Məhkəmə qərarları › İş №e-2(010)-1032/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1032/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1032/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı (Ləğv prosesindədir) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1577.28 ABŞ dolları məbləğində əsas, 2078.75 ABŞ dolları məbləğində faiz, 1417.01 ABŞ dolları məbləğində cərimə borcu, 292.16 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 5365.20 ABŞ dolları borcun və 112 manat dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nin nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, QSC «Bank Standard» KB ilə X6 arasında xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsi bağlamışdır. Həmin Müqaviləyə əsasən bank borcluya illik 26% olmaqla 48 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. 4 saylı Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məktubdan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci ildə Notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən miras əmlak kimi qəbul edilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X3 Banka ödənilməmiş kredit müqaviləsi üzrə 1577.28 ABŞ dolları məbləğində əsas, 2078.75 ABŞ dolları məbləğində faiz, 1417.01 ABŞ dolları məbləğində cərimə borcu, 292.16 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 5365.20 ABŞ dolları borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın QSC «Bank Standard» KB qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini və iddia ərizəsinə etirazı olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etmək istəməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsindən görünür ki, X4 illik 26 % olmaqla 48 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, X3 1577.28 ABŞ dolları məbləğində əsas, 2078.75 ABŞ dolları məbləğində faiz, 1417.01 ABŞ dolları məbləğində cərimə borcu, 292.16 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 5365.20 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 4 saylı Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məktubdan müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 vərəsəsi oğlu-ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur və həmin fərdi yaşayış evi onun oğlu qəbul edərək bununla bağlı ona xx.xx.2018-ci il tarixli 2V-955 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, QSC «Bank Standard» KB tərəfindən X3 vərəsəsi Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 806602 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7299 nömrəli rəyi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 1xx/xx/99133/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X3 19 noyabr 2016-cı il tarixinə (sual üzrə tarixə) "xxxx" KB QSC olan borcu 2623.98 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 2325.92 ABŞ dolları, faiz borcu üzrə 298.06 ABŞ dolları. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, X6 tərəfindən xx.xx.2016-cı il tarixdən sonra 886.54 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2016-cı il tarixə göstərildiyindən 886.54 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadı. Qeyd edilir ki, xx.xx.2015-ci il tarixli 1xx/xx/99133/15 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən X4 cərimə borcu hesablanmadı. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1309-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı QSC «Bank Standard» KB ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsinə əsasən bank X4 illik 26 % olmaqla 48 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit alan X6 xx.xx.2016-cı il tarixdə ölmüş və xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh X3 vərəsəsi hesab olunmuş və miras əmlak ünvan 1-dən ibarətdir. İş üzrə iddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. QSC «Bank Standard» KB iddiasının 1417.01 ABŞ dolları gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 50 ABŞ dolları məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, ekspertiza rəyinə əsasən xx.xx.2016-cı il tarixdən sonra ödənilmiş 886.54 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadığından həmin məbləğ əsas borcdan çıxılmaqla Cavabdeh (1577.28- 886.54) 690.74 ABŞ dolları əsas borc, 298.06 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, 292.16 ABŞ dolları vaxtı keçmiş faiz borcu, cəmi 1330.96 ABŞ dolları və 112 manat dövlət rüsumu tutularaq iddiaçı QSC «Bank Standard» KB -yə ödənilməlidir. Ekspertiza xərci – 100 (yüz) manat Cavabdeh və QSC «Bank Standard» KB-dan birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 100/18/99/133/15 saylı kredit müqaviləsi üzrə 690.74 ABŞ dolları əsas borc, 298.06 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, 292.16 ABŞ dolları vaxtı keçmiş faiz borcu, cəmi 1330.96 (bir min üç yüz otuz ABŞ dolları, doxsan altı sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 112 (yüz on iki) manat dövlət rüsumu tutularaq iddiaçı QSC «Bank Standard» KB -yə ödənilsin. Ekspertiza xərci – 100 (yüz) manat Cavabdeh və QSC «Bank Standard» KB-dan birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar