Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-676/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında tanışı Cavabdeh özünə 9000 manat pul lazım olduğunu bildirmişdir. İnandırıcı olması üçün özünə məxsus Xəzər rayonunda yerləşən torpaq sahəsinin və obyektin sənədlərinin əslini ona vermişdir. 2020-ci ilin oktyabr ayında o, 7-ci mkr-da “Ankara” şadlıq evinin yanında onunla görüşüb bir neçə dəfəyə 9000 manatı ona vermişdir. Cavabdeh isə uzağı 1 ay sonra pulu qaytaracağını ona vəd etmişdir. Arada sənədlərin əslini iş məqsədilə ondan almışdır. Lakin 1 ay keçməsinə baxmayaraq onun pulu qaytarmadığını görüb əlaqə saxlamağa çalışmış, cavabdeh isə nəinki pulu qaytarmaq, telefon zənglərinə belə cavab verməmişdir. Bununla bağlı tərəfindən 24.11.2021-ci il tarixdə Cavabdeh dələduzluq əməli ilə bağlı Binəqədi rayon Polis İdarəsinə şikayət ünvanlanmışdır. Şikayətin araşdırılması gedişində Cavabdeh 15.12.2021-ci il tarixdə yazılı şəkildə iltizam verərək bildirmişdir ki, 15 gün ərzində 6500 manat pulu ona qaytaracaqdır. Lakin cavabdeh bu günə qədər borcunu ona qaytarmamışdır. Həmçinin Cavabdeh öz izahatında onun cavabdehə 6200 manat pul verdiyini bildirmişdir, bu iddia tamamilə yalandır, cavabdehə əvvəlcə 2000 manat, daha sonra kart hesabına 500 manat, bir aydan sonra yenidən 4000 manat, sonuncu dəfə 2020-ci ilin oktyabr ayında isə 2500 manat, cəmi 9000 manat məbləğində borc pul vermişdir. Müvafiq şikayət araşdırıldıqdan sonra mübahisə mülki xarakterli olduğundan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X1 tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01.01.2022-ci il tarixli qərar qəbul edilmişdir. Cavabdeh təqsirli şəkildə öz hərəkətlərini pozmuş və belə pozuntu 3-cü şəxslərin hərəkət və ya hərəkətsizliyi ilə heç bir bağlılığı da olmamışdır. Məsələ ilə bağlı dəfələrlə cavabdehlə şifahi danışıqlar aparmışdır, pulunu hər formada tələb etmişdir, lakin cavabdeh öhdəliyini icra etməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 9000 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi Elvar Quliyevin 01.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı şikayət ərizəsinə dair toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə Cavabdeh vermiş olduğu izahatında bildirmişdir ki, 2020-ci illərin sonlarında özünə məxsus sexdə iş görmək üçün pul lazım olmuşdur. Bu səbəbdən ətrafında olan insanlara bu işə pul qoyan olarsa şərik kimi işləyib qazancı yarıya böləcəyini bildirmişdir. 2020-ci ilin oktyabr ayında ortaq tanışları olan “Əbdül” adlı şəxsin vasitəsi ilə İddiaçı ilə tanış olmuşdur. Tanışları zamanı Sənan onun gördüyü işlə tanış olmaq üçün Bakı şəhəri Binə qəsəbəsində yerləşən sexinə gəlmiş və onunla iş görmək istədiyini bildirmişdir. O, həmin şəxsə kom şəkildə 10.000 manat pul verəcəyi halda iş görüb pul qazana biləcəklərini demiş və sonuncu da onunla razılaşmışdır. Danışıqlarından təxminən 3-4 həftə sonra Sənan onun işlətdiyi Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində “Ülvi” şadlıq evinin yanında yerləşən ayaqqabı sexində 2000 manat pulu ona vermişdir. Həmin vaxt o, Sənana yenidən iş görmək üçün 10000 manat pulun kom şəkildə lazım olduğunu bildirmişdir. Həmin vaxtdan 2 həftə sonra Sənanla Səbail rayonu ərazisində yaşadığı evin yaxınlığında görüşərək, Sənan 500 manat pul vermişdir. Bundan da təxminən 1 ay yarım sonra Sənan Yasamal rayonu ərazisində onun dediyi Emin adlı şəxsə 7000 manat pul verməli olduğu halda sonuncuya onun yanında 4000 manat pul vermişdir. Emin adlı şəxsə 4000 manat pul verməkdə isə məqsədləri, həmin işlə bağlı sonuncudan 7000 manatlıq material aldıqları olmuşdur. Beləliklə Sənan ümumilikdə ona cəmi 6200 manat məbləğində pul vermişdir. Həmin pulu qısa müddət ərzində ona qaytaracaqdır. İş üzrə Cavabdeh tərəfindən yazılmış 15.12.2021-ci il tarixli iltizamın surətindən görünür ki, İddiaçı olan 6500 manat pulu 15 gün ərzində, yəni 01.02.2022-ci il tarixədək Binəqədi rayon Polis İdarəsinin 406 saylı otağında baş müstəntiq Elvar Quliyevin iştirakı ilə qaytarmağı öhdəsinə götürmüş,əks halda Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyəti daşıyağacını xəbərdar olmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehə 2020-ci ilin oktyabr ayında bir neçə dəfəyə borc kimi cəmi 9.000 manat məbləğində pul vermiş və cavabdeh həmin borcu 1 ay sonra qaytarılmasını vəd etsə də, öz öhdəliyini icra etməmişdir. 24.11.2021-ci il tarixdə o, cavabdehin dələduzluq əməli ilə bağlı Binəqədi RPİ-nə şikayət ünvanlanmış, şikayətin araşdırılması gedişində Cavabdeh 15.12.2021-ci il tarixdə yazılı şəkildə iltizam verərək 15 gün ərzində 6500 manat pulun qaytaracağını bildirmişdir. Lakin cavabdeh bu günə qədər borcunu qaytarmamışdır. Həmçinin Cavabdeh öz izahatında onun cavabdehə 6200 manat pul verdiyini bildirmişdir. O, cavabdehə əvvəlcə 2000 manat, daha sonra kart hesabına 500 manat, bir aydan sonra yenidən 4000 manat, sonuncu dəfə 2020-ci ilin oktyabr ayında 2500 manat, cəmi 9000 manat məbləğində borc pul vermişdir. Bu səbəbdən iddiaçı cavabdehdən 9000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan yalnız 6500 manat məbləğində pulun alınması etiraf olunmuş, bu barədə onun tərəfindən iltizam adlı sənəd tərtib edilərək imzalanmış və iltizamda borcun 01.02.2022-ci il tarixədək qaytarılması öhdəliyi götürülmüş, lakin hazırki vaxtadək həmin pulu qaytarmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 9000 manat məbləğində pulun şifahi müqavilə əsasında borc verilməsini iddia etsə də, həmin məbləğdə borcun verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıdan yalnız 6500 manat məbləğində borc pulun alınmasını etiraf etməsini və bununla əlaqədar müvafiq iltizam tərtib etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi yalnız cavabdeh tərəfindən etiraf olunan həddə əsaslı hesab edilməli və təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 6500 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6500 (altı min beş yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-676/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-676/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver