Məhkəmə qərarları › İş №e-2(010)-106/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-106/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-106/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2658,56 manat bundan-438,31 manat əsas, 1184,60 manat faiz, 972,17 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 63,48 manat faiz borcu və iş üzrə ödənilmiş 46,59 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 26,5% dərəcəsi ilə ödəmək şərti ilə 1420 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 280014554/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər sənədin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və zaminlər qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1418,10 (bir min dörd yüz on səkkiz dollar, 10 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana 1420 ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği Sazişin qüvvəyə mindiyi tarixə Bankın mövcud məzənnəsinə uyğun olaraq konvertasiya edilməklə 2016 AZN təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış sonuncu xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Kredit Restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1828,03 AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilinəsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********783 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsalar Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2658,56 AZN təşkil edir. Bundan 438,31 manat əsas, 1184,60 manat faiz, 972,17 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 63,48 manat faiz borcu təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Xətai filialı Cavabdeh1 illik 26,5% ödənilməsi şərti ilə 18 ay müddətinə 1420 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.20154-ci il tarixli ZM-280014554 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən "xxxx" ASC-nin Cavabdeh1 verdiyi kreditin qalıq məbləği 1418.1 ABŞ dolları müəyyən edilmişdir, kreditin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi üzrə əlavə sazişə əsasən zamin Cavabdeh2 əlavə sazişlə tanış olduğunu və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən "xxxx" ASC-nin Cavabdeh1 verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 2016 manat müəyyən edilmişdir, kreditin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişə əsasən "xxxx" ASC-nin Cavabdeh1 verdiyi kreditin qalıq məbləği restrukturizasiya edilməklə 1828,03 manat müəyyən edilmişdir, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə 2 saylı əlavə sazişə əsasən zamin Cavabdeh2 əlavə sazişlə tanış olduğunu və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 banka 438,31 manat əsas, 1184,60 manat faiz, 972,17 manat cərimə, 63,48 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 2658,56 manat borcu var. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 9/8079 nömrəli ekspertiza rəylərindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixdə bağlanmış ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə saziş № 2-də qeyd olunan şərtləri nəzərə almaqla Cavabdeh1 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə (maliyyə arayışının tarixinə) 1302,78 manat: əsas borc üzrə 542,64 manat, faiz borcu üzrə 576,50 manat, borcu (illik 5 faizlə hesablanmaqla) 183,64 manat. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu məcəllənin 449.1.-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC Cavabdeh1 illik 26,5% ödənilməsi şərti ilə 18 ay müddətinə 1420 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən "xxxx" ASC-nin Cavabdeh1 verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 2016 manat müəyyən edilmişdir, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər borcun ödənilməsi barədə xəbərdar edilsələr də, bu günə qədər borcun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişlər. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə həmçinin iddianın 972,17 manat penya məbləğinin tutulması hissəsinə münasibətdə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 50 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh(lər)ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 438.31 manat əsas, 576,50 manat faiz, 50 manat cərimə borcu, 63,48 manat illik 5 % hesablanmış faiz borcu, ümumilikdə 1128,29 (bir min yüz iyirmi səkkiz manat, iyirmi doqquz qəpik) manat və 46,59 (qırx altı manat, əlli doqquz qəpik) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 438.31 manat əsas, 576,50 manat faiz, 50 manat cərimə borcu, 63,48 manat illik 5 % hesablanmış faiz borcu, ümumilikdə 1128,29 (bir min yüz iyirmi səkkiz manat, iyirmi doqquz qəpik) manat və 46,59 (qırx altı manat, əlli doqquz qəpik) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar