməsi), ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, 2013-cü ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi 642 H ünvanında alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi alaraq, fərdi yaşayış evi tikmişdir. Fərdi yaşayış evi tikilib qurtardıqdan sonra 2017-ci ildə çıxarış və ünvan almışdır. Evinin arxasında yaşayan Cavabdeh ilə aralarında qanunverciliyə uyğun olaraq, 2 metr 20 sm hündürlüyündə daş hasar hələ o, torpaq sahəsini almamışdan öncə çəkilmişdir. Ev tikintisindən sonra Cavabdeh qeyri-qanuni olaraq onun həyətinə tərəf baxan pəncərələrin bağlanmasını tələb etmişdir. Qeyd edir ki, onun evinin pəncərələri də onun həyətinə baxır. Badamdar qəsəbəsində bir-birinin həyətinə baxmayan ev pəncərəsi olmadığını, onların ümumiyyətlə onun həyətinə baxmadığını bildirməyinə baxmayaraq o, bununla razılaşmamışdır. 2021-ci ilin sentyabr ayının 20-dən sonra Əyyub Əzizov onun evinin pəncərələrinin qarşında 5 ədəd iri dəmir turbalar basdırmış, onların arasını metal lövhələr ilə örtmüş və pəncərələrisinin qarşısını tam bağlamışdır (Fotoşəkillər iddia ərizəsinə əlavə olunur). Cavabdehin inşa etdiyi həmin tikili evinin 1-1.5 metrliyində olmaqla 1-ci, 2-ci və 3-cü mərtəbələrinin pəncərələrinin qarşısını kəsmiş, evin 3 otağına, qaraja və qazanxanaya gələn günəş işığı tamamilə kəsmiş, nəticədə evdə rütubət yarandığından otaqlardan istifadə yararsız hala gəlmişdir. 3-cü mərtəbədə isə görünüş dairəsi məhdudlaşmışdır, digər mərtəbələrlə birlikdə qaranlıq yaranmışdır. Dəfələrlə bu barədə cavabdehdən hasarın sökülməsi tələb edilsə də, heç bir nəticəsi olmamış, cavabdeh iradlarına məhəl qoymayaraq qanunsuz tikintini sökməmişdir. Eyni zamanda hasar dəmirdən olduğu üçün külək əsəndə güclü səs yaranır ki, bu da onlar üçün mütəmadi olaraq əlavə narahatçılıq yaradır. Tikinti getdiyi müddətdə və ondan sonra dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etsə də də bir faydası olmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli XO-02-04-PA/B-58/2-202104017 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq qeyd olunan ünvanda şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində zəruri tədbirlərin görülməsinin təmin edilməsi və məlumat verilməsi barədə Səbail Rayon İcra Hakimiyyətinə göstəriş verildiyi ona bildirilmişdir. Həmin məktubun məzmunundan da göründüyü kimi, Ə.Əzizov tərəfindən qanunsuz hasarın tikintisi və quraşdırılması işləri icazəsiz aparılaraq şəhərsalma qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd olunan göstərişin tələbləri Səbail rayonu İcra Hakimiyyəti tərəfindən icra edilməmiş, ona isə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Nəticədə, qeyd olunan orqanların əməkdaşlarının etinasızlığı səbəbindən, Əyyub Əzizov eni 10 metr, hündürlüyü 10 metr olan, 100-110 kv metr ölçüdə metal lövhələrdən ibarət qanunsuz hasar çəkərək, onun evini işıqsız və havasız qoymuş, səs-küy səbəbindən mütəmadi narahatçılığına səbəb olmuş, eləcə də evi üçün real təhlükəli vəziyyət yaratmışdır. Belə ki, Badamdar qəsəbəsi küləkli ərazidir, güclü külək əsəndə həmin hasar uçaraq təhlükə yarada bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi, Ə.Əzizov 10-11 metr hündürlüyündə hasarı çəkmək üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazə almalı idi. Lakin, o, belə icazə almadan qanunsuz tikinti işləri aparmışdır. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «qanunsuz tikilmiş pəncələrin bağlanması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilkin iddiasının rədd edərək, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, 3-cü massivdə yerləşən, 642 H saylı evin onun həyətinə baxan pəncərələrinin hörülərək tamamilə bağlanması və onun həyətinə müdaxilələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 32-ci məhəllədə 2 sot torpaq sahəsi çıxarışla adına rəsmiləşdirmiş və həmin torpaq sahəsində bütün tikinti normalarına riayət edilməklə ev tikmişdir. Hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ona məxsus torpaq sahəsinin yanındakı torpaq sahəsini İddiaçı almış və həmin ərazidə ev tikməyə başlamışdır. Ev tikilən zaman evin şəhərsalma və tikinti normalarına uyğun olmadığını görüb bu barədə ona dəfələrlə xəbərdarlıq etmişdir. Hətta pəncərələrin onun həyətinə düşən hissədə tikilməməsini xahiş etsə də, cavabdeh tərəfindən buna məhəl qoyulmamışdır. Bu barədə dəfələrlə Səbail Rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər etsə də, müraciətləri cavablandırılmamışdır. Son zamanlarda qonşunun onun həyətinə baxan pəncərə qoyması, onu və ailə üzvlərini narahat edir. O, özünə məxsus həyətyanı sahədən ailə üzvləri istirahəti üçün istifadə edə bilmir. Hətta həmin pəncərələr onun evinin içini belə göstərdiyindən, o, evində də rahatlıqla hərəkət edə bilmir. Bütün bunlar onun Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüququnun və insan azadlığının məhdudlaşdırılmasına gətirib çıxarır. Cavabdeh tərəfindən heç bir hüquqi əsaslar olmadan və tikinti normalarına riayət edilmədən ev tikilmiş, onun həyətinə pəncərə qoyulmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Nümayəndə ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı məxsus çıxarışın qanuniliyi prezumpsiyası mövcuddur. Qarşılıqlı iddia ərizəsi isə əsassızdır. Odur ki, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh evinin sənədi olmasa da, torpağının sənədinin olduğunu, İddiaçı tikinti normalarına riayət edilmədən tikinti apardığını bildirərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli XO-02-04-PA/B-58/2-202104017 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə bitişik, ara məsafəsi gözlənilmədən qonşusu tərəfindən tikilmiş dəmir hasarın sökülməsinə dair müvafiq göstərişin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitşsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Əməkdaşlar tərəfindən yerində baxış zamanı X1 məxsus Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 642 H ünvanındakı fərdi yaşayış evinin mövcud pəncərələrinin 1,5 metrliyində qonşusu Cavabdeh tərəfindən quraşdırılmış hündürlüyü 10 metr olan metal lövhələrlə bağlandığı müşahidə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq qeyd olunan ünvanda şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində zəruri tədbirlərin görülməsinin təmin edilməsi, nəticəsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat təqdim edilməsi bildirilmişdir. - Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 01 fevral 2022-ci il tarixli məktubundan görünür ki, sözügedən ünvana yerində baxış keçirilmiş və lazımi izahatlar verilmişdir. İki qonşu arasındakı münasibət mübahisə xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. - İddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən görünür ki, iki qonşu həyət arasında metal löhvələr quraşdırılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 642 saylı sahə/0,02 ha torpaq sahəsi Cavabdeh tərəfinədn ipotekanın əlavə qeydiyyatı ilə xx.xx.2016-cı il tarixdə X2 xeyrinə yüklü edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli 10/6053 nömrəli rəyindən görünür ki, tədqiq olunan ünvanda yerləşən yaşayış evləri arasındakı sərhəd hasarının hündürlüyünün 2,35 metr, həmin hasara bitişik, iddiaçıya- məxsus yaşayış evinin pəncərələrinin qarşısında metal konstruksiyalardan inşa edilmiş lövhənin eni 9,0 metr, hündürlüyü 5,5 metr təşkil etdiyini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36cı küçədə yerləşən fərdi yaşayış evi ilə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642H ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət olan maneənin (hasarın) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin (Hasarların tikintisinə dair tələblər) 73.1. bəndinin və Tikinti Norma və Qaydaları 2.08.01,89*-un 1.3., 1.4. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət olan maneənin (hasarın) inşası nəticəsində iddiaçının mülkiyyətində olan yaşayış evinin həmin hissədə yerləşən otaqlarına düşən təbii işığın və havalanmanın qarşısının alındığı müəyyən olunur. Baxış zamanı İddiaçı mülkiyyətində olan yaşayış evinin faktiki vəziyyəti ilə həmin yaşayış evinə dair tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642H ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə müvafiq hüquqmüəyyənedici (çıxarış) və texniki sənədlər (texniki pasport) üzrə nəzərdə tutulmuş ərazidə inşa edildiyi və həmin evin, o cümlədən Cavabdeh həyətinə baxan pəncərələrinin texniki pasportunun göstəriciləri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. - Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat olmuşdur. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh iddiaçının yaşayış evinin pəncərələrinin onun həyətinə baxması və bu halın qanunsuz olması ilə öz həyəti ilə iddiaçının həyətini ayıran hissədə metal löhvələr quraşdırmışdır. Hazırda iddiaçı həmin metal löhvələrin onun mülkiyyətindən rahat və qanuni istifadəsinə maneə törətdməsini iddia edərək cavabdehin hesabına sökülməsini tələb edir. Cavabdeh isə öz növbəsində iddianı qəbul etməyərək qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, 3-cü massivdə yerləşən, 642 H saylı evin onun həyətinə baxan pəncərələrinin hörülərək tamamilə bağlanması və onun həyətinə müdaxilələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və İddiaçı məxsus yaşayış evinin şəhərsalma və tikinti normalarına uyğun olmayan şəkildə inşa edilməsi, tikinti işləri aparılan zaman bu barədə qarşı tərəfi xəbərdar etməsi, pəncərələrin onun həyətinə baxan hissədə tikilməməsini xahiş etməsi, cavabdeh tərəfindən buna məhəl qoyulmaması, bu barədə dəfələrlə müvafiq yerli icra hakimiyyəti orqanlarına müraciətlər etsə də, müraciətlərinin cavablandırılmaması, qonşunun onun həyətinə baxan pəncərələrinin olmasının onu və ailə üzvlərini narahat etməsi, özünə məxsus həyətyanı sahədən ailə üzvlərinin istirahəti üçün istifadə edə bilməməsi kimi hallara istinad etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri). “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin materiallarından görünür ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 13.11 2020ci il tarixli 10/1712 saylı ekspert rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642H ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət olan maneənin (hasarın) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin (Hasarların tikintisinə dair tələblər) 73.1. bəndinin və Tikinti Norma və Qaydaları 2.08.01,89*-un 1.3., 1.4. bəndlərinin tələblərinə uyğun olmadığı, quraşdırılmış metal lövhələrdən ibarət olan maneənin (hasarın) inşası nəticəsində iddiaçının mülkiyyətində olan yaşayış evinin həmin hissədə yerləşən otaqlarına düşən təbii işığın və havalanmanın qarşısının alındığı müəyyən edilmişdir. Ekspert rəyi ilə həmçinin İddiaçı mülkiyyətində olan yaşayış evinin faktiki vəziyyəti ilə həmin yaşayış evinə dair tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642H ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə müvafiq hüquqmüəyyənedici (çıxarış) və texniki sənədlər (texniki pasport) üzrə nəzərdə tutulmuş ərazidə inşa edildiyi və həmin evin, o cümlədən Cavabdeh həyətinə baxan pəncərələrinin texniki pasportunun göstəriciləri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli 10/6053 nömrəli ekspert rəyi nəzərə alınmaqla bu nəticəyə gəlinmişdir ki, iş üzrə mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642 H ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət olan maneənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olmadığı müəyyən edildiyindən, məhkəmə qaydasında aradan qaldırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli 10/6053 nömrəli ekspert rəyini hazırki iş üzrə sübut növü kimi qiymətləndirilməsini mümkün sayır. Belə ki, ekspert rəyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə iş materiallarınında olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara, o cümlədən ekspert rəyinə, fotoşəkillərə, tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələr İddiaçı öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneə törədir. Məhkəmə işin hallarını, qanunvericiliyn qeyd edilən normalarının tələbini nəzərə alaraq hesab edir ki, ilkin iddia təmin edilməli, cavabdeh tərəfindən göstərilən ərazidə ünvanda quraşdırılmış metal lövhələr onları quraşdırmış cavabdeh tərəfindən sökülməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, işin materiallarından və ekspert rəyi ilə həmçinin müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642H ünvanında yerləşən fərdi yaşayış evi müvafiq hüquqmüəyyənedici (çıxarış) və texniki sənədlər (texniki pasport) üzrə nəzərdə tutulmuş ərazidə inşa edilmiş və həmin ev, o cümlədən Cavabdeh həyətinə baxan pəncərələri texniki pasportunun göstəriciləri ilə üst-üstə düşür. Məhkəmə ekspert rəyində göstərildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642H ünvanında yerləşən fərdi yaşayış evinin müvafiq hüquqmüəyyənedici (çıxarış) və texniki sənədlər (texniki pasport) üzrə nəzərdə tutulmuş ərazidə inşa edilməsini və həmin evin, o cümlədən Cavabdeh həyətinə baxan pəncərələrinin texniki pasportunun göstəriciləri ilə üst-üstə düşməsini nəzərə alaraq, qarşılıqlı iddianın təmin edilməsini mümkün saymır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, belə ki, işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh hazırda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə texniki pasportda dəyişiklik aparılmasının həvalə edilməsi tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə izah edir ki, onun inzibati icraat qaydasında baxılan iddiası (və ya iddiaları) təmin edildiyi və qərar qanuni qüvvəsini aldığı halda, ümumi məhkəmənin səlahiyyətinə aid hissədə müvafiq tələblə ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil edir və məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı «mülkiyyət hüququna yaranmış maneənin aradan qaldırılması» tələbinə dair ilkin iddiası təmin edilərək, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələr – hasar Cavabdeh vəsaiti hesabına aradan qaldırılmalı - sökülməli, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia rədd edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət maneə - hasar Cavabdeh vəsaiti hesabına aradan qaldırılsın - sökülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE**********0002088501; X3 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-62/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-62/2023
13.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver