Məhkəmə qərarları › İş №e-2(009)-845/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-845/2022

21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-845/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 600.5 (altı yüz manat əlli qəpik) manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 630.50 (altı yüz otuz manat əlli qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-1/564 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində xx.xx.2017-ci il tarixdə Elster G-25, RVG EK-220 tipli, 75160832 nömrəli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixə istehlakçı Cavabdeh İddiaçı İB-yə borcu 600.50 manat təşkil etməkdədir. Borcun yaranma əsasları bu cür olmuşdur: 9/2018 tarixə borc məbləği – 2.60, 10/2019 – 02/2022 tarixləri üçün sərfiyyat borcu -13 046.34, limiti keçdiyi üçün hesablanmış məbləğ: 633.56 manat, ödəniş – 13082.00 (2.60+ 13046.34 +633.56) – 13082.00 = 600.50 manatdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı və müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, cavabdeh tərəfindən az miqdarda ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı iddia tələbi həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 905 (doqquz yüz beş) manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 935 (doqquz yüz otuz beş) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin ödənilməmiş 2018-ci illin sentyabr-dekabr ayları üzrə 1124,20 manat sərfiyyat borcu, 2019-cu illin yanvar-dekabr ayları üzrə 3374,40 manat sərfiyyat borcu və limitdən əlavə 147,80 manat sərfiyyat borcu, 2020-ci illin yanvar-dekabr ayları üzrə 4339,20 manat sərfiyyat borcu və limitdən əlavə 132 manat sərfiyyat borcu, 2021-ci illin yanvar-dekabr ayları üzrə 3835,30 manat sərfiyyat borcu və limitdən əlavə 167,60 manat sərfiyyat borcu, 2022-ci illin yanvar-aprel ayları üzrə 2538,34 manat sərfiyyat borcu və limitdən əlavə 186,16 manat sərfiyyat borcu qalmışdır (1124,20+3374,40+147,80+4339,20+132+3835,30 +167,60+2538,34+186,16=15845 manat). 2018-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayına qədər cavabdeh cəmi 14940 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 905 (doqquz yüz beş) manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı iddia ərizəsinin məzmununda 9/2018-ci il tarixinə qalıq borcunun 2,60 manat, 10/20xxxx/2022-ci il tarixləri üçün sərfıyyat borcumun 13046,34 manat, ödəniş məbləğinin isə 13082,00 olduğunu göstərmişdir. Eyni zamanda iddiaçı heç bir hüquqi əsas olmadan iddia ərizəsində göstərmişdir ki, limiti keçdiyi üçün hesablanmış məbləğ 633,56 manat təşkil edir. İddiaçı hazırkı iddia ilə iddia etdiyi 600,50 manat borcu 9/2018-ci il tarixə olan 2,60 manat məbləğində borcun üstünə 10/20xx-xx/2022-ci il tarixləri üçün sərfiyyat borcu kimi göstərdiyi 13.046,34 manatı, eləcə də limiti keçdiyi üçün hesablanmış məbləği, yəni 633,56 manatı toplamaqla, bunların toplanmasından yaranmış məbləğdən, yəni 13.682,5 manatdan ödənilmiş məbləği yəni 13082,00 manatı çıxmaqla müəyyən etmişdir. Hesab edir ki, bu cür toplama və çıxma nəticəsində İddiaçı İB-yə 600,50 manat məbləğində borcunun olmasının müəyyənləşdirilməsi məntiqsiz və əsassızdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ilə abonent Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AKX-1/564 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsindən görünür ki, İddiaçı İB abonent Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli abonentin saldosunun surətindən aydın olur ki, abonent Cavabdeh 2022-ci ilin fevral ayına qazdan istifadəyə görə 600.5 (altı yüz manat əlli qəpik) manat məbləğində debitor borcu hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli abonentin saldosunun surətindən aydın olur ki, abonent Cavabdeh 2022-ci ilin aprel ayına qazdan istifadəyə görə 905 (doqquz yüz beş) manat məbləğində debitor borcu hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli abonentin saldosunun surətindən aydın olur ki, abonent Cavabdeh 2022-ci ilin iyun ayına qazdan istifadəyə görə 500.25 (beş yüz manat iyirmi beş qəpik) manat məbləğində debitor borcu hesablanmışdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ilə abonent Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AKX-1/564 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən İddiaçı İB abonent Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmiş, qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və həmin tarixdə Elster G-25, RVG EK-220 tipli, 75160832 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, abonent Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə etmiş və nəticədə abonentin saldosuna əsasən Cavabdeh 2022-ci ilin iyun ayına qazdan istifadəyə görə 500.25 (beş yüz manat iyirmi beş qəpik) manat məbləğində debitor borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 5.2-ci bəndinə əsasən Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 5.5-ci bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.2.2-ci bəndinə əsasən Paylayıcı istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, abonentin saldosuna əsasən abonent Cavabdeh 2022-ci ilin iyun ayı üçün faktiki istehlak olunmuş qaz sərfiyyatına görə 500,25 (beş yüz manat iyirmi beş qəpik) manat debitor borcu ödənilməmiş qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh faktiki istehlak olunmuş qaz sərfiyyatına görə 500,25 (beş yüz manat iyirmi beş qəpik) manat məbləğində debitor borc tutularaq İddiaçı İB-nin hesabına ödənilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iddianın qismən təmin olunduğunu nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh debitor borcu olaraq 500,25 (beş yüz manat iyirmi beş qəpik) manat məbləğində pul və dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi tutularaq İddiaçı hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh debitor borcu olaraq 500,25 (beş yüz manat iyirmi beş qəpik) manat məbləğində pul və dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar