Məhkəmə qərarları › İş №e-2(009)-933/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-933/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-933/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi X.İ.İbrahimovun iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı qeyri-yaşayış sahəsinə dair icarə haqqı borcunun ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı qeyri-yaşayış sahəsinə dair icarə haqqı borcunun ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasının təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 170,6 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli, 4969/4053 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 7.167,13 manat icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozmuşdur. Cavabdehə xx.xx.2023-cü il tarixli, 3-21-3/2-8960/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehdən icarə haqqı üzrə borcu 7.167,13 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”, “köçüb”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “İcarəyə verən” qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “İcarəçi” qismində Cavabdeh arasında bağlanmış 01 mart 2013-cü il tarixli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 4969/4053 nömrəli müqaviləsinin surətinə əsasən ünvan 1 ünvanında yerləşən 170,6 kv.m. qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh illik icarə haqqı 2.984,5 manat, aylıq icarə haqqı 248,79 manat olmaqla xx.xx.2013-cü il tarixdək icarəyə verilmişdir. İş üzrə ünvan 1 ünvanında yerləşən 170,6 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh adına olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsinin surətindən görünür ki, Cavabdeh icarəyə götürdüyü əmlak üzrə icarə haqqı üzrə borcu 7167,13 manat təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” xx.xx.1997-ci il tarixli 629 saylı Fərmanına uyğun olaraq ünvan 1 ünvanındda yerləşən 170,6 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsin dair Cavabdehlə bağlanılmış 4969/4053 nömrəli xx.xx.2013-cü il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Həmin müqavilə üzrə xx.xx.2015-ci il xitam tarixinə dövlət büdcəsinə 7.167,13 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Nəzərinə çatdırırlar ki, 7 gün müddətində dövlət büdcəsinə yaranmış borcunun ödənilməsinin təmin edilməsi zəruridir. Əks halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçiriləcəkdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məsləhətçi V.H.Yəhyayev, məsləhətçi Ə.B.Əlizadə, məsləhətçi F.Ə.Şərifov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən Cavabdeh icarəsində olmuş ünvan 1 ünvanında yerləşən 170,6 kv.m. qeyri-yaşayış sahəsinin icarəsi üzrə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun tələb edilməsi barədə 3-21-3/2- 8960/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun təqdim edilməsi üçün ünvan 2 ünvanına müraciət edilmişdir, lakin icarəçi bildiriş məktubunun qəbul etməkdən imtina etmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilən Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlandıqdan sonra orada nəzərdə tutulmuş şərtlər hər iki tərəf üçün məcburi olduğundan, lakin cavabdeh həmin müqavilə üzrə yerinə yetirməli olduğu öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı haqlı olaraq mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 398.1-ci maddəsindən görünür ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilən Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Eyni Qanunun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 01 mart 2013-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 170,6 kv.m. olan qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh aylıq icarə haqqı 248,79 manat məbləğində pul ödənilməklə xx.xx.2013-cü il tarixədək icarəyə verilmiş, müqavilədə nəzərdə tutulan müddət bitdikdən sonra tərəflər icarə münasibətinin davam etdirilmə niyyətində olduqlarından icarə münasibətləri hər dəfə müqavilədə nəzərdə tutulan müddətdə artırılmışdır. Cavabdeh müqavilə üzrə vaxtaşırı icarə haqqı ödəməyə öhdəliyi üzərinə götürsə də, lakin onun tərəfindən icarə haqqı vaxtında ödənilməmiş, nəticədə icarə haqqı üzrə borc 7.167,13 manat təşkil etmişdir. Cavabdeh icarə borcunun odənilməsi ilə əlaqədar xəbərdar olunsa da, onun tərəfindən borc ödənilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən icarə müqaviləsinin şərtləri pozularaq icarə haqqı vaxtında ödənilmədiyindən, iddia təmin edilməli və cavabdehdən 7.167,13 manat icarə haqqı üzrə borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizələrinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manatdır. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizələrinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 91,67 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə 7.167,13 (yeddi min yüz altmış yeddi manat, on üç qəpik) manat məbləğində pul tutularaq Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 91,67 (doxsan bir manat, altmış yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar