Məhkəmə qərarları › İş №e-2(010)-1015/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1015/2024

11.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1015/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Salyan Rayon Məhkəməsinin 2(057)-360/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilərək, 18 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-2716/2014 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

2. Bakı 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.

İşin faktiki halları

3. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan bir uşaqlarının olması, həmin uşağın anasının yanında qalmasına və hər ay cavabdehdən qazancının 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.

İddia tələbi

4. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 adlı uşağın saxlanılması üçün ona ödənilən Salyan Rayon Məhkəməsinin 2(057)-360/2021 il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının 235 (iki yüz otuz beş) manat olmaqla artırılması və 50 manat mediasiya rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

5. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, uşağın məktəbli olmasını, buna görə xərclərin həddindən artıq artmasını, hər gün məktəbə marşurutla gedib gəlməsini, uşağın gündəlik yemək, məktəb xərclərini, məktəb ləvazimatları xərclərini, məktəbli forması xərclərini, mövsümə uyğun olaraq üst geyim, alt geyim və ayaqqabı xərclərini, məktəbdənkənar kurslarda iştirak xərclərini, hər günün səhər, günorta və axşam yemək xərclərini, bütün bunların böyük hissəsini onun qarşıladığını, bütün günü uşağı ilə məşğul olmağını, uşağının təhsili, sağlamlığı, tərbiyəsi və bütün təminatı ilə məşğul olmağını, cavabdehin aktiv ********** saylı VÖEN-dən istifadə etməsini, alimenti ödəməyə kifayət qədər imkanı olmasını nəzərə almaqla və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında AR Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini əsas tutmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş zərurəti ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan icraatda olan xx.xx.2024-cü il tarixdə saat 14-45-da təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və qeyd olunanları məhkəmə çıxışı kimi nəzərə almaqla iddianın tam təmin olunmasını xahiş etmişdir.

6. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, müəyyən olunmuş aliment məbləğini vaxtında ödəyir və uşağın bütün xərclərini qarşılayır. İddiaçı isə ünsiyyət barədə məhkəmə qətnaməsinin olmasına baxmayaraq, onun uşağı ilə görüşünə mane olur. Əlavə olaraq qeyd etdi ki, o, yenidən ailə qurmuşdur və həmin nikahdan da üç uşağı var. Buna görə də uşaqların saxlanılması üçün xərc tələb edildiyini nəzərə alaraq alimentin artırılmamasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

8. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

9. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

10. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

12. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı

Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

14. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li Qərarı

Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmənin mövqeyi

15. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

16. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay qazancının 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırki halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən 18 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideyniik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Qeyd etmək lazımdır ki, alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan uşağının saxlanılması üçün 2021-ci il tarixli qətnamə əsasında alimentin miqdarı 170 manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan uzun müddətin keçməsi və uşağın tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir.

Məhkəmə xərcləri

17. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

20. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 235x12=2820 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 48,20 manat təşkil edir.

21. Odur ki, həmin məbləğ mediasiya orqanına ödənilmiş dövlət rüsumu ilə əhatə olunduğu üçün mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

22. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)-360/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə 18 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-360/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə 18 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar