Məhkəmə qərarları › İş №e-2(009)-754/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-754/2022

16.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-754/2022 16.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində verilmiş sığorta ödənişinin və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 03 iyun 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Toyota” markalı 10VY654 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 30 avqust 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Soul” markalı 90TP122 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Nərimanov rayon DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh hadisə yerindən qaçmışdır. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 520 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin – sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranın isə başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər (m. 21). Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (m. 1096). Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş PGU********** saylı avtonəqliyyat vasitələrinin icbari sığortası şəhadətnaməsinə əsasən “TOYOTA” markalı 10VY654 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan “RİCH SERVİS” Mərkəzinin xx.xx.2021-ci il tarixli, 91 saylı Aktdan görünür ki, "xxxx" ASC-yə məxsus “Kia Soul” markalı **-TP-*** dövlət nömrə nişanlı avtomaşına tərəflərindən 520 manat məbləğində ehtiyyat hissələri quraşdırılmış və təmir edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 17:05 dəqiqədə Nərimanov R. Çəmənzəminli küçəsində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermişdir. “TOYOTA” markalı 10VY654 dövlət nömrə nişanlı avtomobili hadisə zamanı idarə edən Cavabdeh olmuşdur. İş materiallarında olan Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə “TOYOTA” markalı 10VY654 dövlət nömrə nişanlı avtomobili idarə edən Novruzov X2 R.Çəmənzəminli ərazidə yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nın 327.6-ci maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarında olan Bakı şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 327.6-cı maddəsi ilə təqsirli bilinib cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 520 manat sığorta ödənişi edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur və hadisənin onun təqsiri nəticəsində baş verməsi, eləcə də inzibati xəta haqqında qərar mübahisələndirilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, “Kia Soul” markalı **-TP-*** dövlət nömrə nişanlı avtomaşına baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ziyan yetirilmiş və tərtib edilmiş ziyan aktına əsasən həmin ziyan məbləği 520 manat məbləğində müəyyən edilmişdir. Sığorta şirkəti tərəfindən 520 manat məbləğində ziyan ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar ödəniş ödənildiyindən, ziyanın əvəzi miqdarında geriyə tələb hüququ yaranmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarla təsdiq edilmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh təqsirli hesab olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş cavabdehin baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı hazırki tələblə ona qarşı iddia qaldırmaqda tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı təşkilat tərəfindən sığortalıya ödənildiyindən, belə olan halda isə iddiaçının vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ olduğundan və həmin ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 520 manat məbləğində sığorta ödənişinin əvəzi tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30.40 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 520 (beş yüz iyirmi) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30.40 (otuz manat qırx qəpik) manat, cəmi 550.40 (beş yüz əlli manat qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar