Məhkəmə qərarları › İş №e-2(010)-1030/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1030/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1030/2023 12.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə5, cavabdeh İbrahimli (Məmmədova) Şəfa İlham qızının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmıyyətinin (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər İbrahımlı İbrahim Vasıf oğluna və İbrahımli Şəfa İlham qızına qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası üzrə mülki işə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. "xxxx" Açıq Səhmdar Cəmıyyəti ilə İbrahımlı İbrahim Vasıf oğlu arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli 100.LN.1502.221113.00001 saylı kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 45500 (qırx beş min beş yüz) manat məbləğində 336 (üç yüz otuz altı) ay müddətinə kredit verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. Kredit Borcalana ünvan 1 ünvanında yerləşən, 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi (bundan sonra yaşayış sahəsi) ünvanında yerləşən yaşayış sahəsinin alınmasına verilir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 88,2 kv.m, yaşayış sahəsi 28,8 kv.m, yardımçı sahəsi 59.4 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İbrahımlı İbrahim Vasıf oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 22728 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

3. 22 noyabr 2013-cü il tarixli 100.CN.1502.221113.00001/d saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı, X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19 noyabr 2013-cü il tarixli 11/16008 nömrəli arayışa əsasən 2 otaqlı ümumi sahəsi 88.2 kv.m, o cümlədən yaşayış sahəsi 28.8 kv.m olan, ünvan 3 ünvanında yerləşən, 1 mərtəbəli fərdi yaşayış evi Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Satılan fərdi yaşayış evi 15 noyabr 2013-cü il tarixli Seriya RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Satıcıya məxsusdur. Fərdi yaşayış evin satış qiyməti 65000 (altmış beş min) manatdır, fərdi yaşayış evin dəyərinin 19500 (on doqquz min beş yüz) manatı Alıcı- İpoteka qoyanın özü tərəfindən, 45500 (qırx beş min beş yüz) manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 22 noyabr 2013-cü il tarixli 100.LN. 1502.2211 13.00001 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı- İpoteka qoyan satılan fərdi yaşayış evi (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli 100.LN.1502.221113.00001 № li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. İpoteka predmeti ilə aşağıdakı öhdəliklər təmin edilir: Kreditin məbləği 45500 (qırx beş min beş yüz) manat; kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı-İpoteka qoyana faktiki təqdim edildiyi tarixindən 28 (iyirmi səkkiz) il müddətinə 01 noyabr 2041-ci il tarixinədək. Kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 4.00 (dörd) %. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 225.32 (iki yüz iyirini beş manat otuz iki qəpik) manat məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 22 noyabr 2013-cü il tarixli 100.LN. 1502.221113.00001 № li kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 88,2 kv.m, yaşayış sahəsi 28,8 kv.m, yardımçı sahəsi 59.4 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 28 il müddətinədək müəyyən edilmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2745/2016 nömrəli iş üzrə qəbul etdiyi 01 aprel 2016-cı il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 (üçüncü şəxslə "xxxx" ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanındı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə) qarşı “ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi” tələbinə dair iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi ev 144A saylı fərdi yaşayış evinin 2/3 hissəsinin iddiaçı Cavabdeh1, 1/3 hissəsinin Cavabdeh2 birgə mülkiyyətdəki payı hesab edilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 88,2 kv.m, yaşayış sahəsi 28,8 kv.m, yardımçı sahəsi 59.4 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissədə İbrahımlı İbrahim Vasıf oğlunun, 2/3 hissədə İbrahımli Şəfa İlham qızının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 06 saylı İpoteka Kreditlərinə Xidmət Müqaviləsinə əsasən 22 noyabr 2013-cü il tarixli 100.LN.1502.221113.00001 saylı kredit müqaviləsi üzrə tələb etmə hüququ İddiaçı ASC-yə verilməklə hazırki iş üzrə müvəkkil bank təyin edilmişdir.

8. xx.xx.2022-ci il tarixli bankın xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə banka olan borcun tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İbrahımlı İbrahim Vasıf oğlunun kredit müqaviləsi üzrə banka 37.284,24 manat əsas, 1617,65 manat faiz, 64,39 manat cərimə borcu olmaqla, cəmi 38.966,28 manat borcu vardır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/2864-9/3089 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri təqribən 67.500.0 manat məbləğində müəyyən edilir.

İşin faktiki halları

11. İbrahımlı İbrahim Vasıf oğlu ilə "xxxx" ASC arasında kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə cavabdehə yaşayış sahəsinin alınması üçün 45500 manat məbləğində kredit verilməsi, borcun təminatı olaraq, İbrahımlı İbrahim Vasıf oğlunun mülkiyyətindəki həmin yaşayış sahəsinin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2745/2016 nömrəli iş üzrə qəbul etdiyi 01 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən həmin fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin Cavabdeh2 birgə mülkiyyətdəki payı hesab edilməsi, hazırki kredit müqaviləsi üzrə tələb etmə hüququnun İddiaçı ASC-yə verilməklə hazırki iş üzrə müvəkkil bank təyin edilməsi işin mübahisəsiz halıdır.

İddia tələbi

12. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmıyyəti cavabdehlər İbrahımlı İbrahim Vasıf oğluna və İbrahımli Şəfa İlham qızına qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli, 100.LN.1502.221113.00001 saylı kredit müqaviləsinə əsasən 37.284,24 manat əsas, 1617,65 manat faiz, 64,39 manat cərimə, ümumilikdə 38.966,28 manat borc, məhkəməyə müraciət üçün ödənilmiş 207,30 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 47 manat dövlət rüsumunun X2 İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi Bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 və Məmmədova (İbrahimli) Şəfa İlham qızının paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 88.2 kv.m, yaşayış sahəsi 28.8 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşıyış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlak tam boşaldılması, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Daha sonra iddiaçı iddia ərizəsinə dəyişiklik barədə ərizə təqdim edərək, iddia ərizəsində texniki səhvə yol verildiyini və bu səbəbdən X1 Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

14. Cavabdeh İbrahımlı İbrahim Vasıf oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, artıq kifayət qədər araşdırmalar aparılıb, ekspert rəyi alınıb və hər iki tərəf məsələ ilə bağlı yetəri qədər izahatlar vermişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

16. Cavabdeh İbrahimli (Məmmədova) Şəfa İlham qızının nümayəndəsi Nümayəndə3 İddia tələbini qəbul edərək bildirdi ki, bankın tələb etdiyi 39000 manat pulu onlara ödəyib həmin evi almağı təklif edirlər. Çünki İbrahimin onun qızına 30000 manat məbləğində aliment borcu var, əgər o, evdəki payından imtina etsə, o da aliment borcundan imtina edə bilər. Buna görə də qeyd olunanların nəzərə alınmaqlla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 29. Mülkiyyət hüququ İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 224. Ümumi mülkiyyətdəki paya tutmanın yönəldilməsi 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 41. Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “22” iyun 2023-cü il tarixli Qərardadı

Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarıın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı.

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

23. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi

24. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

25. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan məlum oldu ki, iddiaçı cavabdehə ev alınması məqsədilə kredit vermişdir. Göründüyü kimi iddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 06 saylı İpoteka Kreditlərinə Xidmət Müqaviləsinə əsasən 22 noyabr 2013-cü il tarixli 100.LN.1502.221113.00001 saylı kredit müqaviləsi üzrə tələb etmə hüququ İddiaçı ASC-yə verilməklə hazırki iş üzrə müvəkkil bank təyin edildiyindən, cavabdeh İbrahımlı İbrahim Vasıf oğlundan kredit müqaviləsi üzrə 37.284,24 manat əsas, 1617,65 manat faiz və 64,39 manat cərimə borcu olmaqla, ümumilikdə 38.966,28 manat borcun tutulması barədə iddia tələbi əsaslıdır.

27. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh İbrahımlı İbrahim Vasıf oğluna və İbrahimli (Məmmədova) Şəfa İlham qızına borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2022-ci il tarixli ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və bildiriş qeydə alınmışdır.

28. Kredit müqaviləsi üzrə cavabdeh İbrahımlı İbrahim Vasıf oğlunun üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə İbrahımlı İbrahim Vasıf oğluna tam mülkiyyət hüququ üzrə məxsus mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

29. Mülki iş materiallarından görünür ki, ipoteka predmeti olan fərdi yaşayış evi əvvəl İbrahımlı İbrahim Vasıf oğluna məxsus olaraq, həmin şəkildə ipoteka ilə yüklü edilsə də, sonradan məhkəmə qətnaməsi əsasında İbrahimli (Məmmədova) Şəfa İlham qızının da həmin fərdi yaşayış evi üzərində payı müəyyən edilmiş və 1/3 hissədə İbrahımlı İbrahim Vasıf oğlunun, 2/3 hissədə İbrahımli Şəfa İlham qızının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci və Mülki Məcəllənin 224-cü maddələri ilə müəyyən edilmişdir. Maddələrin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Odur ki, qeyd olunan fərdi yaşayış evi birgə nikah dövründə ailə ehtiyacları üçün alındığı üçün ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların paylarına görə deyil, ümumi əmlakına yönəldilməlidir.

30. İpoteka predmetinin qiyməti ilə bağlı məhkəmə tərəfindən müstəqil qiymətləndirici təyin edilmiş, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 88,2 kv.m, yaşayış sahəsi 28,8 kv.m, yardımçı sahəsi 59.4 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 67.500 manat məbləğində müəyyən edilmişdir. Ona görə də hesab olunur ki, həmin qiymət ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir. Məhkəmə iclasında nə iddiaçı, nə də cavabdeh tərəf evin satış qiymətinə dair etiraz etməmişdir.

31. İpotekaya qoyulmuş fərdi yaşayış evi açıq hərrac vasitəsi ilə satıldıqdan və satışdan əldə olunan məbləğdən borc iddiaçının xeyrinə ödənildikdən sonra isə qalan məbləğ cavabdehlər İbrahımlı İbrahim Vasıf oğluna və İbrahımli Şəfa İlham qızına onların paylarına müvafiq olaraq (2/3 hissəsi İbrahımli (Məmmədova) Şəfa İlham qızına, 1/3 hissəsi İbrahımlı İbrahim Vasıf oğluna) qaytarılmalıdır.

32. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.

33. Məhkəmə ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə təmin olunmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Hazırki iş üzrə bağlanmış ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlandığı üçün “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı və cavabdehlər İbrahımlı İbrahim Vasıf oğlu və İbrahımli (Məmmədova) Şəfa İlham qızı həmin evi tərk etmədiyi halda evdən çıxarılaraq, ev boşaldılmalıdır.

Məhkəmə xərcləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 206,90 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir.

37. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 47 manat dövlət rüsumu ödənilmişdir.

38. Odur ki, ödənilmiş dövlət rüsumunun əvəzi 207,30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 47 manat dövlət rüsumu olmaqla, cəmi 254,30 manat məbləğində pul cavabdeh İbrahımlı İbrahim Vasıf oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

39. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul isə cavabdeh İbrahımli (Məmmədova) Şəfa İlham qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə

40. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh İbrahımlı İbrahim Vasıf oğlundan 22 noyabr 2013-cü il tarixli 100.LN.1502.221113.00001 №-li kredit müqaviləsi üzrə 37.284,24 manat əsas, 1617,65 manat faiz, 64,39 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 38.966,28 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb İbrahımlı İbrahim Vasıf oğlunun və İbrahımli (Məmmədova) Şəfa İlham qızının paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 88,2 kv.m, yaşayış sahəsi 28,8 kv.m, yardımçı sahəsi 59.4 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 88,2 kv.m, yaşayış sahəsi 28,8 kv.m, yardımçı sahəsi 59.4 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 67.500 manat müəyyən edilməli, ipotekaya qoyulmuş fərdi yaşayış evi açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 38.966,28 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, qalan məbləğ cavabdehlər İbrahımlı İbrahim Vasıf oğluna və İbrahımli Şəfa İlham qızına onların paylarına müvafiq olaraq (2/3 hissəsi İbrahımli (Məmmədova) Şəfa İlham qızına, 1/3 hissəsi İbrahımlı İbrahim Vasıf oğluna) qaytarılmalı, ipotekaya qoyulmuş fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılmalı və İbrahımlı İbrahımlı İbrahim Vasıf oğlu və İbrahımli (Məmmədova) Şəfa İlham qızı həmin evi tərk etmədiyi halda evdən çıxarılmalı və ev tam boşaldılmalı, iddia qalan hissədə rədd edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İbrahımlı İbrahim Vasıf oğlundan 22 noyabr 2013-cü il tarixli 100.LN.1502.221113.00001 №-li kredit müqaviləsi üzrə 37.284,24 manat əsas, 1617,65 manat faiz, 64,39 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 38.966,28 (otuz səkkiz min doqquz yüz altmış altı manat iyirmi səkkiz qəpik) manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb İbrahımlı İbrahim Vasıf oğlunun və İbrahımli (Məmmədova) Şəfa İlham qızının paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 88,2 kv.m, yaşayış sahəsi 28,8 kv.m, yardımçı sahəsi 59.4 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 88,2 kv.m, yaşayış sahəsi 28,8 kv.m, yardımçı sahəsi 59.4 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 67.500 (altmış yeddi min beş yüz) manat müəyyən edilsin. İpotekaya qoyulmuş fərdi yaşayış evi açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 38.966,28 (otuz səkkiz min doqquz yüz altmış altı manat iyirmi səkkiz qəpik) manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ cavabdehlər İbrahımlı İbrahim Vasıf oğluna və İbrahımli Şəfa İlham qızına onların paylarına müvafiq olaraq (2/3 hissəsi İbrahımli (Məmmədova) Şəfa İlham qızına, 1/3 hissəsi İbrahımlı İbrahim Vasıf oğluna) qaytarılsın. İpotekaya qoyulmuş fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın və İbrahımlı İbrahımlı İbrahim Vasıf oğlu və İbrahımli (Məmmədova) Şəfa İlham qızı həmin evi tərk etmədiyi halda evdən çıxarılsınlar və ev tam boşaldılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 207,30 (iki yüz yeddi manat otuz qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu olmaqla, cəmi 254,30 (iki yüz əlli dörd manat otuz qəpik) manat məbləğində pul cavabdeh İbrahımlı İbrahim Vasıf oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul cavabdeh İbrahımli (Məmmədova) Şəfa İlham qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar