Məhkəmə qərarları › İş №e-2(009)-827/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-827/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-827/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK-00381-14/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 370.69 manat əsas, 55.75 manat faiz, 64.28 manat dəbbə borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK-00381-14/21A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 12 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 1500 manat məbləğində, aylıq əsasla qaytarmaq şərti ilə verilmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçıyla MKZ-00381-14/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminlərə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdırki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytan imasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini gecikdirdiyi müddətin 4-cü təqvim günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə hesablanır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi kreditorun həm borcluya, həm də zaminə qarşı tələb irəli sürmək hüququ verir. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 370.69 manat əsas borc, 55.75 manat faiz borcu, 64.28 manat dəbbə borcu və ümumi borcu 490.72 manat təşkil etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, ünvan tapılmadı qeyd edilməklə Cavabdeh2 zərfi geri qaytarılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli MK-00381-14/21A saylı kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli, MKZ-00381-14/21A saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 370.69 manat əsas, 55.75 manat ümumi faiz, 6428 manat dəbbə borcu, cəmi 490.72 manat borcu təşkil edir. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan ********** saylı qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq məqsədilə 30 manat məblğində dövət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı cərimə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Əsas borcun 370.69 manat olduğunu nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26 manat məbləğində cərimə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər Cavabdeh1 onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduğundan, iddia tələbi həmin hissədə təmin edilməli və yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 370.69 (üç yüz yetmiş manat altmış doqquz) manat əsas, 55.75 (əlli beş manat yetmiş beş qəpik) manat faiz, 26 (iyirmi altı) manat dəbbə borcu və 25 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının əvəzi alınaraq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 370.69 (üç yüz yetmiş manat altmış doqquz) manat əsas, 55.75 (əlli beş manat yetmiş beş qəpik) manat faiz, 26 (iyirmi altı) manat dəbbə borcu və 25 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının əvəzi tutularaq "xxxx" ASC ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar