Məhkəmə qərarları › İş №e-2(009)-88/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-88/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-88/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi V.İ.Qədirovanın iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq Bank tərəfindən müxtəlif dövrləri əhatə edən tarixlərdə müştərilərə "xxxx" MMC Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında inşa etdiyi yaşayış mənzillərinin alınması məqsədilə kreditlər verilmişdir. Həmin kreditlərdən biri, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15/016 saylı kredit müqaviləsidir. Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 15/016 saylı kredit müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m olan 83 nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə, 27.700 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən, borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən, Borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 0,1 %-i məbləğində Borc verənə dəbbə pulu ödəməlidir. Eyni müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə şərtlərini vaxtında və lazimi qaydada icra etmək “Borc alan”ın vəzifəsidir. Eyni müqavilənin 12.2-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlıvaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “Borc alan”ın vəzifəsidir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Cəmiyyət Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Əməkdaşlıq müqaviləsinin 2.1-ci maddəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 aylıq müddətə qədər kreditləşməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Eyni müqavilənin 4.3-cü maddəsinə əsasən bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildiriş aldığı gündən, cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmçinin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Cəmiyyətə bildiriş verməklə həmin günə olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququna malikdir. Əməkdaşlıq müqaviləsinin 8.1-ci maddəsinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və Cəmiyyət tərəfindən öhdəliklər tam icra olunanadək qüvvədədir. 8.2-ci bəndinə əsasən bu müqavilə aşağıdakı hallarda xitam olunur: a) bu müqavilə üzrə Cəmiyyətin öz üzərinə götürdüyü öhdəliklər Cəmiyyət və ya üçüncü şəxs tərəfindən vaxtında tam həcmdə yerinə yetirildikdə; b) Bu müqavilə üzrə Cəmiyyətin öz üzərinə götürdüyü öhdəliklər Cəmiyyət və ya üçüncü şəxs tərəfindən vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə. Eyni zamanda, müqavilənin 12.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında Müqavilə şəklində bu müqaviləyə dəyişikliklər və əlavələr oluna bilər. Müqavilələr imzalandığı gündən bu Müqavilənin tərkib hissəsi hesab edilir. Göründüyü kimi xx.xx.2015-ci il tarixli, 15/016 saylı kredit müqaviləsi üzrə Cəmiyyət və Cavabdeh2 birgə məsuliyyət daşıyırlar. Ləğv prosesində olan “Texnikabank ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə **********283 saylı xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişdir. xx.xx.2024-cü il tarixinə cavabdehlərin xx.xx.2015-ci il tarixli 15/016 saylı kredit müqaviləsi üzrə 25.021,56 manat əsas, 13.160,40 manat faiz, 6.005,17 manat cərimə borcu, cəmi borcu 44.187,13 manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı 25.021,56 manat əsas, 13.160,40 manat faiz, 6.005,17 manat cərimə, cəmi 44.187,13 manat borcun və iş üzrə ödənilmiş 222,56 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ləğı prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəmi 44.187,13 manat, bundan 25.021,56 manat əsas, 13.170,40 manat faiz, 6.005,17 manat cərimə borcu və iş üzrə ödənilmiş 222,56 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1491/2024 nömrəli qərardadı ilə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertin hesablamalarına əsasən xx.xx.2015-ci il tarixli, 15/016 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 sualda göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə 15.333,24 manat faiz borcu hesablanmışdır. Odur ki, xx.xx.2015-ci il tarixli, 15/016 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 məhkəmənin qərardadında öz əksini tapmış sualda göstərilən tarixə olan faiz borcu hissəsində iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı 25.021,56 manat əsas, 15.333,24 manat faiz, 6.005,17 manat cərimə, cəmi 46.359,97 manat borcun və iş üzrə ödənilmiş 222,56 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X7 həcmi artırılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər, lakin cavabdehin nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi ilə razı olmadığını, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə yazılı verilən etirazı müdafiə etdiklərini, onlara qarşı qaldırılan iddianı qəbul etmədiklərini, iddianın MMC-dən tutulması hissəsinin rədd edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X10 tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz göndərilmiş və etirazında göstərmişdir ki, iddia tələbinin əsasını borcalan Cavabdeh2 ilə bağlanmış 15/016 nömrəli, 21 yanvar 2015-ci il tarixli Kredit müqaviləsi və cavabdeh MMC ilə bağlanmış 18 mart 2014-cü il tarixli "xxxx" Müqaviləsidir. Hazırda, cavabdeh MMC digər Cavabdeh2 ilə bağlanmış 15/016 nömrəli, 21 yanvar 2015-ci il tarixli Kredit müqaviləsi üzrə yaranmış kredit borcunu mübahisələndirmir. Cavabdeh MMC tərəfindən mübahisəli tərəf borc tələbinin müştərək qaydada cavabdeh "xxxx" MMC-dən tələb olunmasıdır. Bildirilər ki, (“Bank”) "xxxx" ASC ilə ("xxxx") "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin şərtlərinə diqqət yetirmək istəyirlər. Həmin Müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. Bu Müqavilə Azərbaycan Respublikası Mülki Məcəllənin 402-ci maddəsinin tələblərindən irəli gəlirək ilkin müqavilədir. Həmin maddi hüquq normasına görə (402.1) ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin müqaviləni zaminlik müqaviləsi hesab etmək olmaz. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var, habelə məhkəmə təcrübəsində də dəfələrlə hüquqi münasibət bildirilmişdir. xx.xx.2014-cü il tarixli Müqavilə Bank və Kooperativ tərəflər arasında qarşılıqlı razılıq niyyətlərini əks etdirir. Mülki Məcəlləsinin zaminlik müqaviləsinə dair tələblərini müəyyən etmiş və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhlər var. (470.1) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (477.0.2) Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə zaminliyə xitam üçün əsasdır. Müddəanın tələbindən göründüyü kimi zamin kreditor qarşısında mütləq qaydada borclu şəxsin öhdəliyinin icrasına məsuliyyəti müəyyən edilməsini şərtləndirir. Lakin hazırki iş üzrə cavabdeh "xxxx" MMC borc alan Cavabdeh2 ilə iddiaçı LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə xx.xx.2015-ci il tarixli 15/016 saylı kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmiş və bununla bağlı cavabdeh/qarşılıqlı iddiaçı LPO-ASC məhkəməyə heç bir sübut - zaminlik müqaviləsi təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh/qarşılıqlı iddiaçı LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə borc alan Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2014-cü il tarixli 14/200 saylı Kredit müqaviləsinin 4.1-ci bəndinə görə, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu alınacaq mənzilin ipotekasıdır; 9.2-ci bəndinə görə,...yaranmış borc və ya vurulmuş zərər Borcalanın hesabından akseptsiz qaydada silinir; 9.3-cü bəndinə görə, gecikdirilmiş borc yarandığı tarixdən Borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada Borcalanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasına başlayır; 15.5-ci bəndinə görə, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Borcverənə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır; 15.9-cu bəndinə görə, ...mənzil borcalana verilmədikdə və ya vaxtında təhvil verilmədikdə Borcverən bu hallara görə heç bir məsuliyyət daşımır və Borcalan bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrasından azad edilmir. Sadalanan bəndlərdən göründüyü kimi sözügedən kredit öhdəliyinin təminat üçün girov və ipoteka predmeti olan daşınmaz əmlak mənzil çıxış edir. Lakin kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq xx.xx.2014-cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında vurğulanır ki, mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1,470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin belə nəticəyə gəlmişdir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. İlkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1 -ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 36.11 -ci maddəsinə görə, İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. (40.2.) Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. (40.3.) Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. (40.4.) Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. İddiaçı Bank əgər tərəflər arasında yaranmış mübahisənin əsası kimi xx.xx.2014-cü il tarixli Əməkdaşlıq müqaviləsinə istinad edirsə, onda mövcud maddi və prosessual hüquq normaların tələblərinə əsasən aidiyyat qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına görə: “Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. MM-in “Müqavilə hüququ” adlı 20-ci Fəslində yer alan və bütün müqavilələrə şamil olunan 399 və 399.3-cü maddələri baxımından müqavilə azadlığı prinsipinə formal bərabərlik kimi baxıla bilər. Lakin, konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər.” Bu cür əqdlər qanunda bir qayda olaraq “mübahisələndirilə bilər” sözləri ilə ifadə edilmişdir və onların mübahisə edilməsinin üsulu ilə bağlı təcrübədə müxtəlif yanaşmalar mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarnda qeyd edilir ki, Plenum müraciətlə bağlı ilk növbədə, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsaslarından olan əqdin mahiyyətinin və əqd münasibətlərinin tənzimlənməsinin əsas prinsiplərinin açıqlanmasını zəruri hesab edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Xüsusilə vurğulamaq istərdilər ki, ipoteka müqaviləsinin etibarsızlığı həmçinin borclu Cavabdeh2 borcalan LPO İddiaçı ASC qarşısında kredit öhdəliklərinə laqeyid və səhlənkar münasibətə şərait yarada bilər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Oxşar mübahisə predmeti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının hakim Əhməd Nurməmmədov sədrliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2, X4 və "xxxx" MMC-yə qarşı 2(102)-624/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli Qərarında Kollegiya qeyd edir ki, “. . . . Belə ki, Bank ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. 26. Kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq xx.xx.2014-cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir.(27.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istədiyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmunun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (28.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2247/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində Kollegiya qeyd edir ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin zaminlik deyil, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, qarışıq müqavilə olduğunu və Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası üzrə müqavilədə nəzərdə tutulan digər üsulların ünsürlərini daşıyan müqavilədir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilə zaminlik müqaviləsi olsaydı belə, Tərəflər arasında bağlanmış müqavilə MM 472-ci maddəsində nəzərdə tutulmuş qaydada (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) bağlanmışdır. İş materiallarından görünür ki, Bankla Cəmiyyət arasında xx.xx.2014-cü il tarixdə Əməkdaşlıq müqaviləsi bağlamış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən krediləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Bank müqaviləni bağlayan zaman qanunvericiliyin bütün tələblərinə riayət etmişdir. Tərəfin könüllü olaraq müqavilə şərtləri ilə razılaşması, onun imzalaması, lakin məhkəmənin müqavilədə nəzərdə tutulmuş, tərəflərin iradə ifadəsini əks etdirən halları nəzərə almaması qanunvericiliyin ruhuna ziddir. Bakı Apellyasiya Məhkəməsinin hazırki mübahisəyə hüquqi qiymət verməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4349/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, xx.xx.2015-ci il tarixli 15/016 saylı Kredit müqaviləsinin "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Korporativ müqavilə çərçivəsində verilmiş kreditlərinə aid olmasının sübutu mövcud deyildir. Bildiririk ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binalarında 10.000 çox mənzil və ya müqavilə mövcuddur. Belə ki, "xxxx" MMC tərəfindən inşa edilmiş və təhvil verilmiş bütün müqavilələr Korporativ Əməkdaşlığa aid edilmir. Həmçinin İddiaçı ASC məhkəməyə həmin kredit vəsaitin Cəmiyyətin hesabına köçürülməsinə dair heç bir sübut təqdim edə bilmir. Həmçinin "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda çoxmənzilli yaşayış binalarını podratçı olaraq inşa edərək təhvil vermişdir. Onu da qeyd etmək istərdi ki, İddiaçı ASC məhz kreditləşmə ilə bağlı ödənişləri fiziki şəxs X5 və ya əlaqəli üçüncü şəxslərin hesabına ödənilmişdir. Hazırda iddiaçı LPO Bankın ödənişin köçürülməsinə dair sənədi təqdim etməməsinə səbəb qeyd olunan faktın üzə çıxmasıdır. Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovun xx.xx.2012-ci il tarixli 309 nömrəli Sərəncam, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin rəyləri və 2023-cü il tarixli X9 da sübut edir ki, sözügedən əmlakın sahibi "xxxx" MMC deyil, X6r. Göstərilənləri nəzərə alaraq, İddiaçı ASC-nin “cəmi 25021.56 manat - bundan 13160.40 manat əsas, 6005.17 manat faiz borcu və iş üzrə ödənilmiş 222.56 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutulması hissənin rədd edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Bank” qismində "xxxx" ASC ilə “Koooperativ” qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləsinin surətindən görünür ki, müqavilənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 aylıq müddətə qədər kreditləşməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir (bənd 2.1). Cəmiyyət bu Müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür (bənd 4.2). Bu Müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir (bənd 4.3). Bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim gündən gec olmayaraq həmin günə mövcud mövcud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə banka ödənilməsini tələb etmək hüququna malikdir (bənd 5.2). İş üzrə “Borcverən” qismində "xxxx" ASC ilə “Borcalan” qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 15/016 saylı kredit müqaviləsinə əsasən bank borcalana Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240 C nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m. olan 83 nömrəli mənzilin alınması üçün 27.700 manat məbləğində kredit vermişdir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli İH/B-A(b)/0032 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləsinin surətindən görünür ki, “Satıcı” "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240 A saylı, ümumi sahəsi 68,9 kv.m. olan 142a nömrəli məzili “Alıcı” Cavabdeh2 satmağı, “Alıcı” isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür (bənd 1.1). Müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 42.700 manat təşkil edir (bənd 2.1). İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 25.021,56 manat əsas, müqavilə müddəti üçün hesablanmış 13.160,40 manat faiz borcu, 6.005,17 manat cərimə, cəmi 44.187,13 manat təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/6586 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15/016 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə olan borcu - əsas borc üzrə 24.740,34 manat, faiz borcu üzrə 18.919,30 manat, cəmi 43.659,64 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15/016 saylı kredit müqaviləsinin 6.2-ci bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığ üçün Cavabdeh2 cərimə borcu hesablanmadı. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil yazılı vəsatət verərək göstərmişdir ki, ilkin məhkəməmühasibatlıq ekspertiza təhqiqatı zamanı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışa əsaslanılmış və tədqiqat həmin sənəd əsasında aparılmışdır. Rəydən sonra Cavabdeh2 tərəfindən 2016-cı il ərzində ödənişlərin bir qisminin hesabdan çıxarışda əks olunmadığı və təhqiqat zamanı buna görə nəzərə alınmadığı müəyyən edilmişdir. Həmin qəbzlərin əsilləri məhkəməyə təqdim edilərək əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş olunmuşdur. İş üzrə təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/9194 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15/016 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə olan borcu - əsas borc üzrə 23.832,79 manat, faiz borcu üzrə 15.333,24 manat, cəmi 39.166,03 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15/016 saylı kredit müqaviləsinin 6.2-ci bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığ üçün Cavabdeh2 cərimə borcu hesablanmadı. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 aylıq müddətə qədər kreditləşməsi ilə əlaqədar tərəflər qarşılıqlı öhdəlikləri götürmüşlər. Həmin müqaviləyə əsasən "xxxx" MMC müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə şərtinə əsasən bank müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri tam şəkildə banka ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15/016 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240 C nömrəli evin, ümumi sahəsi 61 kv.m. olan 83 nömrəli mənzilin alınması üçün 27.700 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi digər cavabdeh "xxxx" MMC ilə bank arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank 25.021,56 manat əsas, 15.333,24 manat faiz, 6.005,17 manat cərimə, cəmi 46.359,97 manat borcun və iş üzrə ödənilmiş 222,56 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 23.832,79 manat, faiz borcu üzrə 15.333,24 manat təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 25.021,56 manat, faiz borcu kimi 15.333,24 manat, cərimə 6.005,17 manat məbləğində pul tələb olunur. Məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 25.021,56 manat əsas borcunun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən tutulmalı olan əsas borcu ekspert rəyi ilə müəyyən həddə, yəni 23.822,79 manat məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh2 tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, hesablanmış dəbbə borcunun ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə tutulacaq cərimə borcunun miqdarı 600,97 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (maddə 470.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilən Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilələr bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı xx.xx.2014-cü il tarixli "xxxx" MMC ilə bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra edərək, "xxxx" MMC-nin müraciəti əsasında həmin müraciətdə göstərilən məbləğdə və şərtlər daxilində Cavabdeh2 MMC-də mənzil alqı-satqısı üçün kredit vəsaiti ayırmış, bu barədə sonuncu ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlayaraq, həmin müqavilə üzrə 27.700 manat kredit vermiş, lakin Cavabdeh2 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə MMC onun müraciəti əsasında müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq həmin gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin Cəmiyyətin kredit müqaviləsi üzrə zamin olmadığı və zaminliklə bağlı müqavilə bağlamadığı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən öhdəliklə bağlı müqavilə yazılı qaydada bağlanmışdır. Həmin müqavilənin 4.3-cü bəndi Mülki Məcəllənin 470.1 və 470.2-ci maddəsinin tələblərinə cavab verir, MMC gələcəkdə yaranacaq öhdəliyi icrasına təminat vermişdir, həmçinin həmin kreditin ayrılması barədə "xxxx" MMC-nın banka ünvanlanmış müraciətdə isə Cavabdeh2 120 ay müddətinə 14% dərəcəsi ilə 27.700 manat kredit vəsaitinin ayrılması xahiş edilmiş, eyni şərtlərlə və eyni məbləğdə də bank tərəfindən kredit ayrılmışdır. Belə olan halda, cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin tərəflər arasında xüsusi şərtlər müəyyən edilməklə zaminlik müqaviləsinin bağlanmamasına istinad edərək, bank qarşısında öhdəlik daşımaması barədə dəlillərini məhkəmə əsaslı hesab etmir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəlik təkcə girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə deyil, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə qeyd edir ki, "xxxx" MMC mənzil satdığı müştərilərinə mənzilin dəyərinin ödənilməsi üçün ayrılmış kredit üzrə borcun gecikdirilməsinə görə həmin borcu ödəməyi öhdəsinə götürdüyündən, Cavabdeh2 iddiaçıdan aldığı kreditin qaytarılmamasına görə məsuliyyət daşıyır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 23.832,79 manat əsas, 15.333,24 manat faiz, 600,97 manat cərimə, cəmi 39.767 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (209,30 manat) cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərcləri də cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 15/016 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 23.832,79 manat əsas borc, 15.333,24 manat faiz borcu, 600,97 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 209,30 manat, cəmi 39.976,30 (otuz doqquz min doqquz yüz yetmiş altı manat, otuz qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada dövlət nəfinə keçirilmiş ekspertizaların xərci - 200 (iki yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar