Məhkəmə qərarları › İş №e-2(009)-711/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-711/2022

06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-711/2022 06.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus LX 570” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1805 manat məbləğində sığorta ödənişinin, 39 manat dövlət rüsumunun və vəkillə bağlanan müqaviləyə görə 300 manatın cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, özünə məxsus olan ** RP *** dövlət nömrə nişanlı, LEXUS LX 570 markalı avtomobili ilə Lənkəran rayonunun Sütəmurdov kəndində məzuniyyətdə olduğu zaman Yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı onun avtomobilinə zərər dəymişdir. Zərər vuran şəxsin avtomobili "xxxx" Açıq Səhimdar Cəmiyyətində icbari sığorta edilmişdir. xx.xx.2021 -ci ildə baş verən yol nəqliyyat hadisəsi zamanı avtomobilinin arxa hissəsi yararsız vəziyyətə düşmüşdür. Qanuna müvfiq surətdə sığorta hadisəsi barədə X4 İdarəsinin Lənkəran rayon Şöbəsinə və sığorta şirkətinə məlumat verilmiş və dəyən zərərin müəyyən edilməsi üçün tədbir görülməsi xahiş edilmişdir. xx.xx.2021-ci il tarixində sığorta şirkətinə dəymiş zərərin müəyyən edilməsi üçün servisə getmək lazım olduğunu bununla bağlı nümayəndələrinin iştirakını təmin etmələrini xahiş etsədə onlar xx.xx.2021-ci ilə kimi süründürməçilik etmişlər, avtomobilə heç bir baxış keçirmədən şifahi formada 800 manat verə biləcəklərini bildirmişlər. Bundan sonra o məcbur olaraq qiymətlənməni onların iştirakı olmadan keçirtmişdir. Öz təşəbbüsü ilə “X5”ə müraciət edərək avtomobilinə dəymiş zərərin müəyyən edilməsini xahiş etmişdir. Həmin servis tərəfindən avtomobilin detallarına dəyən zərərin qiyməti 1355 manat, təmir işləri üçün isə 450 manat olmaqla ümumilikdə 1805 manat ümumi xərc hesablanmaqla zərər aktı tərtib edilmişdir. Tərtib edilən AKT sığorta şirkətinə təqdim edilmişdir. Bundan sonra isə Sığorta şirkəti avtomobilə dəymiş zərəri qiymətləndirmiş və 325 manat detallara dəyən zərər, 500 manat isə təmir işlərinin xərci olmaqla ümumilikdə 825 manat xərc hesablamaqla zərər aktı tərtib ediblər. Avtomobilimin ümumilikdə 7 detalı zədələnərək sıradan çıxması nəzərə alınmaqla “X5” tərəfindən 1805 manat ziyan çıxarıldığı halda Sığorta şirkəti tərəfindən cəmi 825 manat xərc çıxarılmışdır. Sığorta şirkəti yol nəqliyyat hadisəsi baş verdiyi gündən bu günə kimi süründürməçiliklə məşğul olmaqla yanaşı qanunvericiliyin tələblərini də pozmaqdadır. Sığorta əməkdaşı ona bildirir ki, “nəyə görə siz işlənmiş avtomobilə təzə detallar qoymalısınız? gedin ölüxanadan detallar alın daha ucuz başa gəlsin”. Sanki vətəndaşla sığorta müqaviləsi bağlayan zaman müqavilə şərti kimi zədələnmiş detalların ölüxanadan alınması öhdəliyi götürülmüşdür. Bundan başqa sığorta şirkəti Mərkəzi Banka etdiyi şikayətdən sonra zərərin müəyyən edilməsi üçün ona ekspert qismində üç nəfərin, Talıblı Əhməd (*** *** ** **), Elşən Mehdiyev (051545 0055) və Elçin Allahverdiyevin (*** *** ** **) adını verərək bu şəxslərin xidmətindən istifadə edə biləcəyini bildirirlər. Halbuki, Mərkəzi Bankın müvafiq saytında 70-ə yaxın ekspert-mütəxəssisin xidmətindən istifadə edə bilərik. Buna dair iradlarını bildirdikdə sığorta şirkəti müstəqil qaydada özünün seçəcəyi ekspert-mütəxəsis barədə əvvəlcədən sığorta şirkətinə məlumat verməyini və onlar həmin ekspertin xidmətinin “bahalı” olub olmamasını müəyyən edəcəklərini bildirirlər. Əgər “bahalı” ekspert olarsa həmin şəxsin xidmətindən istifadə etməyəcəklərini bildirirlər. Göstərilənlərdən başqa bildirir ki, yol nəqliyyat hadisəsi o məzuniyyətdə olan zaman Lənkəran rayonunun Sütəmurdov kəndində baş vermişdir. Sığorta şirkətinin qanunsuz əməllərinə, süründürməçilik və dəyən zərərin vaxtında düzgün hesablanmamasına görə o məzuniyyətini yarımçıq kəsərək Bakı şəhərinə qayıdaraq avtomobilinin təmiri ilə məşğul olmağa məcbur olmuşdur. Vətəndaşlar əmlaklarını ona görə sığorta edirlər ki, rahat yaşasınlar, sığorta etmirlər ki, aylarla hansısa qanunsuz əməllərlə məşğul olan sığorta şirkətinin arxasınca sürünsünlər. Sənaye sığorta şirkəti bu əməli ilə ona maddi zərər vurmaqla yanaşı mənəvi zərərdə vurmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi etiraz ərizəsi vermiş və ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində “VAZ 21074” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil və “Lexus LX570” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. “VAZ 21074” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil cəmiyyətimizdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə PSS********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. “Lexus LX 570” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddələrinin tələblərinə əsasən müqavilə üzrə Cəmiyyətimizlə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və zərər məbləği 655 (altı yüz əlli beş) manat müəyyən edilmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən həyata keçirilir. Qanunvericiliyin müvafiq müddəalarının tələbindən də göründüyü kimi, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsinin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertə həvalə edilməsi üçün tərəflərin qarşılıqlı razılığı şərti müəyyənləşdirilmişdir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 21/949 saylı məktuba əsasən, zərərin yenidən qiymətləndirilməsinin həyata keçirilməsi üçün avtomobilin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla sığorta sahəsində qiymətləndirmə fəaliyyəti ilə məşğul olan, Mərkəzi Bankın reyestrində qeydiyyata alınmış müstəqil ekspertlər Talibiı Əhməd, Elşən Mehdiyev, Elçin Allahverdiyev, "xxxx" MMC və "xxxx" MMC-yə təqdim olunması təklif olunmuşdur. Lakin İddiaçı avtomobili müstəqil sığorta ekspertinə təqdim etməyə razılıq verməmişdir. Odur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı olan e-2(009)- 711/2022 saylı iş üzrə iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndə və vəkili Vəkil bildirmişdir ki, Lexus LX 570” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1805 manatdır. Lakin ekspert rəyi ilə bu məbləğ 1755.00 manat müəyyən edilmişdir. Bu məbləğlə razı deyillər. Bu səbəbdən iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli baxış iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli İXP4123724 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2021-ci il tarixində X2 idarə etdiyi “VAZ 21074” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmişdir. İş materiallarında olan “X5” tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Aktdan görünür ki, İddiaçı məxsus “Lexus LX 570” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymış ziyanın məbləği 1805 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3459 saylı Rəyindən görünür ki, “X5”-in xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Lexus LX 570” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1755 manat məbləğində müəyyən edilmişdir. (təhqiqatın dəyəri 100 manat) İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş sığorta hadisəsi zamanı onun avtomobilinə 1805 manat ziyan dəydiyini və həmin məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-in 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığortalar haqqında» Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: - zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; - zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; - zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; - sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. Həmin Qanunun 54-cü maddəsinə əsasən Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Həmin Qanunun 56.1 və 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. Məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilməklə vurulmuş zərərin məbləği 1755 manat müəyyən edilmişdir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi, iddiaçıya məxsus avtomobilə 1755 manat məbləğində ziyan dəymişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 1765 (bir min yeddi yüz altmış beş) manat sığorta ödənişi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçıya hüquqi yardımın göstərilməsi üçün haqq 300 manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat vəkil xərcinin 250 (iki yüz əlli) manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 37.55 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 10 (on) manatı İddiaçı, 90 (doxsan) manatı isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1765 (min yeddi yüz altmış beş) manat və iddiaçı tərəfindən ödənilmiş 250 (iki yüz əlli) manat vəkil xərci, 37.55 (otuz yeddi, əlli beş qəpik) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 10 (on) manatı İddiaçı, 90 (doxsan) manatı isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar