Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1004/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh xx.xx.2015-ci il tarixli, 3023 nömrəli kredit müqaviləsi üzrə 1417.93 ABŞ dolları əsas, 1301.01 ABŞ dolları faiz, 998.31 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 383.2 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 4100.45 ABŞ dolları və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 90 manat dövlət rüsumunun LPO İddiaçı ASC-nin hesabına ödənilməsi, tutmanın ipoteka predmeti “Mercedes Benz E200 CDİ” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə LPO İddiaçı ASC-nin “Xırdalan” filialı arasında xx.xx.2015-ci il tarixli, 3023 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödəmək şərti ilə 2700 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə xx.xx.2015-ci il tarixli, 3023 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Mercedes Benz E200 CDİ” markalı, **-MV-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Lakin borclu hər üç müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun xx.xx.2015-ci il tarixli, 3023 saylı kredit müqaviləsi üzrə 1417.93 ABŞ dolları əsas, 1301.01 ABŞ dolları faiz, 998.31 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.201-cü il tarixli qərarına əsasən hesablanan 383.20 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 4100.45 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilələr hazırlanmışdır. Cavabdeh bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamışdır, lakin ipoteka müqaviləsi rəsmiləşdirilmək üçün Daşınar Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirilmədiyinə görə bank qeyd olunan borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında iki müqavilə bağlanmışdır. Girov predmeti olan avtomobil də birinci müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı girov ilə yüklü edilmişdir. Cavabdehin iddiaçı Bankdan götürdüyü kredit üzrə borc problemli kreditlərlə bağlı Fərmanın təsiri altına düşdüyündən Bank tərəfindən ona təklif olunmuşdur ki, güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlansın. Bankla cavabdeh arasında yeni kredit müqaviləsi bağlansa da, cavabdeh yeni ipoteka müqaviləsini qeydiyyatdan keçirməkdən, yəni avtomobili girov qoymaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı Bank hazırda cavabdehlə bağlanmış birinci kredit müqaviləsi üzrə borcu və həmin borcun ipoteka predmetinə yönəldilməsini cavabdehdən tələb edir. Bununla belə əgər cavabdeh iddiaçı bankla arasında bağlanmış ikinci (restrukturizasiya) müqaviləsi üzrə 2400 manat borcunu ödəsə idi, Bank onun qalan borcunu silərdi. Lakin cavabdeh həmin müqavilə üzrə borcundan heç bir ödəniş etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin baxış iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, onun Banka tələb edilən məbləğdə borcu yoxdur. Lakin qəbul edir ki, ikinci müqavilə bağlanandan sonra heç bir ödəniş etməmişdir. Girov predmeti olan avtomobil isə hazırda Gəncədədir. Əgər ona 10-15 gün vaxt verilərsə, avtomobili satıb 2400 manat borcunu ödəyə bilər. Bundan başqa, satılıqda torpağı var. Həmin torpaq satılarsa, qalıq borcu ödəyə bilər. Odur ki, məhkəmədən avtomobili satması üçün ona vaxt verilməsini xahiş etdi.
İş materialları.
5. İddiaçı ASC (Bank) və Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2015-cı il tarixli, 3023 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə üzrə Bank Borcalana 24 ay müddətinə qaytarmaq şərtilə, illik 22 % olmaqla 2700 ABŞ dolları məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür.
6. İddiaçı ASC (İpoteka saxlayan) və Cavabdeh (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3023 nömrəli ipoteka müqavəsindən görünür ki, İpoteka saxlayan ilə Borcalan arasında Bakı şəhərində bağlanmış xx.xx.2015-ci il tarixli, 3023 kredit müqaviləsinə əsasən İpoteka saxlayan Borcalana 24 ay müddətinə, illik 22 % olmaqla 2700 ABŞ dolları kredit verir. Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan “Mercedes Benz E200 CDİ” markalı, Ban WDB2100071B232150, rəngi göy, buraxılış ili 2000-ci il olan avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür.
7. LPO İddiaçı ASC (Bank) və Cavabdeh (Borclu) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM042100961 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3023 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2410.48 manat məbləği restrukturizasiya olunur və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür.
8. LPO İddiaçı ASC (İpoteka saxlayan) və Cavabdeh (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM042100961 nömrəli sonrakı ipoteka müqavəsindən görünür ki, İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan “Mercedes Benz E200 CDİ minik” markalı avtomobili xx.xx.2021-ci il tarixli, LM042100961 saylı restrukturizasiya müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana girova verir. Hazırkı müqavilə üzrə sonrakı ipoteka ilə təmin edilən öhdəliyin əmələ gəlməsi üçün əsas LPO İddiaçı ASC və Cavabdeh arasında Bakı şəhərində bağlanmış xx.xx.2021-ci il tarixli, LM042100961 saylı restrukturizasiya müqaviləsidir.
9. xx.xx.2021-ci il tarixli, LM042100961 nömrəli restrukturizasiya müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin xx.xx.2021 – xx.xx.2026-cı il tarixləri arasında hər ay 41.2 manat (sonuncu ay 41.46 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.
10. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bank ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə Banka 1417.93 ABŞ dolları əsas, 1301.01 ABŞ dolları faiz, 998.31 ABŞ dolları cərimə və 383.2 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğində borcu vardır.
İşin faktiki halları.
11. İddiaçı ASC (Bank) və Cavabdeh (Borcalan) arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank tərəfindən Borcalana 24 ay müddətinə, illik 22% dərəcəsi ilə 2700 ABŞ dolları məbləğində kredit verilmiş, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür.
12. İddiaçı ASC (İpoteka saxlayan) və Cavabdeh (İpoteka qoyan) arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən İpoteka qoyan İpoteka saxlayanla arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi özünə məxsus “Mercedes Benz E200 CDİ” markalı avtomobili İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etməyi öhdəsinə götürmüşdür.
13. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş kredit “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmüşdür.
14. LPO İddiaçı ASC (Bank) və Cavabdeh (Borclu) arasında xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Borclunun borcu restrukturizasiya olunaraq 2410.48 manat məbləğində müəyyən edilmiş və Borclu bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə (60 ay müddətinə, illik 1 % dərəcəsi ilə) qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, borcun xx.xx.2021 – xx.xx.2026-cı il tarixləri arasında hər ay 41.2 manat (sonuncu ay 41.46 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.
15. Hazırda iddiaçı LPO İddiaçı ASC xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilmədiyini iddia etdiyi cəmi 4100.45 ABŞ dolları məbləğində borcu Cavabdeh tələb edir. Həmçinin tutmanın ipoteka predmeti kimi “Mercedes Benz E200 CDİ” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini xahiş edir.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 307. İpoteka müqaviləsi. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 309. İpotekanın dövlət qeydiyyatı. 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 10. İpoteka müqaviləsi. 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı.
Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarı.
Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir...
20. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı.
6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
21. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”.
6.2. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. 6.3. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. 6.15. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
23. İddia tələbindən görünür ki, tələb iki hissədən ibarətdir: 1) tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 4100.45 ABŞ dolları məbləğində borcun tutulması; 2) tutmanın ipoteka predmetinə yönəldilməsi. Məhkəmə hər bir tələbə ayrı-ayrılıqda münasibət bildirməyi zəruri hesab edir.
24. İşin faktiki hallarından görünür ki, "xxxx" ASC (müqavilə bağlandığı vaxt hələ ləğv edilməmişdi) və Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 22 % dərəcəsi ilə 2700 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda iddiaçı Bank məhz bu müqaviləyə əsasən ödənilmədiyini iddia etdiyi kredit borcunu, eləcə də hesablanmış faiz və cəriməni cavabdehdən tələb edir.
25. Halbuki bu kredit “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüş, Fərmana uyğun olaraq tərəflər arasında xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borclu Cavabdeh 2410.48 manat məbləğində borcu restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə (60 ay müddətinə, illik 1 % dərəcəsi ilə) qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür.
26. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsinin bağlanması ilə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmiş, həmin müqavilə üzrə qalıq borc restrukturizasiya olunaraq 2410.48 manat məbləğində müəyyən edilmiş və həmin borcun ödənilməsi ilə bağlı tərəflər arasında yeni müqavilə bağlanmışdır. Bununla da borclu üzərinə məhz həmin müqavilə üzrə borcun müqavilədə nəzərdə tutulmuş şərtlərlə ödənilməsi öhdəliyini götürmüşdür. Bu vəziyyətdə iddiaçı Bankın xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən borc tələb etməsi əsassızdır.
27. Nəzərə alınmalıdır ki, yuxarıda (§ 21) istinad edilmiş müvafiq Fərmanın icrası ilə bağlı Qaydaların 6.15-ci bəndində də qeyd edilmişdir ki, kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür.
28. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Bank Dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi ilə bağlı müvafiq Fərmanda nəzərdə tutulan təklifini qəbul etdiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası iddiaçı Bank üçün məcburi olmuşdur. Bu baxımdan iddiaçı Bankın cavabdehdən artıq restrukturizasiya edilmiş kredit borcunun əlavə faiz və cərimə borcu ilə birlikdə ödənilməsini tələb etməsi qanunsuz olmaqla yanaşı, müvafiq Fərmanda qarşıya qoyulmuş məqsədlərlə (devalvasiya nəticəsində fiziki şəxslərin kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək) əhəmiyyətli ziddiyyət təşkil edir.
29. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh yalnız iddiaçı LPO İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə öhdəliyin icrasına görə məsuliyyət daşıyır. Hansı ki, həmin müqaviləyə əsasən borclu Məhərrəm Qurbanov restrukturizasiya olunmuş 2410.48 manat məbləğində borcu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyi pozulmuş, müvafiq borcdan heç bir ödəniş edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş əsas borc (2410.48 manat) və ona hesablanmış faiz cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Cavabdehdən tutulacaq faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsində illik faiz dərəcəsi yuxarıda istinad edilmiş Fərmanın tələbinə uyğun olaraq 1 % müəyyən edilmişdir. Həmin müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, restrukturizasiya edilmiş 2410.48 manat məbləğində əsas borca görə 60 ay ərzində cəmi 61.78 manat məbləğində faiz borcu ödənilməlidir. Lakin həmin faiz borcu bütövlükdə cavabdehdən tutula bilməz. Ona görə ki, iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış kredit (restrukturizasiya) müqaviləsindən birtərəfli qaydada imtina etmiş hesab edilir.
31. Məhkəmə qeyd edir ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (§ 18).
32. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı Bank tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli bildirişlə müraciət edilmiş, həmin bildirişdə qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Borcalan Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün onun Bank qarşısında cəmi 4100.45 ABŞ dolları məbləğində borcu var və üç gün ərzində həmin borcun bütövlükdə ödənilməsi tələb edilir. Məhkəmə artıq yuxarıda əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmiş, həmin müqavilə üzrə restrukturizasiya edilmiş 2410.48 manat məbləğində qalıq borcun ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsinin tələb edilməsi ilə iddiaçı Bank həmin müqavilə üzrə restrukturizasiya edilmiş qalıq borcu tələb etmiş, beləliklə, xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsindən birtərəfli qaydada imtina etmişdir.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
34. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyən cavabdeh Borcalandan icra edilməmiş öhdəliyin tam olaraq icra edilməsini tələb etdiyi və Borcalanın bunu təmin etmədiyi andan kredit müqaviləsindən imtina etmiş sayılır. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi həmin andan ləğv edilmiş hesab edilməlidir.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında (§ 18) qeyd edilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir.
36. Kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qərarda o da qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
37. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı Bank Cavabdeh yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Beləliklə, cavabdeh restrukturizasiya müqaviləsi üzrə heç bir ödəniş etmədiyindən 2410.48 manat məbləğində əsas borcu olmuşdur. Faiz borcu isə iddiaçı Bankın müqavilədən imtina etdiyi (bu barədə iradə ifadəsini cavabdehə bildirdiyi) xx.xx.2022-ci il tarixə 32.57 manat (ödəniş cədvəli üzrə ilk 18 ayın faizi) məbləğində təşkil etmişdir.
38. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsinə dair xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 2410.48 manat əsas borc və 32.57 manat faiz borcu cavabdehdən tutularaq iddiaçı Banka ödənilməlidir.
39. Tələbin ikinci hissəsinə - tələbin ipoteka predmetinə yönəldilməsi – münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli və xx.xx.2021-ci il tarixli iki ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilələrin hər biri müvafiq olaraq xx.xx.2015-ci il tarixli kredit və xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bağlanmışdır. Hər iki müqavilədə ipoteka predmeti kimi “Mercedes Benz E 200 CDİ minik” markalı avtomobil göstərilmişdir. Hazırda iddiaçı Bank da tutmanın ipoteka predmeti kimi məhz həmin avtomobilə yönəldilməsini xahiş edir.
40. Məhkəmə ilk növbədə qeyd edir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir (§ 19).
41. Belə olan halda məhkəmə ipoteka predmetinə tutma yönəldilməsinə dair tələbin əsaslılığına qiymət verməzdən əvvəl bu müqavilələrin etibarlı olub-olmaması məsələsinin araşdırılmalı olduğunu hesab edir.
42. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış hər iki ipoteka müqaviləsi sadə yazılı əqd formasında bağlanmış, notariat qaydasında təsdiq edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hər iki ipoteka müqaviləsi bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş forma tələblərinə riayət etmədən bağlanılmışdır ki, bununla da bağlanıldığı andan etibarsız (əhəmiyyətsiz) əqd olmuşlar.
43. Belə ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir (§ 19).
44. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bankın bu iki etibarsız ipoteka müqaviləsinə (yaxud onlardan birinə) əsaslanaraq qaldırdığı istənilən iddia əsassızdır. Belə ki, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir (§ 19).
45. Belə olan halda məhkəmə hesab edir ki, tutmanın ipoteka predmeti kimi avtomobilə yönəldilməsi hissəsində iddia etibarsız əqdə əsaslandığından təmin edilməməlidir.
46. Məhkəmə, son olaraq onu da qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrin etibarsız olduğunun müəyyən edilməsi, bu müqavilələrin təminat verdiyi kredit və restrukturizasiya müqavilələrinin də etibarsızlığına səbəb olmur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.2-ci maddəsinə əsasən öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1ci maddəsinə əsasən ... İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
Məhkəmə xərcləri.
47. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
48. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (2443.05 manat) mütənasib hissəsi (44.43 manat) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
49. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə 2410.48 manat əsas borc və 32.57 manat faiz borcu olmaqla, cəmi 2443.05 manat məbləğində borc və 44.43 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
50. Yuxarıdakı qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə 2410.48 manat əsas borc və 32.57 manat faiz borcu olmaqla, cəmi 2443.05 manat (iki min dörd yüz qırx üç manat beş qəpik) məbləğində borc və 44.43 manat (qırx dörd manat qırx üç qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva