Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-812/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-1686/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat tutulması qərara alınmışdır. Cavabdehlə aralarında olan nikah pozulmuşdur. Cavabdeh hazırda hərbçidir. Son zamanlar hərbçilərə göstərilən diqqət və qayğının, eyni zamanda əmək haqqlarının əvvəlki dövrə nisbətən ən azı iki dəfə qalxması müşahidə olunmuşdur. Konkret olaraq hazırki iş üzrə cavabdeh artıq 1500 manata yaxın əmək haqqı alır. Cavabdeh birgə nikahdan doğulmuş övladların saxlanması üçün zəruri olan həddə maddi kömək göstərmir. Uşaqlar artıq böyümüşdür. Nəticədə təbii olaraq onların xərcləri də artmışdır. Uşaqların baxçaya, məktəbə getdiyini, eyni zamanda onların sağlamlığın qorunması üçün tez-tez tibbi xərclərinin, əlavə dərslərin keçirilməsi üçün kursların ödənişinin, gündəlik yeyinti, geyimin və s.kimi yaşayış məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Belə olan halda isə uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Hazırki dövrdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək isə tək qadın olaraq onun üçün çox çətindir. Buna görə bu gün “aliment tələbinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 220 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulması müəyyən edilmiş Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindəki aliment məbləği dəyişdirilib və artırılaraq cavabdehin əmək haqqı və bütün gəlirlərinin ½ hissəsi həddində müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatanadək tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, uşaqlara o, baxır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləği uşaqların tələbatını ödəmir, cavabdeh 1300 manatdan yuxarı əmək haqqı alır, bu səbəbdən onun ½ hissəsinin tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, iddiaçı ilə bir ünvanda qalır, boşanmamışdır, uşaqlarına baxır, onlara maddi köməklik göstərir, bu səbəbdən hesab edir ki, ondan aliment tutulmalı deyil. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı uşaqları var. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1686/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cəbrayıl rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(072)-129/2021 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 120 manat alimentin həcmi artırılaraq, 130 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin 130 manat pul vəsaitinin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması və tutmanın həmin vaxtdan hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi nikahın ləğv edilməsi, uşaqların ana himayəsində saxlanılması və alimentin artırılması mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə, saat 12.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü Rəhim, xx.xx.2018-ci il təvəllüdlü Mehriban və xx.xx.2020-ci il təvəllüdlü Murad adlı uşaqları var. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sabit pul məbləğində hər ay, hər uşaq üçün 130 manat aliment tutulmuş, iddiaçı işləmir, cavabdeh isə işləyərək təxminən 1300 manat həddində əmək haqqı alır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, cavabdeh 1300 manatdan yuxarı əmək haqqı alır, bu səbəbdən 3 uşağa görə onun əmək haqqı və bütün gəlirinin ½ hissəsində aliment tutulmasını xahiş edir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşağını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.3-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 3 və daha çox uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın və ya başqa gəlirlərin ikidə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin aylıq əmək haqqısının – təxminən 1300 manat - 1/2 hissəsi (750 manat) məhkəmə qətnaməsi ilə sabit pul məbləği şəklində tutulması müəyyən edilən alimentin miqdarından (cəmi 390 manat) kifayət qədər çoxdur. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından müəyyən edilmiş alimentin qazancının və başqa gəlirlərinin ikidə bir hissəsi həddində müəyyən edilməsi ilə bağlı iddiaçının tələbi əsaslı hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumdan kifayət qədər aşağı olmasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1686/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən iddiaçı ilə birgə nikahından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən uşaqların saxlanılması üçün tutulmalı olan hər ay qazancının və başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə cavabdehin iddiaçı ilə aralarında olan nikahın pozulmadığını və bu səbəbdən alimentin tələb edilməsinin əsassız olması barədə dəlilləri üzrə qeyd edir ki, alimentlə bağlı tələbin irəli sürülməsi tərəflər arasında olan nikahın pozulub-pozulmaması ilə əlaqədar deyil, qanunvericilik uşaqlara baxan valideyinə digər valideyindən onların saxlanılması üçün aliment tələb etmək hüququ verir. Bu səbəbdən cavabdehin iddianın rədd edilməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həm iddiaçı, həm cavabdeh məcburi köçkündürlər, onların qaçqınlıq statusu var. Bu səbəbdən məhkəmə hesab edir ki, onlar dövlət rüsumu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar.
Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1686/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək artırılsın və hər ay qazancının və başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulsun. Alimentin artırılması ilə bağlı Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev