Məhkəmə qərarları › İş №e-2(009)-817/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-817/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-817/2022 17.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu» tələbi barədə iddiası üzrə mülki işə 17 iyun 2022-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6312,09 manat və 83,12 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi olmaqla 12 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Göstərilənlərə əsasən, iddia tələblərinin təmin olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-ni 185.5-ci maddəsnə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı QSC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 11 noyabr 2009-cu il tarixli Kredit Müqaviləsinə əsasən, borc verən aylıq 3 faizlə 10 ay müddətinə borc alana 2.000 manat məbləğində kreditin verilməsini, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli Zaminlik Müqaviləsinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında öhdəliklərin icrası vaxtında və lazımı qaydada yerinə yetirilməsi üzrə Zamin qismində tərəf olan Cavabdeh3 borcalanla tam birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli Zaminlik Müqaviləsinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında öhdəliklərin icrası vaxtında və lazımı qaydada yerinə yetirilməsi üzrə Zamin qismində tərəf olan Cavabdeh2 borcalanla tam birgə məsuliyyət daşıyır İddiaçı QSC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda Cavabdeh1 banka 1462,96 manat əsas, 181,13 manat faiz və 4,668 manat cərimə borcu olmaqla cəmi 6312,09 manat borcu olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, kreditor tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir, aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin xx.xx.2009-cu il tarixli müqavilədən yaranmış kredit borcuna görə hesablanmış 181,13 manat faiz borcunun tutulması hissəsi təmin edilərək tutulmalıdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələblərinin ödənişi gecikdirməyə görə hesablanmış cərimə pulunun tutulması hissəsi qismən yəni 50 manat məbləğində təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin digər cavabdehin hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zaminlər isə zaminlik müqaviləsinə əsasən Cavabdeh1 öhdəliyini icra etmədiyi halda məsuliyyəti öz üzərinə götürdüyü səbəbindən, bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də borc məbləği hər üç cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) cavabdehlərdən tutulmalıdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 83,12 manat dövlət rüsumundan ibarətdir və həmin məbləğin 40 manat hissəsi iddia tələbi qismən təmin edildiyindən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli Kredit Müqaviləsi üzrə 1462,96 manat əsas, 181,13 manat hesablanmış faiz və 50 manat cərimə borcu olmaqla cəmi 1694,09 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub İddiaçı QSC-nin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar