Məhkəmə qərarları › İş №e-2(009)-66/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-66/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-66/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 MTK-nin nümayəndəsi-vəkili X1 və Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə 10 yanvar 2024-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondu – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı «borcun tutulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən 46524,41 manat əsas, 40146,93 manat faiz, 30328,09 manat cərimə və 407 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış əmlakların dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixli müqavilə imzalanmışdır. Bundan sonra xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 kompleksində avtodayanacaq sahəsinin alınması məqsədi ilə "xxxx" ASC tərəfindən 120 ay müddətinə illik 12 % olmaqla 50,400 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 MTK-nin nümayəndəsi-vəkili iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügedən dayanacaq digər cavabdeh tərəfindən MTK-ya qaytarılmış və sonradan başqa şəxsə satılmışdır. Bank vaxtında MTK-nı borc barəsində məlumatlandırsa idi, MTK bununla bağlı tədbir görərdi və borc məbləği hazırki vaxtdakı kimi böyüməzdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi-vəkili iddia tələbinin Cavabdeh1 münasibətdə təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügedən dayanacaq artıq 8 ilə yaxın müddətdir ki, MTK-ya geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan: "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli müqavilənin 2.1-ci maddəsinə əsasən, müqavilənin predmetini ünvan 2 ünvanında tikintisi aparılan “Azure Parkinq” çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 10 il müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, borcluya avtodayanacaq sahəsinin alınması üçün illik 12 % dərəcəsi ilə 120 ay müddətinə 50,400 manat məbləğində kredit verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6244 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla əsas borc 46499,26 manat, faiz borcu 39896,37 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsində ekspertin rəyinin əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1u iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddia tələbi əsas və faiz məbləği hissəsində qismən təmin edilərək cavabdehdən ümumi qaydada tutulmalıdır. İddia tələbinin Cavabdeh2 MTK-dan borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, borc məbləği Cavabdeh1 ilə Cavabdeh2 MTK-dan müştərək qaydada tutulmalıdır. Belə ki, "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 30328,09 manat məbləğində dəbbə pulunun tutulması hissəsi də qismən təmin edilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, məhkəmə cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış dəbbə pulunu azaldaraq 3000 manat müəyyən edilməsini daha məqsədəuyğun olması nəticəsinə gəlir Məhkəmə həmçinin tələbin iddia qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu əvəzinin 200 manat məbləğində hissəsi cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsindən yaranmış 46499,26 manat əsas, 39896,37 manat faiz, 3000 manat cərimə borcu olmaqla ümumilikdə 89395,63 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 200 manat məbləğində hissəsi Cavabdeh1 və Cavabdeh2 MTK-dan müştərək qaydada tutulub Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 100 manat hissəsi iddiaçıdan, 100 manat hissəsi isə cavabdehlərdən tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********;AZ41NABZ********************, Dövlət XəzinədarlığıAgentliyi,KOD210005;VÖEN**********;MüxbirhesAz41NABZ**********0******** ** S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar