Məhkəmə qərarları › İş №e-2(009)-752/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-752/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-752/2022 16.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Hüseynov Fəxrəddin Bayram oğlunun kredit borcu üzrə 1901 manat əsas, 91 manat faiz, cəmi 1992 manat borcun və 40 manat ödənilmiş dövlət rüsumunun zamin Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, borclu mərhum Hüseynov Fəxrəddin Bayram oğlu (ölüm haqqında şəhadətnamə: AZ-İİ№ 178855) ilə 03 mart 2021-ci tarixində B/2046 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə cavabdeh 12 (on iki) ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit götürmüşdür. İstehlak kreditinin ayrılması və qaytarılması üçün borcalan və müqavilə üzrə zamini doğma qızı Cavabdeh müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürmüşdür. Müqavilə bağlanan andan Hüseynov Fəxrəddin Bayram oğlu və Cavabdeh üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Məsuliyyətin izah edilməsinə baxmayaraq borclunun krediti götürdüyü tarixdən etibarən aylıq verməli olduğu kredit borcunda müəyyən gecikmələr olmuşdur. "xxxx" MMC tərəfindən borclularla əlaqə saxlamağlarına baxmayaraq bu günə qədər borclular tərəfindən heç bir kredit borcu ödənilməmişdir. Borcalanların "xxxx" MMCyə cari dövrdə kredit müqaviləsi öhdəlikləri üzrə əsas borcu 1901 manat, kredit müqaviləsinin 3.2 bəndinə görə bu tarixə hesablanmış kredit faizi 91 manat, cəmi 1992 (bir min doqquz yüz doxsan iki) manat təşkil edir. Azərbaycan Respublikasının qanunverciliyinə görə müqavilə şərtləri bu müqaviləni bağlayan tərəflər üçün icrası məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Lakin, B/2046 saylı kredit müqaviləsinin 5.1.2 bəndinə əsasən borcluların ödəniş planı üzrə ödənişi vaxtında və lazımi qaydada etmədiyinə görə, ödəniş planı üzrə ödənilməli məbləği nəzərdə tutulmuş qaydalara əsasən ondan tələb etmək məqsədə uyğundur. Borclulara dəfələrlə şifahi (telefonla) və rəsmi xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Borclular müqavilələri imzaladığı andan etibarən Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 460-cı maddəsinə əsasən öhdəliklərin icrasının təmin edilməsi üzrə məsuliyyət daşıyırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə borcalan mərhum Hüseynov Fəxrəddin Bayram oğlu arasında bağlanmış 03 mart 2021-ci il tarixli, B/2046 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə illik 20.56% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və Cavabdeh arasında 03 mart 2021-ci il tarixli, B/2046 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borclunun 03 mart 2021-ci il tarixli, B/2046 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə1901 manat əsas, 91 manat faiz, ümumilikdə 1992 manat məbləğində kredit borcu yaranmışdır. İş üzrə AZ-İİ seriyalı, 178855 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Fəxrəddin Bayram oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş üzrə 08.0.2021-ci il tarixli Sərəncamdan görünür ki, "xxxx" MMC-nin borcalanı fiziki şəxs Hüseynov Fəxrəddin Bayram oğlu ölüm səbəbindən “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılmasına” dair qaydalarının 2.2-ci maddəsini rəhbər tutaraq faizlərin hesablanması xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Hüseynov Fəxrəddin Bayram oğlu arasında bağlanmış 03 mart 2021-ci il tarixli, B/2046 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə illik 20.56% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, həmçinin "xxxx" MMC ilə Cavabdeh arasında 03 mart 2021-ci il tarixli, B/2046 nömrəli zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh 03 mart 2021-ci il tarixli, B/2046 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və nəticədə Banka 1901 (min doqquz yüz bir) manat məbləğində əsas və 91 (doxsan bir) manat faiz borcu olmaqla, cəmi 1992 (min doqquz yüz doxsan iki) manat məbləğində borcu yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, borclu Hüseynov Fəxrəddin Bayram oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Hüseynov Fəxrəddin Bayram oğlu arasında bağlanmış 03 mart 2021-ci il tarixli, B/2046 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə illik 20.56% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi borclu Hüseynov Fəxrəddin Bayram oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır. Məhkəmə, borcun zamin Cavabdeh tutulmasına qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəbolmur. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, zamin borclunun qızı olduğundan, mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək (borclu) Hüseynov Fəxrəddin Bayram oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və Cavabdeh onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduğundan, iddia tələbi təmin edilməli və yaranmış borc cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş 40 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 1901 (min doqquz yüz bir) manat məbləğində əsas və 91 (doxsan bir) manat faiz borcu olmaqla, cəmi 1992 (min doqquz yüz doxsan iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar