Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-662/2022 06.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2389,91 manat əsas kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43,89 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialı ilə cavabdeh Qasımova Güləndam Təvəgül qızı arasında bağlanmış BPM**********56 nömrəli, 13.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 22 ay müddətinə illik 27 faizlə 3260 manat məbləğində kredit verilmişdir. Qasımova Güləndam Təvəgül qızı 23.01.2019-cu il tarixdə vəfat etmiş və ölüm faktı 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq, 28.09.2019-cu il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 28 saylı notariat ofisindən əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri 2 saylı notariat ofisi tərəfindən Qasımova Güləndam Təvəgül qızının vərəsələri kimi tanınaraq, onlara hər birinə mirasdan 1/2 hissədə pay almaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Borc alan vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 2389,91 manat əsas borc qaldığından, cavabdehlərə öhdəliyin yerinə yetirilməsi haqqında tərəflərindən 15.10.2021-ci il tarixdə bildirişlər göndərilərək, xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışına əsasən müqavilə üzrə 13.01.2022-ci il tarixə 2389,91 manat məbləğində əsas kredit borcu ödənilməmiş qalmaqdadır. Həmçinin notariat ofisindən əldə edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildə, Cavabdeh2 isə ünvan 1 qeydiyyatdadırlar. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 2389,91 manat olduğundan, tərəflərindən 43,89 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etdiklərini və iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialı ilə cavabdeh Qasımova Güləndam Təvəgül qızı arasında bağlanmış BPM**********56 nömrəli, 13.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 22 ay müddətinə illik 27 faizlə 3260 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan BPM**********56 nömrəli, 13.06.2018-ci il tarixli kredit müqaviləsinə əlavənin, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Qasımova Güləndam Təvəgül qızı kredit borcunu ödəməyə 13 iyul 2018-ci il tarixdən başlamalı, hər ay 189.5 manat ödəməklə, 13 aprel 2020-ci il tarixdə bitirməli idi. İş materiallarında olan AZ-İ 995986 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qasımova Güləndam Təvəgül qızı 23.01.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019 ilin 01 ayının 28 günündə 177 № ilə qeyd edilmişdir. İş materiallarında olan 10 may 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri 2 saylı notariat ofisi tərəfindən Qasımova Güləndam Təvəgül qızının vərəsələri kimi tanınaraq, onlara hər birinə mirasdan ½ hissədə pay almaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 244 saylı, 14.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Qasımova Güləndam Təvəgül qızının ödənilməmiş əsas borcu 2389,91 manat təşkil edir. İş materiallarında olan 15.10.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsin əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verildikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini almış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 04.06.2018-ci il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısınıda birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialı ilə cavabdeh Qasımova Güləndam Təvəgül qızı arasında bağlanmış BPM**********56 nömrəli, 13.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 22 ay müddətinə illik 27 faizlə 3260 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qasımova Güləndam Təvəgül qızı 23.01.2019-cu ildə ölmüşdür. X2 Təvəgül qızının övladları Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri 2 saylı notariat ofisi tərəfindən Qasımova Güləndam Təvəgül qızının vərəsələri kimi tanınaraq, onlara hər birinə mirasdan ½ hissədə pay almaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, iddiaçının göstərilən məbləğdə borcun Cavabdeh1 və Cavabdeh2 tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 06.02.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 43,89 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 43,89 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 qızından müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 2389,91 (iki min üç yüz səksən doqquz manat doxsan bir qəpik) manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43,89 (qırx üç manat səksən doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-662/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-662/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver