Məhkəmə qərarları › İş №e-2(009)-649/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-649/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-649/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay 235 manat sabit pul mələğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay 90 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verlməsi qət edilmişdir. Hal-hazırda X2 yeddi yaşı var. Şamaxı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də, o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndə və vəkili Vəkiliddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, ikinci dəfə ailə qurub, himayəsində iki azyaşlı övladları vardır və həyat yoldaşı üçüncü uşağa hamilədir. O, müharibə iştirakçısıdır, 2 saylı Regional Su kanal idarəsində işləyir və 368 manat əmək haqqı alır, həyat yoldaşı işləmir. Faktiki olaraq qanunun tələblərinə əsasən, qazancı üç övladı arasında bölünməlidir, yəni qazancının yarısı miqdarında aliment tutulmalıdır. Özünün səhhətində problemləri vardır və müalicə alır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gözəllik salonunda işləyir, gəlirləri yəqin ki, ondan yüksəkdir. İddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Şamaxı rayon Məhkəməsinin 2(074)-1520/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Osmanova (Əfəndiyeva) Zərifə Baba qızı ilə Cavabdeh arasında 12 may 2017-ci ildə Şamaxı rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 may 2017-ci il tarixdə 92 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 anası Osmanova (Əfəndiyeva) Zərifə Baba qızının yanında qalması və Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 sentyabr 2018-ci il tarixdən başlayaraq hər ay 90 manat sabit pul məbləğində aliment və xx.xx.2017-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanması üçün hər ay 30 manat pul alınıb iddiaçı Osmanova (Əfəndiyeva) Zərifə Baba qızına verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 304099 nömrəli, 14 fevral 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin 02 ayının 14 günündə 14 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 483119 nömrəli, 06 dekabr 2020-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Təqdim olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2 №-li Regional Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 13-16-9-2/2-01/1-09/20 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən xx.xx.2019-cu il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2 №-li Regional Sukanal İdarəsinin Şamaxı sukanal sahəsi istismarın təşkili və idarə edilmiəsinə nəzarət qrupunda təmirçi çilingər peşəsində işləyir. Onun aylıq əmək haqqısı 368,00 manat təşkil edir. Təqdim olunmuş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2024-cü il tarixli, 18-1-72/2-O-257-41475/24 nömrəli arayışından görünür ki, Şamaxı rayonu Əngəxaran kəndində qeydiyyatda olan xx.xx.1985-ci il təvəlllüdlü X6 həqiqətən Şamaxı RMX-nın ASM-də 17-18 həftəlik hamilə diaqnozla qeydiyyatdadır. Təqdim olunmuş AZ-İV 816647 nömrəli, xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Təqdim olunmuş AA4177691 VVKOUUBB nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə doğulmuşdur. Təqdim olunmuş 1-5011 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Cavabdeh “Lacının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Təqdim olunmuş 1-57594 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Cavabdeh “Vətən müaribəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşağı iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 2(074)-1520/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar