Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-915/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60000 manat məbləğində pulun və 270 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X6 arasında xx.xx.2010-cu ildə borc müqaviləsi bağlanmış və bu borc müqaviləsi ilə İddiaçı tərəfindən X5 hər ay 500 manat olmaqla 10 il müddətində, cəmi 60000 manat məbləğində pulun borc olaraq verilməsi nəzərdə tutulmuşdur. Həmin müqaviləyə xx.xx.2020-ci il tarixində edilmiş qeyd ilə X6 tərəfindən ona 10 il müddətində hər ay 500 manat olmaqla cəmi 60000 manat borc verildiyi İddiaçı tərəfindən təsdiq olunmuşdur. Bundan başqa, X6 tərəfindən tərtib və təsdiq olunmuş xx.xx.2021-ci il tarixli Akt ilə də İddiaçı tərəfindən X5 10 il müddətində hər ay 500 manat olmaqla cəmi 60000 manat məbləğində pulun borc olaraq verilməsi faktı bir daha öz təsdiqini tapır. X6 xx.xx.2021-ci il tarixdə ürəyin ateroslerotik xəstəliyi səbəbilə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 771 № ilə qeydiyyat aparılmışdır və Bakı şəhəri 19 saylı notariat ofisində Cavabdeh adına 19 may 2022-ci il tarixdə, 2V- 145 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh 60000 manat məbləğində pulun və 270 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eləcə də, bildirmişdir ki, o, mərhum X5 10 il müddətində hər ay 500 manat olmaqla cəmi 60000 manat məbləğində pulu borc olaraq verdiyi üçün X6 ona xüsusi mülkiyyətində olan ünvan 1yış evinə dair xx.xx.2020-ci il tarixdə vəsiyyətnamə vermiş, xx.xx.2021-ci il tarixdə X6 ürəyin aterosklerotik xəstəliyi səbəbindən öldükdən sonra həmin mirass əmlak ona miras qalmışdır. O, mərhum X3 vəsiyyətnaməsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, miras qoyan Tofiq Mirzəyevi atasının yanında dəfn etmiş, eləcə də, miras əmlaka faktiki sahiblik edərək onu idarə etməyə başlamışdır. Lakin vəsiyyət üzrə vərəsə kimi adına şəhadətnamə almaq üçün notariusa müraciət edəndə notarius ona vəsiyyətnamənin düzgün tərtib edilməməsi səbəbindən imtina cavabı vermişdir. Bundan sonra, o, Səbail rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə miras əmlaka onun vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Bunda sonra hazırki iş üzrə Cavabdeh Səbail rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Cavabdeh apellyasiya şikayətini təmin edərək, Səbail rayon məhkəməsinin qətnaməsini ləğv edib onun iddiasını rədd etmişdir. Bakı şəhəri 19 saylı notariat ofisində Cavabdeh adına 19 may 2022-ci il tarixdə, 2V-145 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh mərhum X3 ogəy bacısıdır və onun vərəsəsi kimi miras əmlakı qəbul etdiyinə görə hesab edir ki, mərhum X3 ona olan borcu Cavabdeh tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin hazırlıq və məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ünvan 1yış evininin ona qardaşından miras qaldığını, ehtiyacı olduğu üçün həmin evi X4 satdığını, gözdən əlil olduğu üçün məhkəmə proseslərində iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçı tərəfin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə X6 arasında şahidlərin iştirakı ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, X6 başqa çıxış yolu olmadığından və maddi cəhətdən əziyyət çəkdiyi üçün qonşusu İddiaçı ilə müqavilə bağlayırlar ki, İddiaçı hər ay 500 manat olmaqla 10 il müddətində, cəmi 60000 manat məbləğində pulun borc olaraq verəcək. Həmin müqaviləyə xx.xx.2020-ci il tarixində edilmiş qeyddən görünür ki, İddiaçı tərəfindən X5 müqavilədə yazılan hər ay 500 manat cəmi 10 il müddətinə 60000 manat verilmişdir. X6 müqavilədə yazılan 10 il müddətdə hər ay 500 manat cəmi 60000 manatı İddiaçı almışdır. X12 Yadigara etibarnamə verib ki, çıxarışı verib evi adına keçirtsin. İş materiallarında olan Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu tərəfindən verilmiş 19 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam hissədə pay alır. Miras əmlak ünvan 2 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, X6 İddiaçı 10 il müddətində hər ay 500 manat, cəmi 60 000 manat pulun aldığını və evin çıxarışını İddiaçı verərək həmin çıxarışın öz adına keçirilməsini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4863/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, maraqlarına toxunan şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-661/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilmməsi, İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş 31 may 2020ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini alıcı X2 mülkiyyətinə verir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi 80 saylı ev xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. Məhkəmə Cavabdeh məhkəmədə iştirak etmədiyini nəzərə alaraq iddia tələbinə sübutlar, sübutetmə və sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Çünki bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, hazırkı iddiaya da sübutetmə aspektindən yanaşaraq bildirir ki, iddiaçı tələbinin faktiki əsası kimi miras qoyan X6 ilə aralarında sadə yazılı formada bağlanmış müqaviləyə istinad etmişdir. İddiaçı ilə miras qoyan X6 arasında öhdəlik münasibətinin yaranma əsası kimi çıxış edən müqavilənin yazılı formada bağlandığını və cavabdeh tərəfindən həmin əqdin etibarsızlığı barədə hər hansı etirazın irəli sürülmədiyini, eləcə də müqavilədə əks olunmuş halların borc pulun verilməsi ilə bir daha təsdiq olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı ilə miras qoyan X6 arasında bağlanmış müqavilənin mətnində nəzərdə tutulmuş halların həqiqi olduğu qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə yaşadığı evin iddiaçıya verilməsini öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməii, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Göründüyü kimi qanunverici borc sənədinin borcluda olması faktını öhdəliyin xitamını təsdiqləyən hal kimi müəyyən etmişdir. Lakin iş materiallarında olan borc sənədi məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarında izah etmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən izahını rəhbər tutaraq, hesab edir ki, Cavabdeh mərhum X1 miras qalmış əmlakı qəbul etdiyinə görə iddiaçı borcun ondan tutulması tələbini irəli sürməkdə haqlıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh 60000 (altmış min) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 270 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia haqlı sayıldığından həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 60000 (altmış min) manat pul vəsaiti və ödənilmiş 270 (iki yüz yetmiş) manat dövlət rüsumu tutularaq iddiaçı X8 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-915/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-915/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver