Məhkəmə qərarları › İş №e-2(009)-713/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-713/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-713/2025 10.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi E.M.Əkbərovun, Cavabdehin nümayəndəsi N.M.Cəfərovun iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRCB8803791A299 saylı müqaviləsinə əsasən ona debet kartı verilmişdir. Daha sonra iddiaçı ”Kapital Bank” ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli BRCB8803791A299 saylı əlavə razılaşmaya əsasən onun kartına 57 ay müddətinə 6060 manat kredit vəsaiti mədaxil edilmişdir. Yəni kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 5987,79 manat, 1264,5 manat faiz, cəmi 7252,29 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə sifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5987,79 manat əsas, 1264,5 manat faiz, cəmi 7252,29 manat pul vəsaitinin və 92,52 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehlə 6060 manat məbləğində kredit verilməsi barədə müqavilə onlayn qaydada bağlanılmışdır. Belə ki, əvvəl 2022-ci ildə cavabdehin videogörüntü ilə müraciəti əsasında debit kart müqaviləsi bağlanılmış, 2024-cü ildə isə cavabdeh banka özünə məxsus mobil nömrə vasitəsi ilə müraciət edərək 6060 manat məbləğində pul vəsaitinin verilməsini xahiş etmiş, sifarişçinin kartına pul köçürülməsi həyata keçirilmişdir. Təqdim olunan çıxarışdan belə məlum olur ki, həmin tarixdə də köçürülən pul cavabdehin bank kartından digər kart hesabına köçürülmüşdür. Cavabdehin nümayəndəsi etirazında da etiraf edir ki, bank sirri təşkil edən məlumatı özünü İddiaçıın nümayəndəsi kimi təqdim edən şəxsə vermişlər. Ehtimal etmək olar ki, əgər həqiqətən cavabdehin qeyd etdiyi kimi o, kreditin götürülməsi ilə bağlı banka müraciət etməyibsə, cavabdehin bank kartı barədə məlumatları kənar şəxs tərəfindən əldə olunubdur. Belə olan halda bank heç bir məsuliyyət daşıya bilməz. Hüquq-mühafizə orqanları araşdırma nəticəsində belə bir halı müəyyən edib təqsirkar şəxsi aşkar edərsə, cavabdehin həmin şəxsə qarşı reqress qaydada tələb hüququ yarana bilər. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, o, hüquq-mühafizə orqanlarına müraciət etmiş, cinayət işi başlanılmış və o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, oğlunun kartın pul köçürüldükdən sonra pulu kartdan çəkiblər. Oğlu pul götürmək barədə sifariş verməmişdir. Pulun kartdan çıxarılması barədə şikayət edilmişdir, cinayət işi qaldırıblar, oğlu da zərərçəkəndir. Hazırda araşdırma aparılır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz göndərilmiş və etirazında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ona özünü İddiaçıın nümayəndəsi kimi təqdim edən bir şəxs ona məxsus İddiaçıın cashback kartına gələn kodu istədikdən sonra, adına 6060 manat onlayn kredit sifariş edilmiş və həmin məbləğin 5990 manatı başqa karta köçürülmüşdür. Onun telefonuna SMS gəldi ki, “sizin kartdan 5990 manat pul çıxarılıb”. O, banka gedərək kredit sifariş etmədiyini bildirdikdə bankdan ona polisə ərizə ilə müraciət etməli olduğunu bildirdilər. xx.xx.2024cü il tarixdə o, ərizə ilə Səbail rayon Polis İdarəsinə müraciət etmişdir. Onun ərizəsinə Səbail RPİdə istintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X7 baxmış və İddiaçıdan şikayət ərizələrinin 200-ə qədər olduğunu bildirmişdir. Onun ərizəsi ilə əlaqədar ********* nömrəli cinayət işi açmışdır. O, Səbail rayon Polis İdarəsindən şikayət ərizəsi ilə əlaqədar açılan cinayət işi üzrə arayış və qərarı alaraq həmin sənədləri İddiaçıa online şəkildə göndərmişdir. Bundan əlavə polis tərəfindən ona təqdim olunan sənədləri hüquq mühafizə orqanlarına, Mərkəzi Banka, Prezidentə, 1-ci Vitse- Prezidentə, Respublika Baş Prokuroruna və Ombudsmana göndərmişdir. Bütün yazılan şikayət ərizələrə baxmayaraq, onun İddiaçıdan götürmədiyi kreditin üzərinə bank tərəfindən faiz hesablanır. Bundan başqa, o, dəfələrlə aidiyyəti qurumlara müraciətlər etmişdir. Hazırda mahiyyəti üzrə araşdırma gedir. Hazırda iş Səbail rayon Prokurorluğundadır. Qeyd olunanları nəzərə alaraq Cavabdeh 2(009)-713/2025 saylı mülki iş üzrə İddiaçı ASC-nin ona qarşı “cavabdehdən 7252,29 AZN pulun, 92,52 AZN dövlət rüsumunun, cəmi 7344,81 AZN məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsinə dair” iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə tərəflərin izahatlarını dinləyib, CD diskə baxış keçirilib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada videogörüntü ilə bağlanmış xx.xx.2022-ci il tarixli BRCB8803791A299 saylı Birbank cashback debet kart müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh debet kartı verilmişdir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB8803791A299 saylı Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli Əlavə Razılaşmaya əsasən bank tərəfindən Cavabdeh 57 ay müddətinə 6060 manat məbləğində kredit cavabdehin mobil tətbiq vasitəsi ilə onlayn müraciəti əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İş üzrə Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin rəisi tərəfindən verilmiş xx.xx.2024-cü tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi ayrı-ayrı şəxslərə məxsus kartların hesabından elektron məlumat daşıyıcılarından istifadə etməklə müxtəlif məbləğdə pulların oğurlanması faktına görə başlanılaraq ibtidai istintaq aparılır. Həmin cinayət işi üzrə ərizəçi Cavabdeh ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilərək, etiböarnamə əsasında istintaqa daxil olmuş atası X3 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq onunla bağlı zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Cavabdeh məxsus olan İddiaçı ASC-dən almış olduğu kartının məlumatlarını telefon vasitəsi ilə zərərçəkmiş şəxslə əlaqə saxlayaraq özünü İddiaçı ASC-nin əməkdaşı kimi təqdim edib öyrənən və sonuncunun bank hesablarına daxil olub gizli yolla məbləğləri başqa hesaba köçürməkdə şübhəli olan və şəxsiyyəti istintaq araşdırılan naməlum şəxsin anket məlumatlarının əldə edilməsi istiqamətində zəruri istintaq hərəkətləri keçirilib məhkəmə qərarları əsasında müvafiq banklardan bank sirri təşkil edən məlumatlar götürülmüşdür. İstintaq zamanı həmin məlumatlara baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən müsbət nəticə əldə olunmamışdır. Bununla əlaqədar cinayət işinin ibtidai istintaqı dayandırılmaqla istintaq və əməliyyat axtarış tədbirlərinin davam etdirilməsindən ötrü əməliyyat axtarış aşa açılmışdır. Hazıradək baş vermiş cinayət faktının açılması istiqamətində müvafiq istintaq və əməliyyat tədbirləri keçirilməkdə davam etdirilir. İş üzrə Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh məxsus olan İddiaçı ASC-dən almış olduğu “cash back” bank kartının məlumatlarını özünü İddiaçı ASC-nin əməkdaşı kimi təqdim edən şəxsiyyəti istintaqla araşdırılan şəxsə təqdim etdikdən sonra sonuncunun adına 6060 manat online kredit sifariş edildikdən sonra həmin məbləğdən 5990 manatı elektron məlumat daşıyıcılarından istifadə etməklə talamış və nəticədə həmin zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən Cavabdeh istintaqı aparılan ********* saylı cinayət işin üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş üzrə Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh atası X1 zərərçəkmiş şəxs Cavabdeh nümayəndəsi qismində tanınması qərara alınmışdır. İş üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına, surəti X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir. xx.xx.2024-cü il tarixdə Cavabdeh istifadəsində olan 416973******7368 nömrəli plastik karta 6060 manat məbləğində limit ayrılmış və “Birbank cashback debet kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma raəmiləşdirilmişdir. Müştərinin istifadəsində olan mövcud hesab rəsmiləşməsi zamanı eyniləşdirmə prosesi təsdiqləndiyi üçün kredit limitinin ayrılması zamanı əlavə üztanıma prosesi keçilməmişdir. Həmin tarixdə Cavabdeh istifadəsində olan 416973******7368 nömrəli plastik kartdan 5900 manat məbləğində köçürmə əməliyyatı icra edilmişdir. Əməliyyat mobil nömrəyə Bank tərəfindən göndərilmiş 3D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Bank tərəfindən 3D Secure kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilir. Əlavə olaraq bildirirlər ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarından xx.xx.2024-cü il tarixədək sorğu daxil olmamışdır. Hüquq mühafizə orqanlarından daxil olan sorğu qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən müvafiq qaydada cavablandırılır. İş üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Nurəddin Cəfərova ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciəti ilə əlaqədar araşdırma aparılması üçün Mərkəzi Bank tərəfindən İddiaçı ASC-yə (bank) sorğu ünvanlanmışdır. Bank tərəfindən aparılmış araşdırmanın nəticəsi barədə surəti N.Cəfərova ünvanlanmaqla Mərkəzi Banka xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu (Qanun) ilə müəyyən edilmişdir. Bank tərəfindən təqdim edilmiş məlumata əsasən N.Cəfərovun müraciətində mübahisələndirilən əməliyyat 3D Secure kodu istifadə edilməklə icra edildiyindən aidiyyəti hissədə araşdırma aparılması üçün hüquq mühafizə orqanlarına müraciət edilməsi tövsiyyə olunur. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.7-ci maddəsinə əsasən yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbayccan Respublikasının məhkəmələri tərəfindən həll edilir. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən ona 57 ay müddətinə 6060 manat məbləğində Birkart müqaviləsi üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borc məbləği 5987,79 manat, faiz borc məbləği 1264,5 manat olmaqla, 7252,29 manat məbləğində ümumi borcu, gecikmə günü 128 gün olmaqla 2224,64 manat məbləğində gecikmə yaranmışdır. Cavabdeh qrafikə uyğun ödəniş aparmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunur. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan qanunlarının tələblərinə uyğun olaraq Cavabdeh barəsində müvafiq tədbirlər görüləcəkdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRCB8803791A299 saylı müqaviləsinə əsasən ona debet kart verilmişdir. Daha sonra İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli BRCB8803791A299 saylı əlavə razılaşmaya əsasən onun kartına 57 ay müddətinə 6060 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desələr kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 5987,79 manat əsas, 1264,5 manat faiz, cəmi 7252,29 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müvafiq müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimildən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında elektron qaydada videogörüntü ilə bağlanmış xx.xx.2022-ci il tarixli BRCB8803791A299 saylı Birbank cashback debet kart müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh debet kartı verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli BRCB8803791A299 saylı Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmaya əsasən bank tərəfindən cavabdehə 57 ay müddətinə 6060 manat məbləğində kredit vəsaiti cavabdehin kartına mədaxil edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və onun banka xx.xx.2025-ci il tarixə 5987,79 manat əsas, 1264,5 manat faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə cavabdehin bankdan kredit götürülməsi ilə bağlı onun tərəfindən müraciət olunmaması, bankdan hər hansı pul vəsaitinin götürməməsi və iddianın əsassız olması barədə dəlilləri üzrə qeyd edir ki, məhkəmə araşdırması zamanı sifarişin cavabdehə məxsus mobil telefon nömrəsindən edilməsi, bank sirri təşkil edən məlumatın cavabdeh tərəfindən kənar şəxsə ötürülməsi və ona məxsus kart hesabına köçürülməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını, məhkəmə tədqiqatında araşdırılan sübutarı əsas götürərək hesab edir ki, Cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitini ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən 5987,79 manat əsas, 1264,5 manat faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 92,52 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BRCB8803791A299 saylı Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli əlavə razılaşması üzrə xx.xx.2025-ci il tarixə yaranmış 5987,79 manat əsas borc, 1264,5 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 92,52 manat, cəmi 7.344,81 (yeddi min üç yüz qırx dörd manat, səksən bir qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar