Məhkəmə qərarları › İş №e-2(009)-714/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-714/2022

02.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-714/2022 02.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3632,40 (üç min altı yüz otuz ikimanat qırx qəpik) manat pulun, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 400 (dörd yüz) manat xərcin və 59,33 (əlli doqquzmanat otuz üç qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4091,73 (dörd min doxsan bir manat yetmiş üç qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AL-2/25614 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00020 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Belə ki, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akta əsasən İddiaçı İB-nin səlahiyyətli nümayəndələri G-4 markalı, ******* nömrəli mexaniki sayğacın çıxarılması zamanı həmin sayğacın üzərində 25309 kubmetr göstərici müəyyən etmişlər. Həmçinin 2018-ci ilin noyabr ayına olan sayğacın göstəricinin 6309 kubmetr müəyyən edildiyindən cavabdehin 19000 kubmetr miqdarında təbii qaza görə 1900 manat debitor borcu qalmışdır (25309 kubmetr – 6309 kubmetr = 19000 kubmetr). Belə ki, cavabdehin 2021-ci ilin yanvar ayın üzrə - 1900 manat sərfin məbləği və 1730 manat (limitdən artıq istifadə etməsi səbəbi yaranmış sərfin borc), cəmi 3630 manat borcu olmuşdur. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3632,40 (üç min altı yüz otuz iki manat qırx qəpik) manat borcu (debitor borc) qalmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması və cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi rəsmi saldoya əsasən istifadə etdiyi qaza görə 2018-ci ilin noyabr ayının sonuna əmələ gəlmiş 7,80 (yeddi manat səksən qəpik) manat tam ödəmiş və borcu qalmamışdır. Sayğac göstəricisi isə 6309 kubmetrdir. Bununla yanaşı böyük söküntü ilə əlaqədar olaraq sakinlərin evlərinə gedən qaz xətləri ana xətdən noyabrın ilk günlərindən kökündən kəsilmiş və hissə-hissə doğranılmışdı. Bu səbəbdən sayğacın göstəricisinin bundan sonra təbii yolla artma ehtimalı yox idi. Başqa sözlə istifadə etdiyi qazın dəyərini dövlətə qəpiyinə qədər ödəmiş, 4 gün sonra, yəni 04 dekabr 2018-ci ildə o, evini daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Yasamal Rayon İcra Hakimiyyətinə satmışdır. Müqavilənin 6 və 10-cu bəndlərinin məzmununu əsasən müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi noratiat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Buradan belə başa düşülür ki, 04 dekabr 2018-ci ildən sonra yaranmış borcları alıcının üzərinə düşür, çünki bu borc 2019-cu ilin yanvar ayının sonunda yaranmışdır, İddiaçı İB-nin məhkəməyə təqdim etdiyi “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın düzgünlüyünə inansaq o, 03 dekabr 2018-ci ildə tərtib edilib və sayğacın göstəricisi 25309 kubmetrdir. Belə olsa idi, məntiqli olardı ki, İddiaçı İB-nin nümayəndəsi cəmi 3 günə yaranmış borcun xüsusi ilə yüksək - 3632,40 (üç min altı yüz otuz iki manat qırx qəpik) manat olduğunu nəzərə alaraq onu evdən səsləsin, aktı onun və qonşuların da iştirakı ilə tərtib etsin. Sayğacın göstəricisinin fotoşəklini yerindəcə çəksin və ya video lentə alsın. Mübahisə yaranan təqdirdə məhz borcdan yayınmanı əngəlləmək məqsədi ilə İddiaçı İB-nin bilavasitə notariat ofisində təmsil edən nümayəndəsini məlumatlandırmaqla ümumiyyətlə alqı-satqının qarşısını ala bilərdi. Belə olan halda notariat ofisindəki alıcı qismində olan İcra Hakimiyyətinin nümayəndəsi də ona dəstək olacaqdı və beləliklə, o, borcu ödəmədən əmlakını sata bilməyəcəkdi. Onun 03 dekabr 2018-ci il tarixdə borclu olduğu aşkarlanmışdırsa, dekabrın sonunda saldoda bu, öz əksini mütləq tapmalı idi. Lakin, sistemdə dekabr ayı üçün heç bir məlumat verilməmiş, digər tərəfdən isə İddiaçı İB-nin məhkəməyə təqdim etdiyi sənəddən görünür ki, həmin sayğac üzrə 2019-cu ilin yanvarın əvvəlinə olan borc hələ də 0.00 (sıfır manat sıfır qəpik) manat olmağa davam edir. Borc yalnız 2019-cu ilin yanvar ayının sonunda yaranmış, rəsmi qaydada sistemə daxil edilmiş saldo göstəriciləri üzlərini belə görmədiyi İddiaçı İB-nin işçilərinin əl ilə tərtib etdikləri aktı təkzib edir. Əmlak satılandan 4 il sonra İddiaçı İB-nin məhkəməyə təqdim etdiyi aktın nə tarix, nə də sayğac göstəricisi baxımından həqiqəti əks etdirmədiyi aydın görünür. Yuxarıda sadalanan arqumentlərdən başqa, ümumiyyətlə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü bəndinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Beləliklə, 3 ildən artıq vaxt ötdükdən sonra ona qarşı bu tələbin irəli sürülməsinin heç bir hüquqi əsası yoxdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, AL-2/25614 nömrəli müqavilədən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış, abonentə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, **********00020 nömrəli abonent kodu verilmiş, qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı İB tərəfindən tərtib olunmuş ******* nömrəli, xx.xx.2018-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktdan görünür ki, İddiaçı İB-nin səlahiyyətli nümayəndələri söküntü ilə əlaqədar G-4 markalı, ******* nömrəli mexaniki sayğacın çıxarılması zamanı həmin sayğacın üzərində 25309 kubmetr göstəricinin olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********00020 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent Cavabdeh 2019-cu ilin yanvar ayınadək qazdan istifadəyə görə 3632,40 (üç min altı yüz otuz iki manat qırx qəpik) manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 41 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqısı Müqaviləsindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 185.02 kv/m, yaşayış sahəsi 136.18 kv/m olan, 8 otaqlı mənzilinin paylı mülkiyyət üzrə ona məxsus 3 otaq, yaşayış sahəsi 65.75 kv/m olan hissəni Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə satmışdır. Belə ki, işin faktiki halları və rəsmi sənədlərlə müəyyən edilir ki, İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AL-2/25614 nömrəli “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən abonentə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, **********00020 nömrəli abonent kodu verilmiş, qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmış, xx.xx.2018-ci il tarixdə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akta əsasən İddiaçı İB-nin səlahiyyətli nümayəndələri G-4 markalı, ******* nömrəli mexaniki sayğacın çıxarılması zamanı həmin sayğacın üzərində 25309 kubmetr göstərici müəyyən etmişlər. Beləliklə də, İddiaçı İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********00020 nömrəli abonentin saldosuna əsasən abonent Cavabdeh 2019-cu ilin yanvar ayınadək qazdan istifadəyə görə 3632,40 (üç min altı yüz otuz iki manat qırx qəpik) manat borc hesablanmışdır. Bundan başqa müəyyən edilmişdir ki, Bakı şəhəri 41 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı Müqaviləsinə əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 185.02 kv/m, yaşayış sahəsi 136.18 kv/m olan, 8 otaqlı mənzilinin paylı mülkiyyət üzrə ona məxsus 3 otaq, yaşayış sahəsi 65.75 kv/m olan hissəni xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə satmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2 və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş borcunun (debitor borc) olması halını təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən imzalanmamışdır. Bundan başqa təqdim edilən fotoşəkil də cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş borcun təsdiq edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilmir. Cavabdeh özü də məhkəmə iclasında bu halı təsdiq etməmiş, əksinə iddiaya etiraz etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının özü tərəfindən tərtib edilən yuxarıda qeyd edilən akta əsaslanmaqla sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş borca görə ödəniş tələb etməsi qanunsuz və əsassızdır. Cavabdeh sayğac göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə borcunu ödəmiş, cavabdehin iddiaçıya sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş borcunun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin istifadə etmədiyi təbii qaza görə iddiaçının qanunsuz hesabladığı və cavabdehin abunə hesabında göstərilən borc məbləği istehlakçı kimi cavabdehdən tələb edilə bilməz. Belə ki, iş materiallarında olan saldodan görünür ki, istehlakçıya 2018-ci ilin sonuna 0 məbləğdə borc hesablandığı göstərilsə də, 2019-cu ilin yanvar ayında 3632,40 manat borc hesablanmışdır. Halbuki, Bakı şəhəri 41 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı Müqaviləsinə əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 185.02 kv/m, yaşayış sahəsi 136.18 kv/m olan, 8 otaqlı mənzilinin paylı mülkiyyət üzrə ona məxsus 3 otaq, yaşayış sahəsi 65.75 kv/m olan hissəni xx.xx.2018ci il tarixdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə satmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi əsassız olduğundan, cavabdehin etirazının iddia müddətinin tətbiqi ilə bağlı dəlillərinə münasibət bildirilməsinə zərurət görmür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli və ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar