Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1013/2024 29.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 500 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun ümumilikdə 530.40 məbləğin iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1013/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “BMW 316İ” minik markalı, ** GE *** d.q.n.-lı avtomobillə “Kia Rio” minik markalı, ** OZ *** d.q.n.-lı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına uyğun olaraq “Kia Rio” minik markalı, ** OZ *** d.q.n.-lı avtomobilə 500 manat məbləğində zərər dəydiyi müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Nəsimi rayon DYPŞ tərəfindən qəbul olunmuş X4 haqqında TP ******* nömrəli Qərara əsasən, hadisə ilə əlaqədar “BMW 316İ” minik markalı, ** GE *** d.q.n.-lı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Tərəflərin izahatları. xx.xx.2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Fərid Mustafazadə məhkəməyə ərizə göndərərək, hazırkı iş üzrə tərəflərindən verilmiş iddia tələbini müfafiə edərək, təqdim edilmiş və iş materiallarında olan sübutlar əsasında işdə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. PDS********** saylı xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı X1 məxsus “BMW” markalı, ** GE *** dövlət qeydiyyatlı nömrəli avtomobil sığortlanmış və sığorta dəyəri 5000 manat təyin edilmişdir. AP№0196305 saylı xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, “BMW 316İ” markalı ** GE *** dövlət qeydiyyatlı avtomobilini idarə edən Cavabdeh B.Səfəroğlu küçəsində manevr qaydasını pozub, yolun sağında dayanmış vəziyyətdə olan KİA-RİO markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerini tərk etdiyindən barəsində AR İXM-nin 327.1, 327.6-ci maddələri ilə protokol tərtib edilmişdir. Hadisə zamanı xəsarət alan olmayıb. TP4162851 saylı xx.xx.2021-ci il tarixli “X4 haqqında Qərar”ın surətindən görünür ki, Cavabdeh ** GE *** dövlət qeydiyyat “BMW 316İ” minik markalı avtomobili sürərkən, AR İXM-nin 327.6, 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, CR-0928 nömrəli avtobomilə dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “KİA RİO” markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri ümumilikdə 500 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2021-cİ il tarixli, 0928 nömrəli Sığorta ödəniş ilə bağlı aktın surətindən görünür ki, X2 hesabına “Azərsığorta” DSKŞ tərəfindən 500 manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixli, 5594 nömrəli ödəniş tapsırığının sürətindən görünür ki, X2 hesabına 0928 99OZ674 saylı akta əsasən 500 manat pul vəsaiti köçürülmüşdür GS/08-398/20 nömrəli xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh dəymiş zərərə görə – 500 manat pul məbləğini 7 iş günü müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır..... Maddə 884. Sığorta münasibətlərinin subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir... ...884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 897. İcbari sığorta 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur... Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.... Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ... Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir... 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə- yüz manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 23. Sığortaçının hüquq və vəzifələri 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır:... 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək;... Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:... 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;... 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.... Maddə 52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.... Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı, sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, ilk növbədə qeyd edilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş materialları ilə müəyyən olunmuşdur ki, “BMW 316İ” markalı ** GE *** dövlət qeydiyyatlı avtomobilini idarə edən Cavabdeh B.Səfəroğlu küçəsində manevr qaydasını pozub, yolun sağında dayanmış vəziyyətdə olan KİA-RİO markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerini tərk etmişdir. Nəticədə Cavabdeh təqsirli olduğu müəyyən edilmiş, dəymiş zərər həcmində sığorta ödənişi (500 manat) iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmişdir. Belə olan halda, yəni cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxsə sığorta ödənişi edən iddiaçı ödədiyi sığorta ödənişi məbləğini cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlı olmuşdur. Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı, sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Cavabdeh hadisə yerindən yayınmış olduğuna görə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ona qarşı ödəniş məbləğində subroqasiya hüququ yaranmışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 500 manat məbləğində sığorta ödənişi, və dövlət rüsumunun ödənilməsi üçün 0.40 manat bank xidməti haqqı iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 500 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumu ümumilikdə 530 manat və dövlət rüsumunun ödənilməsi üçün 0.40 manat bank xidməti haqqı iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1013/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1013/2024
29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver