Məhkəmə qərarları › İş №e-2(009)-916/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-916/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-916/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, İK 359/05-21 saylı kredit müqaviləsi üzrə 2922.47 AZN əsas borc, 338.46 AZN faiz borcu və 548.07 AZN cərimə borcu olmaqla, ümumilikdə 3809 AZN və 58.09 AZN ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 359/05-21 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 359/05-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 17.5% olmaqla 24 ay müddətinə 5000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 2922.47 AZN əsas, 338.46 AZN faiz, 548.07 AZN cərimə borcu olmaqla, cəmi borcu 3809 AZN təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu cavabsız qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 359/05-21 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 35% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzini tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faiz məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə verərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, İK 359/05-21 saylı kredit müqaviləsi üzrə 2922.47 AZN əsas borc, 339.88 AZN faiz borcu və 548.07 AZN cərimə borcu olmaqla, ümumilikdə 3810 AZN və 58.11 AZN ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 359/05-21 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin İş №e-2(009)-916/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh bağlanmış xx.xx.2021-ci il tarixli, İK 359/05-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında Cavabdeh kredit müqaviləsi üzrə ümumilikdə 3810.42 manat və ödənilmiş 58.11 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə və həmin müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında əvvəl digər banka da borcunun olduğunu və həmin banka müraciət etdikdə məbləğ azaldılmış və onu hissəhissə ödəmişdir. Bu səbəbdən cərimə məbləğin azaldılmasını və borcun hissə-hissə ödənilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, İK 359/05-21 saylı Kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh istehlak məqsədilə 24 ay müddətinə, illik 17.5 faiz olmaqla 5000 manat məbləğində kredit vermiş, borclu isə həmin borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş borcalanın əsas və faiz borcları üzrə ödənişlərini təsdiqləyən sənəddən görünür ki, Bank tərəfindən Cavabdeh verilmiş kredit üzrə 2922.47 AZN əsas borc, 339.88 AZN faiz borcu və 548.07 AZN cərimə təşkil edir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixində Cavabdeh illik 17.5% olmaqla 24 ay müddətinə (aylıq ödəniş 248.41 manat olmaqla), 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş kassa məxaric orderindən görünür ki, Cavabdeh 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli, 2995 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, kredit borcunu ödəməyəcəyi təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə müvafiq məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə Azərbaycanda Bakı şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 58.09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalan Cavabdeh 24 ay müddətinə illik 17.5% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmiş və nəticədə onun xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 2922.47 manat əsas, 339.88 manat faiz borcu, 548.07 manat cərimə borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə əsas və faiz borcun tutulması ilə bağlı hissədə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında 2922.47 manat əsas, 339.88 manat faiz borcu qeyd edildiyindən həmin arayışı əsas götürüb və cavabdeh tərəfindən iddia əsas və faiz borcu hissəsində qəbul edildiyindən 2922.47 manat əsas, 339.88 manat faiz borcu olduğunu məqsədə müvafiq hesab edir. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 205 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2922.47 AZN (iki min doqquz yüz iyirmi iki manat qırx yeddi qəpik) əsas, 339.88 AZN (üç yüz otuz doqquz manat səksən səkkiz qəpik) faiz, 205 AZN (iki yüz beş) cərimə borcu və ödənilmiş 54.77 AZN (əlli dörd manat yetmiş yeddi qəpik) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2922.47 AZN (iki min doqquz yüz iyirmi iki manat qırx yeddi qəpik) əsas, 339.88 AZN (üç yüz otuz doqquz manat səksən səkkiz qəpik) faiz, 205 AZN (iki yüz beş) cərimə borcu və ödənilmiş 54.77 AZN (əlli dörd manat yetmiş yeddi qəpik) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar