Məhkəmə qərarları › İş №e-2(009)-963/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-963/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-963/2022 20.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 nümayəndə və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2469.56 manat (iki min dörd yüz altmış doqquz manat, əlli altı qəpik) əsas borc, 3562.45 manat (üç min beş yüz altmış iki manat, qırx beş qəpik) müqavilə müddəti üçün hesablanmış faiz, 443.71 manat (dörd yüz qırx üç manat, yetmiş bir qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.18 manat (üç yüz qırx doqquz manat, on səkkiz qəpik) faiz borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 89 manat (səksən doqquz) dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh1 arasında bağlanmış 07 aprel 2015-ci il tarixli, 1xx/xx/100839/15 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə 28% dərəcəsi ilə 10000 manat (on min manat) məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin təminatı kimi QSC "xxxx" KB ilə Cavabdeh2 arasında 1xx/xx/100839/15 saylı zaminlik müqavilələri imzalanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 kredit üzrə 2469.56 manat (iki min dörd yüz altmış doqquz manat, əlli altı qəpik) əsas borc, 3562.45 manat (üç min beş yüz altmış iki manat, qırx beş qəpik) müqavilə müddəti üçün hesablanmış faiz, 443.71 manat (dörd yüz qırx üç manat, yetmiş bir qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.18 manat (üç yüz qırx doqquz manat, on səkkiz qəpik) faiz borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndə və vəkili Nümayəndə2 bildirmişdir ki, cavabdeh bank bağlanana qədər vaxtlı-vaxtında borcunu ödəmişdir. İddiaçı 2016-cı ildən 2022-ci ilə qədər olan vaxt ərzində borcunu tələb etməmiş, 3 il müddət keçəndən sonra iddia qaldırmışdır. Bank, vaxtı uzadıb faizləri artıraraq borcun artmasını gözləmiş və sonradan borcu tələb etmişdir. Cavabdeh isə məlumatlı olmamış və borcunu ödəməmişdir. Əgər vaxtında məlumatlı olsa idi, əsas borcu və az miqdarda hesablanmış faizləri ödəyərdi. Lakin məlumatlı olmadığı üçün yüksək miqdarda faizlər hesablanmışdır. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, "Bank Standart" KB ilə kredit alan X2 arasında 07 aprel 2015ci il tarixli, 1xx/xx/100839/15 saylı kredit müqaviləsi bağlanmışdır. Bağlanmış kredit müqaviləsinə əsasən kreditor tərəfindən 07 aprel 2015-ci il tarixli, 1xx/xx/100839/15 saylı kredit müqaviləsi üzrə borcluya, yəni Cavabdeh1 10.000 (on min) manat məbləğində 48 (qırx səkkiz) ay müddətinə 07 aprel 2019-cu il tarixinədək kredit verilmişdir. Həmçinin onunla 07 aprel 2015-ci il tarixli, 1xx/xx/100839/15 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış Zaminlik müqaviləsi mülki qanunverciliyin tələblərinə zidd və birtərəfli olmaqla ən əsası hüquqlarının pozulması ilə bağlanmışdır. Göstərilənlərdən əlavə iddiaçı QSC “Bank Standart" KB tərəfindən ona qarşı iddia qanunvercilikdə nəzərdə tululmuş müddətdə qaldırılmamışdır. Belə ki, onunla bağlanmış zaminlik müqaviləsinin müddəti 07 aprel 2019cu ildə bitmiş, iddia ərizəsi isə məhkəməyə 2022-ci ilin 07 aprelində verilmişdir. Hesab edir ki, kredit müqaviləsi üzrə yerinə yetirilməyən öhdəliklərə görə məsuliyyət daşımır, onun məsuliyyəti yalnız müqavilə müddətini əhatə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, QSC "xxxx" KB tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 28% olmaqla 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşımağı qəbul edib. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin 02 fevral 2022-ci il tarixli, **********288 saylı arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə 2469.56 manat (iki min dörd yüz altmış doqquz manat, əlli altı qəpik) əsas borc, 3562.45 manat (üç min beş yüz altmış iki manat, qırx beş qəpik) müqavilə müddəti üçün hesablanmış faiz, 443.71 manat (dörd yüz qırx üç manat, yetmiş bir qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.18 manat ( üç yüz qırx doqquz manat, on səkkiz qəpik) faiz borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2022-ci il tarixli, 9/3874 nömrəli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə QSC "xxxx" KB-yə olan borcu əsas borc üzrə 2469.25 manat, faiz borcu üzrə 2062.65 manat təşkil edir. (ekspertiza dəyəri 100 manat) Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək razılaşdırılmış kredit vəsaitini cavabdehə versə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyini tam icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Sadalanan qanunvericilik normalarına əsasən, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam və vaxtında icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini əsaslı hesab edir, onun qeyri-mötəbər olması ilə bağlı hər hansı şübhə mövcud deyildir. Ona görə də belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan əsas borcu 2469.25 (iki min dörd yüz altmış doqquz manat, iyirmi beş qəpik) manat, faiz borcu 2062.65 (iki min altmış iki manat, altmış beş qəpik) manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, gecikdirilmiş 2469.25 manat borca görə 443.71 manat cərimə (dəbbə pulu) yüksək məbləğdir. Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 172 (bir yüz yetmiş iki) manat cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, icra borclu tərəfindən gecikdirildirilmiş, bunun nəticəsində kreditora zərər dəymişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən illik 5 faiz hesablanmaqla 349.18 manat (üç yüz qırx doqquz manat on səkkiz qəpik) faiz məbləğində pul tutulmalıdır. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda qanunvericilik müqavilə üzrə öhdəliyin icra vaxtının çatdığı gündən zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində zaminə qarşı iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən və zaminlik müqaviləsinin bağlandığı gündən artıq vaxt keçməsinə baxmayaraq zaminə qarşı iddia irəli sürmədiyi üçün (nisyə alğı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur), zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi zamin Cavabdeh2 qarşı münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********* saylı qəbz üzrə 89 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 67 manatı Cavabdeh1 aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pulun 30 (otuz) manatı QSC "xxxx" KB -dən, 70 (yetmiş) manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2469.25 (iki min dörd yüz altmış doqquz manat, iyirmi beş qəpik) manat əsas borc, 2062.65 (iki min altmış iki manat, altmış beş qəpik) manat faiz, 172 (bir yüz yetmiş iki) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.18 (üç yüz qırx doqquz manat, on səkkiz qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumunun 67 (altmış yeddi) manatı tutularaq ləğv prosesində olan QSC "xxxx" KB-yə ödənilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pulun 30 (otuz) manatı QSC "xxxx" KB -dən, 70 (yetmiş) manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar